Accessibility links

Castin Roy: İran etnik azlıq siyasətini dəyişməlidir [Video-müsahibə]


Qərb dövlətləri və İran arasında razılığın əldə edilməsi İslam respublikası üçün iqtisadi imkanların açılmasi kimi dəyərləndirilir. Sanksiyaların aradan qaldırılması ölkə iqtisadiyyatının inkişafina təkan verəcək. Müşahidəçilər eyni zamanda, razılığın əldə edilməsindən sonra yaranmış şəraitdə ölkə daxilində siyasi dəyişikliklərin mümkün olub-olmaması ilə bağlı suallar verir. Təhlilçi Castin Roy Amerikanın Səsinə müsahibədə İranda yaşayan etnik qruplar haqda tədqiqatı və İranla razılığın ölkədə daxili siyasi vəziyyətə mümkün təsirlərindən danışıb.

Dilşad Əliyarlı: İranla nüvə proqramına dair əsaslı razılıq əldə edildi. Lakin razılığın uğurlu olub-olmayacağı, ya da İranın davranışının dəyişə biləcəyi ilə bağlı şübhələr mövcuddur. Sizin razılıqla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

Castin Roy: İranın davranışı deyəndə nəyi nəzərdə tutduğumuza diqqət verməliyik. Burada söhbət İranın xarici siyasətindən gedir. İran nüvə razılığının əldə edilməsindən öncə yürütdüyü siyasəti davam etdirir. Bu da Suriyada Əsədə dəstək, İraqda şiə militantlara dəstək verməkdən ibarətdir. Bu siyasət dəyişməyib. Nüvə razılığına əməl olunmasına gıldikdə, onların buna müəyyən müddət əməl edəcəyini görə biləcəyik. Çünki onlar xarici investisiyalarda maraqlıdır və bu investisiyaların gətirə biləcəyi kapitalda maraqlıdır.

Dilşad Əliyarlı: İranlıların çoxu inanır ki, Tehranla dünya qüdrətləri arasında razılıq iqtisadiyyatın çiçəklənməsi və investorların İrana yenidən cəlb edilməsinə kömək edə bilər. Sizcə, razılıq İranda daxili siyasi vəziyyətə hansı təsir göstərə bilər?

Castin Roy: İqtisadi investisiyalara gəldikdə rejim Ruhani daxil olmaqla xalqa razılıq qüvvəyə mindikdə bütün sanksiyaların aradan qaldırılacağı ilə bağlı çoxsayda vədlər verirlər. Lakin bu, həqitətə uyğun deyil. Nüvə fəaliyyətilə bağlı tətbiq edilmiş sanksiyalar razılıqda nəzərdə tutulduğu kimi müəyyən müddət ərzində tədricən aradan qaldırılacaq. İkinci dərəcəli sanksiyalar isə qalmaqda davam edəcək. Bu da Amerika, Avropa və başqa ölkələrin şirkətləri üçün İranda biznes qurmaq işini çətinləşdirəcək. Çünki İran hökumətinin iqtisadiyyat üzərində nəzarəti güclü olaraq qalacaq və bu sanksiyalar aradan qaldırılmayacaq.

Dilşad Əliyarlı: Razılığın əldə edilməsinin İranda etnik azlıqlar, xüsusilə də azərbaycanlılar və onların İran siyasətində roluna hansı təsiri ola bilər?

Castin Roy: Etnik azlıqlar İranda xüsusilə də demokratik prosesdə rol oynamaqda davam edəcək. Hər dəfə islahatçılar qələbə çalanda bu ona görə baş verirdi ki, etnik azlıqlar seçkidə səslərini verməyə gedərək prosesdə iştirak edib. Biz belə görünür bir neçə ay Nəzarət Şurasının növbəti seçkidə kimin iştirakına icazə verdiyini gözləməli olacağıq. Əgər islahatçıların iştirakına icazə verilsə, o zaman xüsusilə də Ruhanin siyasi kursunu uğurlu şəkildə yürütməyə davam edə bilsə, biz çox sayda islahatçının seçiləcəyini gözləyə bilərik. Əgər bu baş verməsə, onda mühafizəkar parlament qalacaq. Bu, əsas etibarilə Nəzarət Şurasının islahatçıların seçkidə iştirak etməsinə icazə verib-verməməsindən asılı olacaq.

Dilşad Əliyarlı: Siz İranda azlıqlarla bağlı tədqiqat aparmısınız. Tədqiqatınızın əsas nəticələri nədən ibarətdir?

Castin Roy: Mən son 100 ildə İranın etnik azlıqları mövzusunu tədqiq etmişəm. Mən Rza şahın hakimiyyətə gəlməsindən başlayaraq elmi işimi 2013-cü ildə bitirənə qədərki dövr ərzində İran hökumətinin etnik azlıqlarla münasibətlərini araşdırmışam. İşimi seçkilərdən bir ay sonra bitirmişəm. Mən etnik azlıqlara münasibətdə ikili siyasətin yürüdülyünü müşahidə etdim. İslahatçılar etnik azlıqların böyük dəstəyini alır, çünki etnik azlıqlar buna onların səslərinin eşidilməsinin bir yolu kimi baxır. Lakin təəssüf ki, hökumətdəki mühafəzikarlar bu səylərin qarşısını alır. Mən tədqiqat işimdə bu məsələləri araşdırırdım.

Dilşad Əliyarlı: Suriyada vətəndaş müharibəsi və İraqda durumla əlaqədar regionda böhranlı vəziyyət yaranıb. İranın da Suriya və İraq kimi multi-etnik cəmiyyət olduğu nəzərə alınsa, siz İranda da belə dinamikanın yarana biləcəyini ehtimal edirsinizmi?

Castin Roy: Bu, mümkün ola bilər. İran hökuməti davamlı sabitliyə nail olmaq istəyirsə, müəyyən dərəcədə iqtisadi və ictimai azadlıqlara imkan verməlidir. Bu, xüsusilə də etnik azlıqlara aiddir. Əgər sabitliyə nail olmaq istəyirlərsə, proseslər indiki kimi davam edə bilməz. Yəni bi tərəfdən hökumətdə demokrat yönlü elementlər etnik azlıqların səs verib, prosesdə iştirak etməsini istəyir, lakin rejim, dini və hərbi establişment etnik azlıqları təqib edir. Əgər onlar lazımi islahatları həyata keçirməsə, biz etnik azlıqlarla gərginliyin artmasının şahidi ola bilərik. Bu da müşahidə etdiyimiz vəziyyətlərə gətirib çıxara bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG