Accessibility links

“Qafqaz hələ də “biz kimik?” axtarışındadır”


Qafqazın gələcəyi konfransı

Qafqazın gələcəyi konfransı

Məruzəçilər Ermənistan prezidentinin keçmiş baş məsləhətçisi Jerar Libaridiyan, Gürcüstanın Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli və Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyovdur.

Cənubi Qafqaz regionunun hərtərəfli inkişafı sülhdən asılıdır. Bütöv regionun inkişafı üçün inteqrasiya prosesi sürətlənməlidir. Akademik diskussiyalar keçirilməli, monoloqlardan dialoqlara keçmək lazımdır. Bakıda Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin, “Turkish Policy Quarterly” və “Caucasus İnternational” jurnallarının “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda həmçinin Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə, ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə edilib.


Konfransın əsas məruzəçiləri Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın keçmiş baş məsləhətçisi, 1991-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçi Jerar Libaridiyan, Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli və Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov regionda inkişafın və təhlükəsizliyin “biz kimik və hara gedirik” sualına necə cavab verməsindən asılı olduğunu önə çəkib.
“Qafqaz hələ də “biz kimik?” axtarışındandır. Reallıqlarla münaqişələr nəticəsində formalaşan davranışlar davam edir. “Biz ən ağıllıyıq və ən çox içənik!” şüarı ilə davranışlar Gürcüstana böyük bəlalar gətirdi. Bu gün isə başa düşmüşük ki, hər şey iqtisadiyyata və milli təhlükəsizliyə bağlıdır. Gürcüstan indi milli təhlükəsizliklə demokratiya arasında ortaq yol seçməyə çalışır”, - Aleksandr Rondeli qeyd edib.
Cənubi Qafqaz dövlətləri qonşudurmu və ya qonşuluq münasibətləri Cənubi Qafqaz ölkələri üçün nədir? sualı da ciddi müzakirə mövzusu olub. Müzakirələrdə Qafqaz dövlətləri arasında inteqrasiya tarixinə və bu günə nəzər salınıb. “Cənubi Qafqaz xalqları regionu bütöv görürmü, problemlərin həllinə vahid baxışa malikdirmi? Azərbaycan, Ermənistan və Gürcüstan yenə bütün problemlərinin günahkarı kimi qonşularını görür. Göründüyü kimi qonşuluq həm də regiona böyük problemlər gətirir. Hər üç ölkədə qanunun aliliyi daha çox millətçi olmaqdan keçir. Millətçilik isə demokratiya deyil. Dövlət siyasəti etnik arzularla üst-üstə düşəndə münaqişələr, müharibələr yaranır. Bütün bunlar həllini tapmalıdır”, - J.Libaridiyan bildirib.
Bütün çətinliklərə baxmayaraq, artıq Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi dönməzdir. Region dövlətləri və xalqları öz müstəqilliyini nə Moskvaya, nə də qərbə qurban vermək fikrində deyil. “Baxmayaraq ki, Azərbaycan və Gürcüstan qərbə inteqrasiya yolunu seçib, Ermənistanda isə Rusiya qoşunları var, iqtisadiyyatı Rusiyadan daha çox asılıdır”, - R.Musabəyov vurğulayıb.
Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemlərinə müxtəlif mövqelərdən yanaşılıb və bəzən müzakirələr qarşılıqlı debatlara da yol açıb.
“Nə qədər ki, Dağlıq Qarabağ problemi həllini tapmayıb Cənubi Qafqazda birlikdən, regionda təhlükəsizlikdən danışmaq lazım deyil. Biz, öz yurdundan qovulmuş 700 min azərbaycanlı evimizə dönəndən sonra regionda sülh və təhlükəsizlikdən danışmaq olar. Bu isə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsindən keçir”, - Dağlıq Qarabağın Azərbaycan icmasının fəalı Eyvaz Hüseynov xatırladıb.
Əsas məruzəçilər də münaqişələrin həllinin vacibliyini qeyd edib. “Regionda soyuq müharibə davam edir. Xüsusilə Dağlıq Qarabağda, Abxaziyada və Cənubi Osetiyada Rusiyanın müdaxiləsi dayandırılmalıdır. Cənubi Qafqaz münaqişələri iki dövlətin problemi deyil, hər üç dövlətin problemidir. Bu səbəbdən də ortaq mövqe tapmaq çətindir”, - J.Libaridiyan qeyd edib.
O, Dağlıq Qarabağ münaqişənin həllinin daha çox qarşılıqlı, ikitərəfli danışıqlardan keçdiyini deyib. ”Vasitəçilər gəlib gedir. Mən vasitəçilərə inanmıram. Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verməlidir. İcmalar danışmalıdır, əgər qarşılıqlı danışıqlar yoxdursa, tərəflər necə bir-birinə inana bilər. Prezidentlər bunu nəzərə almalıdır. Ehtiraslar və tələblər nəzərə alınmalıdır. Ortaq düstur, etibarlılıq formalaşmalıdır. Tərəflərin güzəştlərə getməsi şərtdir. Biz problemlərin arxasında gizlənməməliyik, problemləri həll etməliyik. Münaqişə həllini tapmalıdır, vaxt limiti tükənib” , - J.Libaridiyan əlavə edib.
R.Musabəyov isə Baltikyanı ölkələrlə Cənubi Qafqazın son 20 illik müstəqillik dövrünü müqayisə edib. “Baltikyanı ölkələr münaqişə əvəzinə əməkdaşlıq yolunu seçdi, birgə siyasət yürütdü. Onlar hazırda Avropa İttifaqının və NATO-nun üzvü kimi sakit inkişaf yolundandır. Cənubi Qafqaza gəlincə Sovet dövründə regionun əhalisinin və iqtisadiyyatının 40-45 faizi Azərbaycanda cəmləşmişdisə, indi əhalinin 60, iqtisadiyyatın 70, investisiyaların isə 90 faizi Azərbaycanda cəmləşib. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı qonşu dövlətlərə nisbətdə 5-6 dəfə artıb. Azərbaycanın inkişafı Gürcüstanın da iqtisadi inkişafına təkan verir. Azərbaycan və Gürcüstan münasibətləri qonşuluq üçün yaxşı nümunədir”.
O həmçinin artıq regiondan iki xarici siyasət oxunun keçdiyini xatırladıb. “Bu qərb-Türkiyə- Gürcüstan - Azərbaycan və Rusiya - Ermənistan-İran oxudur. Bu, Cənubi Qafqazda birliyin yaranmasına mane olur. Eyni zamanda, regionda qərbin və Türkiyənin siyasi nüfuzu və iqtisadi potensialı artmaqda davam edir. Gələcək riskləri qiymətləndirsək, bu Rusiya və İrandır. Rusiya şimalda qoşun toplamaqda davam edir. Risklər var ki, Qərb İrana girərsə Rusiya Gürcüstan vasitəsi ilə Ermənistana dəhliz açacaq”.
Regionda Azərbaycan və Gürcüstan sağ qalmasının yolu Qərbə inteqrasiyadan keçir. “Biz sağ qalmaq istəyirik. Ona görə də Qərbə inteqrasiya və demokratiya yolunu seçmişik. Gürcüstan müharibəsi Rusiyanın qisasçı olmasını bir daha göstərdi. Regionda hələ də Lenin və Stalin yaşayır. Abxaziyada Rusiya qoşunları var. Abxaziya Rusiya qəsəbəsidir. Rusiya burada işğalı genişləndirmək üçün gözləyir”, - A.Rondeli xatırladıb.
O əlavə edib ki, Qafqaz dövlətləri evində oturub bir-birinə neqativ enerji göndərməməlidir, münaqişələr həll edilməlidir: “Münaqişələr sağ qalmaq üçün mübarizədir. Qafqazın sağ qalması bu gün bir nömrəli problem olaraq qalır”.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə regionun son 20 ilinin nəticələrini “sunami və zəlzələ” kimi səciyyələndirib. “Bu zəlzələ və sunami Rusiyadır. Qafqazda evlərimizi, yurdlarımızı dağıdıb. Regionun çıxış yolu demokratiyadan keçir. Demokratiya və Qərbə inteqrasiya bərpa olunarsa Qafqazda da Avropada olduğu kimi sərhədlər simvolik xarakter daşıyacaq”, - o qeyd edib.
Konfransda müstəqillik illərində Cənubi Qafqaz ölkə hakimiyyətlərinin səhvləri də xatırladılıb. “Qamsaxurdiya dövrünün səhvləri Gürcüstana fəlakətlər gətirdi. Bu gün Gürcüstanın təhlükəsizliyinin əsas faktorlarından biri də bütün azlıqların problemlərini həll etməkdir. Bu həll edilmədən Gürcüstanın inkişafı yoxdur”, - Rondeli vurğulayıb.
J.Libaridiyan isə Ermənistan hökumətinin səhvlərini etiraf edib. Doğrudur suallar olsa da Levon Ter Petrosyan hökumətinin Azərbaycana qarşı işğalçılıq siyasətinin səhv olduğunu birbaşa təsdiq etməyib. “Levon Ter-Petrosiyan səhv edib. Bu səhv onun sülh istəyib, istefaya getməsi idi. Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistan zəif ölkədir. Azərbaycan hər zaman inkişaf edib və edəcək, Gürcüstan da inkişaf edəcək. Biz Levon Ter-Petrosyanla regionda davamlı inkişafı görürdük. Bütün hallarda inkişaf qonşularla yaxşı münasibətdən keçir. Ermənistan isə mühüm qonşu dövlətləri Türkiyə və Azərbaycanla münaqişə vəziyyətindədir. Mən deyə bilmərəm ki, kim güclüdür. Çünki müharibəni və zamanı proqnozlaşdırmaq mümkün deyil. Siz deyə bilərsiniz güclüsünüz, iqtisadiyyatınız inkişaf edir, neftiniz var. Münaqişələrdə heç də bunlar əsas rol oynamır. Zaman faktoru var. Münaqişə həllini tapmalıdır, zaman limiti çoxdan tükənib”, - o qeyd edib.
Konfransın sonunda Strateji Araşdırmalar Mərkəzi və Gürcüstanın Strateji və Beynəlxalq Fondu arasında “Qarşılıqlı anlaşma haqqında” memorandum imzalanıb.
XS
SM
MD
LG