Accessibility links

Cavad Cavadov: Nardaran əməliyyatında kifayət qədər qaranlıq məsələlər var [Video-müsahibə]


Taleh Bağırovun vəkilinin Amerikanın Səsinə müsahibəsi

Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində Nardaran hadisələri, Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun həbsi, işgəncə faktı və həbsdə olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: Nardaran hadisələri zamanı həbs edilmiş Taleh Bağırovun hüquqlarını müdafiə edirsiniz. Taleh Bağırov ittihamları qəbul edirmi?

Taleh Bağırovun ifadə azadlığına görə təqib olunması açıq-aşkar görsənir.

Cavad Cavadov: Taleh Bağırov ona verilən ittihamları qətiyyən qəbul etmir və özünü təqsirli bilmir. Mən Taleh Bağırovun 2013-cü ildən vəkiliyəm, 2013-cü il martın 30-da tutulan vaxtdan onun müdafiəsi ilə məşğulam. Onun həbs edilmə tarixçəsinə baxsanız, o 2011-ci ildə həbs edilib. Həbsdən azad edildikdən bir neçə ay sonra yenidən həbs edilib, 2013-cü ildəki həbsindən sonra da azad edildikdən bir neçə ay sonra yenidən həbs edildi. Onun həbs edilmə tarixçələrinə baxsanız və onun çıxışlarına baxsanız burada açıq-aşkar Taleh Bağırovun ifadə azadlığına görə təqib olunması açıq-aşkar görsənir. Biz Avropa Məhkəməsinə göndərdiyimiz şikayətlərdə də çalışmışıq bunu əsaslandıraq.

Amerikanın Səsi: Avropa Məhkəməsinə neçə şikayət göndəribsiniz?

Prokurorluq orqanlarının Taleh Bağırov tutulandan sonra yaydığı məlumat onun təqsirsizlik prezumpsiyasını pozur və biz bununla da bağlı Avropa Məhkəməsinə şikayət ünvanlayacağıq.

Cavad Cavadov: Avropa Məhkəməsində hazırda onun iki şikayəti var. İndi, bundan sonra artıq daha iki şikayət də əlavə olaraq göndərməyə hazırlaşırıq. Bildirmək istəyirəm ki, prokurorluq orqanlarının Taleh Bağırov tutulandan sonra yaydığı məlumat onun təqsirsizlik prezumpsiyasını pozur və biz bununla da bağlı Avropa Məhkəməsinə şikayət ünvanlayacağıq.

Amerikanın Səsi: Taleh Bağırovun Nardaranda saxlanılması zamanı və həbs yerindəki durumu ilə bağlı problemlər nədir?

Nardaranda da olan zaman dövlət orqanları onu dəvət etsə idilər o könüllü olaraq gələsi idi. Lakin, mənim zənnim belədir ki, onun könüllü gəlməsi görünür ki, kimlərəsə əl vermirdi.

Cavad Cavadov: Taleh Bağırov son olaraq həbsdən çıxdıqdan sonra, o bir dəfə Yevlax rayonunda polis idarəsinə aparılıb, könüllü olaraq gedib. Polis onun mouzə söylədiyi məscidə gəlib, onu aparmaq üçün, o könüllü olaraq getmişdi. Ondan sonra o Milli Təhlükəsizlik Nazirliyinə çağırılmışdı və orada onunla söhbət olunmuşdu. O həmin idarəyə də könüllü olaraq getmişdi. Bundan sonra, o Bakının Yasamal rayon Polis İdarəsinə çağırılmışdı və oraya da könüllü olaraq getmişdi. Taleh Bağırov dəfələrlə çıxışlarında da bildirirdi ki, onların fəaliyyəti sivil, dinc, bütün qanunvericiliyin tələblərinə əsaslanır. Nardaranda da olan zaman dövlət orqanları onu dəvət etsə idilər o könüllü olaraq gələsi idi. Lakin, mənim zənnim belədir ki, onun könüllü gəlməsi görünür ki, kimlərəsə əl vermirdi. Bu qaydada bir əməliyyat keçirildi və bu əməliyyatda da müdafiə tərəfi olaraq bizim üçün kifayət qədər qaranlıq məsələlər var. Ona görə də bunun hamısını biz Taleh Bağırovun həbs tarixçəsinin davamı hesab edirik. Onun ifadə azadlığının pozulmasıdır, məhz çıxışlarına görə həbsinin davamı kimi hesab edirik.

Amerikanın Səsi: Nardaranda baş verənlərin əsl səbəbləri nədir? Verilən ittihamlarla reallıqlar bir-birini tamamlayırmı?

Nardaran hadisələrinin əsl səbəbləri artıq bir az siyasi məsələdir deyə, mən bu mövzuya keçmək istəmirəm.

Cavad Cavadov: Müdafiəçi olaraq birmənalı olaraq hesab edirik ki, bu həbs Taleh Bağırovun əvvəlki həbsləri kimi əsassız sübutlara istinadən olub. Biz bunu da sübut etməyə çalışacağıq. Yəni, Nardaran hadisələrinin əsl səbəbləri artıq bir az siyasi məsələdir deyə, mən bu mövzuya keçmək istəmirəm. Ona görə də sırf müdafiə taktikası olaraq yanaşıram və Taleh Bağırov özünü təqsirli bilmir. Taleh Bağırov heç kimə qarşı silah işlətməyib, dövlət əleyhinə heç bir çıxış səsləndirməyib, dövlətin qanuni quruluşunun dəyişdirilməsi ilə bağlı çıxışları olmayıb. Onun fəaliyyəti kifayət qədər şəffaf olub. Yəni Taleh Bağırovun bütün çıxışları internet resurslarında yerləşdirilib. Onun çağırışlarının hamısı öz səhifəsində əks olunur. Bu ittihamları qətiyyən qəbul etmirik.

Amerikanın Səsi: İstintaq hərəkətləri aparılırmı?

Onun burnu hal-hazırda da sınıq vəziyyətdədir.

Cavad Cavadov: Taleh Bağırov tutulma zamanı o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Daxili İçlər Nazirliyinin idarəsidir-red ) gətirilib. Həbs edilərkən, orada saxlanılarkən ilkin mərhələdə ona ağır işgəncələr verilib. Mən özüm şəxsən Apellyasiya Məhkəməsində o işgəncələrin izlərini görmüşəm. Kifayət qədər ağır bir işgəncə izləri idi. Bununla bağlı biz məhkəmə nəzarəti qaydasında verdiyimiz şikayət artıq xeyli müddətdir ki, ləngiyir, baxılmır. Amma, bir həftə əvvəl olan son məhkəmə iclası zamanı Taleh Bağırov həmin işgəncələrlə bağlı ətraflı danışdı. Hansı qaydada ona işgəncə veriblər, işgəncənin məqsədi nə idi? Kimlərinsə əleyhinə ifadə almaq. Bu səbəbdən də biz işgəncə ilə bağlı məsələni məhkəmə müstəvisində sübut etməyə çalışırıq. Lakin bu asan deyil. Çünki işgəncəni müəyyən etmək üçün isti-isti operativ olaraq tibbi müayinə, məhkəmə-tibb ekspertizası keçirilməli idi. Onun burnu hal-hazırda da sınıq vəziyyətdədir. Yəni məhkəmə-tibb ekspertiza, müayinə keçirilmir. Yenə də biz hüquqi müstəvidə işimizi aparmağa çalışırıq.

Amerikanın Səsi: Rəsmi məlumatlara görə Nardaran hadisələrindən sonra 68 nəfər həbs edilib. Həbs edilənlərin hüquqlarının müdafiəsi hansı səviyyədədir? Onların hüquqları müdafiə olunurmu?

Məndə olan məlumata görə, hətta dövlət tərəfindən təyin olunan vəkillərlə bağlı prosedurda da problem var.

Cavad Cavadov: Həmin şəxslərin hüquqlarının müdafiəsi yetərincə deyil. Ümumiyyətlə Azərbaycanda vəkillərin sayı buna imkan verir. Amma, məndə olan məlumata görə, hətta dövlət tərəfindən təyin olunan vəkillərlə bağlı prosedurda da problem var. Bir problem də var. Məsələn, mən vəkil olaraq digər şəxslərin müdafiəsinə qoşula bilmirəm. Çünki qoşulsam prokurorluq orqanı məni müdafiədən təmiz kənarlaşdıra bilər. Zənnimcə, onların müdafiəsi hələ yaxşı, məni qane edəcək səviyyədə deyil.

XS
SM
MD
LG