Accessibility links

Cavad Cavadov: İlahiyyatçıya qarşı irəli sürülən ittihamı təsdiq edən heç bir fakt yoxdur


Cavad Cavadov
Cavad Cavadov

Hüquqlarını müdafiə etdiyim, tanınmış ilahiyyatçılardan olan Ceyhun Cəfərov artıq bir ildən artıqdır ki, həbsdədir və ona heç bir əsası olmayan, qondarılmış Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İttihamın əsasını təsdiq edəcək heç bir sübut yoxdur. Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində yazıb.

Vəkil yazır ki, Ceyhun Cəfərovun rəhbərliyi ilə “Təkamül” tərcümə mərkəzi yaradılıb. Tərcümə elədiyi ən məşhur kitablar: 20 cildən 7-si tərcümə olunan “Əl-Mizan” təsviri (müəllif: Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai), “İslamda əxlaq” (müəllif Ayətullah Məhəmmədrza Məhdəvi Kəni) və onlarla digər kitabların tərcümə müəllifidir. Eyni zamanda o bütün islam dünyasında böyük uğur və rəğbət qazanmış, yerli SPACE telekanalında yayımlanmış “Həzrəti Yusif” filminin Azərbaycan dilinə dublyaj olunmasında iştirak edib. Bundan başqa o bir sıra başqa filmlərin dublyaj olunmasında iştirak edib.

Həmçinin o bir sıra saytların yaradıcısı idi: "quranevi.az", "tekamulteam.az", "islamaz.com" və "imamzaman.az".

Vəkil bildirir ki, Ceyhun Cəfərovun məqsədi ənənəvi islam dininin insanlara çatdırılması və radikal dini təriqətlərə qarşı mübarizə olub.

“2008-ci ildə o Azərbaycan İslam Universitetini btirib. Azərbaycan dilindən başqa, rus, ərəb, fars dillərini bilir.

Ceyhun Cəfərov 10 mart 2015-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb.

“10 martda o öz ayağı ilə, öz avtomaşınında nazirliyə gəlir, telefonunu idarənin qəbul bölməsində qoyur. Dindirmədən sonra saxlanılır və iki gündən sonra barəsində həbs qətimkan tədbiri seçilir. Casusluqda ittiham olunan şəxsin öz ayağı ilə, öz maşınında (maşınında komputeri, İpade-si, bütün yazı qeydləri) gəlməsi onun hər hansı çəkinəcək yerinin olmamasının göstəricisidir”, Cavadov qeyd edir.

Bir ildən artıq müddətdə Ceyhun Cəfərovun barəsində həbs qətimkan tədbiri dörd dəfə uzadılıb.

”İstintaq orqanı elan olunmuş qondarma ittihamı təsdiq edəcək heç bir sübut ortaya qoymur, verdiyimiz bütün vəsatətlər rədd olunur”, o bildirir.

Vəkil yazır ki, Azərbaycanın Baş Prokurorluğundan bu işin nəzarətə götürülməsinə dair verdiyi şikayətlər də nəticəsiz, hətta cavabsız qalıb.

“Bunlardan belə təsəvvür yaranır ki, prokurorluq orqanlarının Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq idarəsi üzərində nəzarəti yoxdur. İnanıram ki, bu belə deyil. Məcburam mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edəm. Cənab Baş Prokuror: xahiş edirəm Ceyhun Cəfərov barəsində olan cinayət işini tələb edib, nəzarətə götürəsiniz və istintaq aparılması üçün başqa istintaq orqanına həvalə edəsiniz”, vəkil media vasitəsi ilə baş prokurordan xahiş edir.

Öz növbəsində, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti vəkilin müraciətinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG