Accessibility links

www.7gun.az xəbər portalının redaktoru, 5 il müddətinə azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva ABŞ-ın Bakıdakı səfirliyində görüş keçirib.

“Səfirliyin siyasi məsələlər üzrə attaşesi Ulyam Solley məni qəbul edərək dinlədi”, - Z.Şirəliyeva Turan agentliyinə bildirib. O qeyd edib ki, oğlu peşə fəaliyyətinə görə təqib edilib və ona qarşı cinayət işi saxtalaşdırılıb.

“Məhkəmə prosesi göstərdi ki, onun işi saxtalaşdırılıb və ittihamı sübut edən dəlillər məhkəməyə təqdim olunmayıb”, o vurğulayıb.

Z.Şirəliyeva qeyd edib ki, səfirlik bu iş üzrə vəziyyəti izləyir.

Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov ilə əlbir olaraq, Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olduğu haqqında nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur.

Ş.Xankişiyeva iddia edib ki, C.Şirəliyevin həbsindən əvvəl ona 700 manat verib.

C.Şirəliyevin vəkili Zabil Qəhrəmanov bildirib ki, jurnalistə qarşı cinayət işi saxtalaşdırılıb.

İşin saxtalaşdırılmasına dəlil kimi vəkil “jurnalistin “ortağı” Asif Orucovun heç cür “cinayətdə” iştirak edə bilməyəcəyinə” diqqət çəkib. “Çünki 2012-ci il aprelin 11-dən 2013-cü il oktyabrın 19-na qədər A.Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkib. İyunun 1-dən 30-na qədər A.Orucov hər gün cəzaçəkmə yerində qeydiyyatdan keçib. Bundan başqa iyunun 10-da o, intizamı pozduğuna görə cəzalandırılıb, iyunun 20-də yenə cəzalandırılıb və 5 gün müddətinə cəza təcridxanasına salınıb.

İbtidai istintaq zamanı müdafiə tərəfi mobil operatorlardan C.Şirəliyevin Ş. Xankişiyeva ilə telefon söhbəti olmadığını təsdiq edən telefon zənglərin siyahısını təqdim edib.

Eyni zamanda, Vergilər Nazirliyi nəzdində Vergi Cinayətləri üzrə İbtidai İstintaq Departamenti 2015-ci il yanvarın 15-də rəsmi olaraq istintaqa məlumat verib ki, 2013-cü il dekabrın 31-nə qədər Tovuz rayonunun Qovlar qəsəbəsində “Tatar” adlı kafe fəaliyyət göstərməyib və vergi orqanlarında Ş.Xankişiyevanın hansısa obyektin icarəçisi olduğu haqqında məlumat yoxdur. Yerli sakinlər də belə bir adda kafe olmadığını təsdiq ediblər. Hətta akt tərtib edilib.

Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrında C. Şirəliyev Gürcüstanla “Qırmızı körpü” sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.

Vəkil Z.Qəhrəmanov Turan-a bildirib ki, birinci instansiya məhkəməsi C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr bir nəfərin - ədalətli mühakimə ilə problemi olan Ş. Xankişiyevanın bəyanatı üzərində qurulub.

Show comments

XS
SM
MD
LG