Accessibility links

Cəbhədə gərginlik – iki hərbiçi həlak olub


Cəbhə xətti
Cəbhə xətti

Bir əsgər isə ağır yaralanıb

Azərbaycan-Ermənistan cəbhəsində gərginlik davam edir. Gecə saatlarında Azərbaycan ordusunun iki hərbiçisi həlak olub, biri isə ağır yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində Azərbaycan ordusunun müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlarından birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Xəbərdə deyilib ki,Ermənistan tərəfi itki verərək geri çəkilib.

Nəticədə Silahlı Qüvvələrin kapitanı Fikrət Məmmədov şəhid olub.

Eyni zamanda Ermənistan Silahli Qüvvələri tərəfindən atılan snayper atəşlərindən gizir Xudaverdi Abilov şəhid olub, əsgər Mehman Mirzəzadə isə ağır yaralanıb.

Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib.

Hazırda əsgərin vəziyyəti ağırdır, həkimlərin nəzarəti altındadır.

Mətbuat xidməti bildirir ki, “hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət sabitdir və Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”.

Ermənistan tərəfi gərginliklə bağlı hələ məlumat yaymayıb.
XS
SM
MD
LG