Accessibility links

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərinə basqın etməyə cəhd göstərib.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni hərbi bölmələrini qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıb. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.

Döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bir giziri yaralanıb.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və erməni qüvvələrinin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Mətbuat xidməti həmçinin xatırladır ki, son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışır.

Erməni tərəfi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Bu gərginlik ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin cəbhədə gərginliyin aradan qaldıdrılması ilə bağlı çağırışından bir neçə saat sonraya təsadüf edir. Həmsədr dövlətlər münaqişənin müharibə yolu ilə həllinin olmadığını qeyd edərək Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda gözlənilən görüşünü dəstəklədiyini bildirib. Azərbaycan tərəfi görüşə razılıq verib və münaqişənin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bəyan edib.

“İlk növbədə Ermənistan qoşunları Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisindən çıxarılmalıdır”, Azərbaycan prezidenti İlham Əliyev qeyd edib.

XS
SM
MD
LG