Accessibility links

Ermənistan tərəfi Azərbaycan ordusu ilə döyüşlər zamanı 18 hərbçisini itirib. 35 nəfərin isə yaralandığı bildirilir.

"Meduza"nın xəbərinə görə bunu Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Təhlükəsizlik Şurasının iclasında deyib.

“Hesab edirəm ki, Xarici İşlər Nazirliyi Qarabağdan olan həmkarlarımızla müştərək hərbi yardım haqda razılıq hazırlamalıdır," deyə prezident Sarkisyan bildirib. “Ermənistan Respublikası Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyini qorumaqda öhdəlik götürüb; 1994-cü ildə imzalanmış atəşkəsə tərəf olaraq bizim bunun üçün hüquqi əsasımız var.”

Ermənistan tərəfi vurulmuş Azərbaycan helikopterinin şəklini yayıb.

Ermənistan tərəfi vurulmuş Azərbaycan helikopterinin şəklini yayıb.

Panarmenian.net saytının verdiyi məlumata əsasən Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Hovanissyan şənbə günü vurulmuş Azərbaycan helikopterinin və həlak olan ekipaj üzvlərinin şəkillərini Facebook səhifəsində paylaşıb.

Ermənistan hərbçiləri döyüşlər əsnasında iki Azərbaycan hərbi helikopterini sıradan çıxardıqlarını deyirlər. Bunlar təmas xəttinin şimal və cənub-şərq sektorlarında baş verib.

Erməni tərəfi əlavə olaraq 4 Azərbaycan tankının vurulduğunu və iki pilotsuz təyyarənin sıradan çıxarıldığını iddia edir.

***
Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı ən son bəyanatda deyilir ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirilir.

"Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub" - deyə MN-nin bəyanatında bildirilir.

Nazirlik habelə Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən alındığını açıqlayıb.

Bəyanatda deyilir ki, Horadiz şəhərinin erməni qüvvələrinin təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır:

Bəyanatda deyilir: "Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb".

Müdafiə Nazirliyinin rəhbərliyi döyüşlərdə həyatı itirən hərbi qulluqçuların yaxınlarına və ailələrinə başsağlığı verib. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.

Müdafiə Nazirliyi habelə bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, vurulacaq zərbələr "daha ağır və sarsıdıcı" olacaq.

****

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

Erməni tərəfi müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

***

Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.

APA agentliyinin məlumatına görə, ermənilərin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdam rayonunun Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.

***

Azərbaycan Müdafiə Nazirliyi aprelin 2-nə keçən gecə Qarabağ cəbhəsi boyunca genişmiqyaslı hərbi əməliyyatların olması barədə məlumatları təsdiqləyib. Əməliyyatlar zamanı artilleriyadan istifadə edilib.

Buna erməni tərəfinin Azərbaycan yaşayış məntəqələrini atəşə tutması səbəb olub. Erməni tərəfinin fəallığının qarşısının alınması və genişlənməsinə yol verməmək üçün komandanlıq cavab tədbirlərinin görülməsi barədə qərar verib.

Nazirliyin məlumatına görə, cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Öz növbəsində Ermənistan mediası Ermənistan Müdafiə Nazirliyinə istindaən erməni bölmələrinin ön mövqelərinin və şimal-şərq istiqamətində arxa hərbi hissələrin minaatan və artilleriya atəşinə tutulduğunu, cavab tədbirlərinin görüldüyünü bildirib.

Qeyri-rəsmi mənbələrə görə, tərəflər zirehli texnika və aviasiyadan istifadə edirlər.

XS
SM
MD
LG