Accessibility links

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin cavab tədbirləri daha amansız olacaq (Yenilənib)


Tovuz rayonunun Əlibəyli kəndi

Tovuz rayonunun Əlibəyli kəndi

Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb.

“Ermənistan silahlı qüvvələrinin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür”, mətbuat xidməti qeyd edir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb.

“Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı, ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri isə daha ciddi, qətiyyətli və amansız olacaqdır”, nazirlik qeyd edir.

***

Son sutka ərzində Azərbaycanın qərb sərhədlərində Ermənistanla silahlı qarşıdurma olub. Davamlı atışma əsasən Qazax (Bakıdan 500 kilometr qərb) və Tovuz (Bakıdan 450 kilometr qərb) rayonlarının Ermənistanla sərhəd məntəqlərini əhatə edib.

Yerli mənbələrdən Amerikanın Səsinə daxil olan məlumatlar görə, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Ordusu mülki əhalini iriçaplı pulemyotlardan və mina atanlardan atəşə tutub. Kənd sakinlərindən bir neçə nəfər yaralanıb, bir ev yanıb, yüzdən çox evə ziyan dəyib.

Ümumilikdə atışma bir neçə saat davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Fərid Ağayev həlak olub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən yazır ki, atışma nəticəsində bir hərbi qulluqçu öldürülüb, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndləri ziyan çəkib, atəş nəticəsində qaz kəməri partlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son gün ərzində bütün cəbhə boyu atəşkəs 86 dəfə pozulub.

XS
SM
MD
LG