Accessibility links

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra ermənilər avtomatlarını və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

Mətbauat xidmətinin ilkin məlumatına görə, erməni diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən atəşkəs rejiminin ciddi şəkildə pozulduğunu təsdiq edir. Amma, itkilər barədə məlumat vermir.

Xatırladaq ki, son günlər cəbhə xəttində gərginlik davam edir. Tərəflər mülki şəxslər də daxil olmaqla itki və yaralıların olması barədə məlumatlar verir.

Cəbhədə gərginliyin artmasının başlaması Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə eyni vaxta təsadüf edir.

Hazırda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi gərginliyin azaldılması istiqamətində tərəflərlə danışıqlar aparır.

XS
SM
MD
LG