Accessibility links

Dekabrın 19-da gündüz və gecə saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə ermənilərin təxribat törətmək cəhdlərinin qarşısını alaraq onların atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan zərbələr endirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. “Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib”, mətbuat xidməti qeyd edir.

Müdafiə Nazirliyi bildirir ki, döyüş toqquşmasında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İbrahim Nurməmmədzadə həlak olub.

Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə nəzarət etməklə ermənilərin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

Erməni tərəfi cəbhədəki son durumla bağlı hər hansə məlumat yaymayıb. Ermənistanın rəsmi qurumları Azərbaycan və Ermənistan prezidentinin dekabrın 19-da Berndə keçirilən görüşünə geniş yer verib. Rəsmi Ermənistan ümid edir ki, cəbhədə gərginliyin aradan qaldırılması üçün etimad olmalıdır.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri başlayıb.

İki ölkə prezidentinin görüşündən sonra yenidən cəbhədə ağır silah və texnikalardan istifadə ilə bağlı yeni məlumat yayılıb.

XS
SM
MD
LG