Accessibility links

Martın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonu (Bakıdan 500 kilometr qərb) ərazisində Azərbaycanın dövlət sərhədini pozaraq ölkənin ərazisinə daxil olmağa cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Mətbuat xidməti erməni tərəfinin itkilərə məruz qaldığını və geri çəkilməyə məcbur edildiyini bildirir. Döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti Qalib Zülfüqarlı və əsgər Qəfərli Hacıyev həlak olub.

Müdafiə nazirinin əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunların nəzarəti altındadır. “Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır,” nazirlik qeyd edir.

Rəsmi Yerevan sərhəddə baş verənlərlə bağlı hələ məlumat yaymayıb. Ermənistan mediası rəsmi mənbələrə istinadən yalnız martın 26-da Azərbaycanın dövlət sərhədinin Qazax rayonu istiqamətinə yaxın ərazidə Ermənistan Ordusunun bir hərbçisinin yaralandığı barədə məlumat yayıb.

Panarmenian.net xəbər agentliyinin yaydığı başqa məlumata əsasən martın 26-da Azərbaycan ordusu Ermənistanın Tavuş rayonunun Berkaber kəndini atəşə tutaraq Norik Alixanyan adlı mülki vətəndaşı yaralayıb.

Son günlər cəbhə xəttində yenidən vəziyyət gərginləşib. Bir gün öncə də qoşunlar arasında döyüş toqquşması haqqında məlumatlar yayılıb. Hər iki tərəfin itkiləri olub.

XS
SM
MD
LG