Accessibility links

Cəbhədə son durum, gərginlik davam edir


Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri

Raket və Artilleriya Qoşunlarının döyüş atışlı təlimləri

Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqeləri 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.

Mətbuat xidməti bildirir ki, Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.

Aprelin 5-də Rusiya paytaxtı Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib. Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə edib.

Mətbuat xidməti həmçinin bildirir ki, erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.

“Bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir”, mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrin cavab tədbirləri daha sərt olacaqdır.

Öz növbəsində, Ermənistan mediası rəsmi qurumlara istinadən Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğu barədə məlumat yayıb.

Erməni rəsmi mənbələri aprelin 1-dən 6-dək 32 hərbçisini itirdiyini və 25 hərbçinin itkin düşdüyünü bildirib. Erməni tərəfi 121 hərbçinin yaralandığını deyir.

XS
SM
MD
LG