Accessibility links

Ceff Qoldstin: Azərbaycan özünü Qərbin dostu hesab etmir [Video]


Ceff Qoldstin: Azərbaycan özünü Qərbin dostu hesab etmir
please wait

No media source currently available

0:00 0:05:36 0:00

Ceff Qoldstin: Azərbaycan özünü Qərbin dostu hesab etmir

Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Amerikanın Səsinə müsahibə verib

Vaşinqtonda qərargahlanan Açıq Cəmiyyət Fondu uzun illər Azərbaycanda fəaliyyət göstərərək demokratiyanın inkişafı üçün qrant layihələri həyata keçirib. Ancaq fond Azərbaycanda başlanan cinayət işi ilə bağlı son bir ildə faəliyyətini dondurub. Fondun Avrasiya üzrə baş siyasi təhlilçisi Ceff Qoldstin Amerikanın Səsinə müsahibəsində ittihamları absurd adlandırıb. Onun sözlərinə görə, ölkədə vəziyyət bu istiqamətdə davam etsə, Azərbaycan vəziyyətin ən pis olduğu ölkələr sirasına daxil olacaq. Təhlilçi deyir ki, hazırda Azərbaycan və ya hakimiyyətdəki bir neçə mühüm şəxs özünü Qərbin dostu hesab etmir. Ceff Qoldstinlə müsahibəni təqdim edirik:

Amerikanın Səsi: 10 ballıq sistemlə, Azərbaycanda insan haqlarının hazırki vəziyyətini necə xarakterizə edərdiniz?

Ceff Qoldstin: Mən rəqəmli reytinqlərin tərəfdarı deyiləm, çünki onlar bəzən mürəkkəb vəziyyəti çox sadə göstərə bilər. Fikrimcə, Azərbaycanda vəziyyət çox pisdir və gündən-günə daha da pisləşir. Biz bütün müstəqil vətəndaş cəmiyyəti, siyasi müxalifət və medianın tamamilə bağlanmasına mümkün cəhdləri görürük. Bu istiqamətdə davam etsə, bu, Azərbaycanı vəziyyətin ən pis olduğu ölkələr sirasına daxil edəcək. Tam əmin deyiləm ki, belə olacaq, amma bunun real olması mümkündür.

Amerikanın Səsi: Müşahidəçilər deyir ki, Azərbaycan Avropa Şurasına daxil olandan bəri ölkədə vəziyyət ciddi şəkildə pisləşib. Sizcə nə üçün?

Ceff Qoldstin: Mən bu ikisini bir-birinə bağlamazdım. Vəziyyət bir neçə il əvvəl prezident seçkilərindən dərhal sonra pisləşməyə başladı. O zaman ilk dəfə Konstitusiyaya dəyişiklik edilərək prezidentlik müddəti ləğv edildi. Daha sonra Avropa Oyunları ərəfəsində repressiyalar daha da artdı. Fikrimcə, hazırda regionda avtoritar rejimlər yalnız Yaxın Şərqdə deyil, həm də qonşuluqdakı Ukrayna, eləcə də Türkiyədə Taksim meydanında gördüklərindən narahat oldular. Belə hökumətlər təhlükəsizliklərinə hədə hiss edirlər. Onların legitim ictimai dəstəyi yoxdur. Ona görə də, onlar çətin zamanlarda müxalifətə qarşı basqıları mövqelərini müdafiə etmək yolu kimi görürlər.

Amerikanın Səsi: İnsan haqları pozuntularına baxmayaraq İlham Əliyev hökuməti Qərbin hər hansı sanksiyası ilə üzləşməyib. Əksinə, Azərbaycan Avropa Oyunları təşkil etməyə hazırlaşır. Bir neçə il əvvəl isə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdi. Dissidentlər bunları kürü siyasəti, Azərbaycan hökumətinin lobbiçilər vasitəsilə Qərbdə nüfuz qazanması ilə əlaqələndirirlər. Bununla razısınızmı?

Ceff Qoldstin: Əlbəttə ki, bu, onun bir hissəsidir. Ancaq məncə əlavə etməli çox şey var. Son bir neçə ildə Amerika və NATO-nun Orta Asiyadakı qoşunlarının təchizatla təmin olunmasında Azərbaycan Şimal Yardım Şəbəkəsinin mühüm bağlantısı olub. Fikrimcə, Qərb hökumətləri bu əlaqələri korlamaq istəməyib. İndi, Qərblə Rusiya arasında münaqişə artdığı üçün alternativ enerji mənbələrinin Avropaya çatdırılmasına artan tələbat var. Açığı, buraya Azərbaycan da daxildir. Ona görə də Qərb hökumətlərinin digər maraqlara diqqət yönəltməməsi üçün bir çox səbəblər var. Ancaq fikrimcə bu, çox qısamüddətli siyasətdir. Tarixə nəzər salsaq belə qısamüddətli siyasətlərin əks effektinin olduğunu və uzun müddətdə Qərbə ziyan vurduğunu göstərən çoxsaylı misal gətirmək olar. Çünki, Azərbaycan xalqı neft mövcud olduğu müddətdə Qərbin onların həyatını, hökumətin onlara münasibətini vecinə almadığını düşünə bilər. Bunun isə uzun dönəmdə çox pis fəsadları ola bilər?

Amerikanın Səsi: Qərbdə bəzi təhlilçilər və rəsmilər Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı və Avro-Atlantik məkanda mühüm oyunçu adlandırır. Siz Azərbaycanın hazırki hökumətini Qərbin dostu və ya tərəfdaşı hesab edirsinizmi?

Ceff Qoldstin: Əgər prezident administrasiyasının rəhbərinin yazdıqlarını oxusanız, fikrimcə görərsiniz ki, Azərbaycan və ya hakimiyyətdəki bir neçə mühüm şəxs özünü Qərbin dostu hesab etmir. Mənə maraqlıdır ki, səni dost görməyən ölkəni sən nə dərəcədə dost görməyə davam edə bilərsən. Bu, çox aşkardır ki, ən azı hakimiyyətdəki yüksək təbəqə arasında çox adam Qərblə əlaqələrin yaxşılaşmasına ehtiyac olmadığını düşünür. Çünki onlar inanır ki, Qərbin onlara başqa şeylərdə ehtiyacı olduğu üçün daxildə nə etsələr Qərb buna göz yumacaq. Fikrimcə isə Qərbin bu təxəyyüllərə son qoymasının vaxtı çatıb.

Amerikanın Səsi: Sizin təşkilat – Açıq Cəmiyyət Fondunun Azərbaycandakı fəaliyyəti nə yerdədir?

Ceff Qoldstin: Bizim uzun müddət Azərbaycanda qrant verən fondumuz olub. Ancaq keçən il IREX, NDI kimi digər Qərb təşkilatları ilə birgə əvvəlcə vergi müfəttişləri, daha sonra isə hüquq-mühafizə rəsmiləri tərəfindən absurd ittihamlarla araşdırmaya məruz qalmışıq. Nəticə etibarı ilə, ölkədə fəaliyyətimizi dayandırmaq prosesindəyik.

Amerikanın Səsi: Bəs onlar bu ittihamları nə ilə izah edirlər?

Ceff Qoldstin: Düşünmürəm ki, hazırda onlar kiməsə izahat vermək istəyindədirlər. Nə istəyirlər, onu da edirlər. Dediyim kimi ittihamlar tamamilə absurddur. Ancaq hamı bu ittihamlarla üzləşir. İttihamlara xəyanət, ermənilərlə əlaqə, qanunlarının pozulması daxildir. Çünki onlar elə qanunlar yaradıblar ki, qanunları pozmadan fəaliyyət göstərmək mümkün deyil. Fikrimcə burada məntiqi səbəb axtarmaq mümkün deyil. Onlar sadəcə qərara gəlib ki, bizim təşkilat da daxil olmaqla bu qurumları bağlasınlar.

XS
SM
MD
LG