Accessibility links


Britaniyanın Guardian qəzetində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin “Azərbaycan bu seçkidən Əliyev sülaləsinə son qoymaq üçün istifadə etməlidir” adlı məqaləsi dərc edilib.

“Hakimiyyət hazırkı prezident İlham Əliyevə 10 il bundan əvvəl atasından miras qaldığı üçün Azərbaycan qarşısı alınmayan korrupsiyada batıb qalıb və iqtidarda olan rejim daha avtoritar və qəddar olub. Ən əsas isə odur ki, Ermənistanla davam edən münaqişə həll olmayıb və Azərbaycan torpaqları işğal altında qalır”-deyə məqalə müəllifi yazır.


Sosial ədalətin bərpası və hamı üçün bərabər imkanların təmin edilməsi bizim başlıca prioritetlərimizdir

Prezidentliyə namizəd Cəmil Həsənli məqaləsində seçildiyi halda, demokratiya və qanunun aliliyinin bərqərar edilməsi üçün keçid hökumətində iki il müddətinə xidmət göstərəcəyini bildirib. "Korrupsiyaya və oliqarxların ölkə iqtisadiyyatına nəzarətinə son qoymaq, siyasi məhbusları azad etmək, prezidentin hakimiyyətini məhdudlaşdırmaq, parlamenti gücləndirmək, demokratikləşdirmə və Ermənistanla sülh prosesinin açılması müvəqqəti hökumətin qarşıya qoyduğu əsas məqsədlərdir. Sosial ədalətin bərpası və hamı üçün bərabər imkanların təmin edilməsi bizim başlıca prioritetlərimizdir"-deyə məqalədə qeyd edilib.


“Əliyev heç vaxt azad və ədalətli seçkidə qələbə qazanmayıb və bilir ki, bu seçkidə də qələbə çala bilməyəcək” yazan Cəmil Həsənli Azərbaycanda seçkilər və referendumların saxtalaşdırıldığını və pozuntularla müşayiət olduğunu bildirir. “Ölkədə seçki komissiyalarına nəzarəti ələ alan Əliyev rejiminin müstəqil media, müxalifət və vətəndaş cəmiyyətinə qarşı apardığı təqibləri intensivləşdirməsi beynəlxalq insan hüquqları təşkilatları və Avropa Ittifaqını narazılıq və narahatlıq doğuran bəyanatlar verməyə vadar edib. Azərbaycanın yoxsullaşmış rayonlarında bu yaxınlarda keçirilmiş etirazlar kobud qüvvə ilə qarşılaşıb”-deyə məqalədə yazılıb.


Geniş yayılmış korrupsiya və siyasi tərəfbazlıq tamamilə neft və qaz ixracatından asılı olan iqtisadiyyatı iflic vəziyyətinə salıb


Giardian qəzetinin məqaləsində deyilir ki, son illər ölkədə neft bumu Əliyev ailəsi və onun dostlarının zənginləşməsinə səbəb olub və rejim hakimiyyətdə qalmaq üçün əlindən gələni edəcək. Prezidentlyiə namizəd Cəmil Həsənli 2009-cu ildə mübahisəli referendum nəticəsində prezidentlik müddəti üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının Azərbaycan konstitusiyasına zidd olduğunu və prezident Əliyevin üçüncü müddətə seçilməsinin qeyri-legitim olduğunu yazıb.

“Mən Azərbaycanda demokratların bu seçkilərdə çətin bir vəzifə ilə qarşılaşdığını başa düşürəm. Lakin biz bu vəzifəni yerinə yetirməliyik. Çünki elita varlandığı halda, insanların böyük hissəsi neft bumundan çox az faydalana bilib”, - deyə Cəmil Həsənli qeyd edib.

Prezidentliyə namizəd Dağlıq Qarabağ münaqişəsinin həll olmadığını və yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıda bilmədiyini vurğulayıb. “Geniş yayılmış korrupsiya və siyasi tərəfbazlıq tamamilə neft və qaz ixracatından asılı olan iqtisadiyyatı iflic vəziyyətinə salıb. Milyardlarla neft gəlirlərinin boşuna getdiyi və təsərrüfatsızlıqda itirildiyi, lakin əsasən Əliev klanı tərəfindən oğurlandığı halda, Azərbaycan cəmiyyəti və dövlətin strukturu pozulub gedir. Mənim rəsmi etirazlarıma baxmayaraq, İlham Əliyev Azərbaycanın seçki qanununun tələb etdiyi kimi ailə üzvlərinin gəlir deklarasiyalarını təqdim etməyib”, - deyə Cəmil Həsənli qeyd edib.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki kampaniyası dövrü Azərbaycanda dəyişikliyə artan istəyin, ölkənin hər yerində gənc və yaşlı seçicilərdə daha yaxşı, daha azad gələcəyə ümidin artdığının şahidi olduğunu yazıb.
XS
SM
MD
LG