Accessibility links

Cəmil Həsənli: Maliyyə piratçılığı üzərində qurulan soyğunçuluq siyasəti gec-tez iflasa uğramalı idi


Cəmil Həsənli

Cəmil Həsənli

Demokratik Qüvvlərin Milli Şurasının sədri Cəmil Həsənli Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafındakı qalmaqalı şərh edib.

O, özünün Facebook səhifəsində yazıb ki, Avropa Oyunları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarənin iş adamlarına qarşı əməliyyatlarını arxa plana keçirsə də problem bu günə qədər öz həllini tapmayıb. Beynəlxalq Bank ətrafında gedən söz- söhbət, bankın fəaliyyətinin iflic edilməsi özünü kredit faizlərinin yüksək səviyyədə artmasında göstərdi.

Son bir həftə ərzində bir sıra banklar 35-40 faiz arasında kredit məzənnələrini elan etdilər. Bu, böyük fəlakətdir və ölkənin bank-maliyyə sektorunun ciddi böhranı deməkdir.

“Yalnız real həyatdan əlini üzmüş iş adamı, kiçik biznes sahibi, sosial sarsıntılarla üzləşmiş vətəndaş belə avantüraya ümid bəsləyə bilər”, C.Həsənli yazıb.

Əslində əvvəlki kredit dərəcələri də az deyildi. Məhz həmin kredit dərəcələri əhalinin kütləvi şəkildə bankların əsarətinə düşməsi ilə nəticələnmişdi. Qəribə bir mexanizm dövr edirdi. Yeni kreditlər köhnə kreditlərin bağlanmasına yönəldilirdi.

“Vaxtilə parlamentdə “Banklar haqqında” qanun qəbul ediləndə bu mexanizmin iflasa uğrayacağın demişdim. Hətta misal da çəkmişdim ki, belə kredit faizləri ilə adamlar normal iş, biznes qura bilməzlər.

Belə acınacaqlı vəziyyətin yaranması ölkənin bank sektorunun, kredit vəsaitlərinin əsasən hakim ailənin əlində cəmləşməsi ilə bağlı idi. Heç bir xüsusi zəhmət çəkmədən, iqtisadi mexanizm qurmadan pul alveri etməklə, sələmçiliklə əhalinin maliyyə asılılığına salınması prosesi gedirdi”, C.Həsənli yazıb.

“İndi bir para dövlət rəsmiləri Qərbin demokratiya tələblərinə qarşı bar-bar bağırırlar ki, biz müsəlman ölkəsiyik, ona görə bizi gözləri götürmür.

Sən necə müsəlman ölkəsisən ki, islamın qadağan etdiyi sələmçiliklə varlanır, müsəlman mənəviyyatına zidd olan pul alveri ilə məşğul olurdun. Maliyyə piratçılığı üzərində qurulan soyğunçuluq siyasəti gec-tez iflasa uğramalı idi”, - müəllif bildirib.

O qeyd edib ki, Azərbaycanda kreditor banklar hakim ailənin və digər vəzifəli şəxslərin əlində toplandığından bu dairələr nüfuzlu beynəlxalq bankların Azərbaycana gəlməsinə qadağa qoydular, nəticədə iş adamları, vətəndaşlar daha ucuz (7-8 faiz) kredit almaq imkanından məhrum oldular.

Dünya bazarında neft qiymətlərinin düşməsi Azərbaycanı öz məcrasına qaytardı. Fevral ayının 21-də manatın devalvasiyasının birinci qurbanı geniş əhali kütləsi oldu. Bir gecənin içində insanlar 34-35 faiz yoxsullaşdılar. Valyuta ilə kredit almış kiçik istehlakçılar, iş adamları böyük fəlakətlə üzləşdilər. Konstitusiya Məhkəməsi belə vəziyyətlə üzləşmiş vətəndaşların banklar qarşısında öhdəliklərinə qanuni xarakter verdi.

Digər tərəfdən, ölkəni bürümüş maliyyə böhranı Azərbaycan hakimiyyətinin heç bir iqtisadi təfəkkürünün olmadığını ortaya qoydu. Yaranmış maliyyə böhranından Beynəlxalq Bankın rəhbərliyinin qurban verilməsi hesabına çıxmaq cəhdi uğrsuzluğa düçar oldu.

Ola bilsin ki, hakimiyyətin Beynəlxalq Bankla bağlı hansısa planları var. Onu parçalamaq, perspektivsiz (pis) aktivləri hansısa banka ötürmək, bank üzərində dövlət qurumlarının nəzarətini gücləndirməklə onu özəlləşməyə hazırlamaq, sağlamlaşma adı altında ABB-də bəzi islahatlara cəhdlər ola bilər. Lakin indiki maliyyə böhranı və uğursuz iqtisadi mexanizm daxilində bu cəhdlərin uğur verəcəyinə ümid bəsləmək çətindir.

Maliyə-iqtisadi məsələlərin “bandotdel” vasitəsilə “həll edilməsi” iş adamlarının ölkədən kütləvi şəkildə axınına səbəb olacaq.

Ölkənin bank-kredit sektorunda qanunun gücü çatmayan, qanunla tənzimlənməyən çox ciddi problemlərin yaranması Azərbaycanı siyasi baxımdan səbatsız, iqtisadi baxımdan perspektivsiz, hüquqi baxımdan etibarsız ölkəyə çevirir”, C.Həsənli yazıb.

XS
SM
MD
LG