Accessibility links

Cəmil Həsənli Milli Şuranın ehtiyat vahid namizədi ola bilər


Cəmil Həsənli

Cəmil Həsənli

Amma, iki siyasi partiya rəhbəri Amerikanın Səsinə ehtiyat vahid namizəd ideyasını dəstəkləmədiyini bildirib

Milli Şuranın prezidentliyə ehtiyat vahid namizədi Cəmil Həsənli olacaq. Bu Amerikanın Səsinə Milli Şuradakı mənbələrdən bəlli olub.

Mənbənin dediyinə görə, Həsənlinin ehtiyat vahid namizəd olması barədə Milli Şurada təmsil olunan siyasi partiyalar razılığa gəlib və Cəmil Həsənli namizəd olmasına razılıq verib.

Cəmi Həsənli Bakı Dövlət Universitetinin doktorudur. Çoxsaylı kitabların müəllifidir. Əsərləri dünyanın bir çox dillərində dərc olunub və aparıcı universitetlərdə tədris olunur.

Həsənli Amerikanın Səsinə məlumatı təkzib və ya təsdiq etməyib.

“Saat 16-da keçiriləcək Milli Şuranın sessiyasını gözləyək” , deməklə o kifayətlənib.

Bununla yanaşı Milli Şuradakı digər mənbə prezidentliyə ehtiyat vahid namizəd kimi başqa şəxslərin də namizədliyinin irəli sürüləcəyini deyib.

Öz növbəsində, Milli Şurada təmsil olunan Acıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, ACP ehtiyat vahid namizəd müzakirəsində iştirak etməyib və etmək də niyyətində deyil.

“Çünki MŞ-nin vahid namizədi var və ehtiyat namizədin irəli sürülməsi Rüstəm İbrahimbəyovun seçkidə iştirakına kölgə salır. Bu hakimiyyətə imkan verir ki, ehtiyat namizədi qeydə alsın. Ehtiyat namizədin qeydə alınması isə seçkiyə demokratik don geyindirilməsidir” , o qeyd edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Cəmil Həsənlinin ehtiyat vahid namizəd kimi irəli sürülməsinin siyasi partiyalarla razılaşdırılmadığını bildirib.

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Amerikanın Səsinə deyib ki, bu gün Milli Şuranın sessiyasında ehtiyat vahid namizəd məsələsi müzakirə ediləcək.

“Ehtiyat vahid namizəd barədə isə yalnız sessiya qərar qəbul edə bilər. Ümid edirəm ki, nəticələr müsbət olacaq”, o qeyd edib.
XS
SM
MD
LG