Accessibility links

Cəmil Həsənli: 9 oktyabrda seçki saxtakarlığı total bir sistem olaraq tətbiq edilib [Video-Müsahibə]


Milli Şuranın sədri ATƏT/DTİHB-nin yekun hesabatına, Anar Məmmədlinin həbsinə münasibət bildirib, Milli Şuranın problemlərindən danışıb

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının Azərbaycanda 9 oktyabr prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatı, Anar Məmmədlinin həbsi və Milli Şuranın gələcək fəaliyyətindən danışıb.

Sual: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb. Necə qiymətləndirirsiniz, reallığı əks etdirirmi?

Cavab: ATƏT-in Varşava bürosunun bəyan etdiyi hesabat seçkini qeyri-legitim hesab etmək üçün yetərlidir. Amma seçki saxtakarlıqlarının bütün təfərrüatını əks etdirmir. Azərbaycanda seçki saxtakarlığı ATƏT-in müşahidə missiyasının qeydə aldığından daha dərindir, daha çoxşaxəlidir, daha mürəkkəbdir. Sözün tam mənasında 9 oktyabrda seçki saxtakarlığı total bir sistem olaraq tətbiq edilib. Müəyyən Avropa strukturları, yaxud yerli müşahidəçilər üçün bütün o mənzərəni yaratmaq çətindir.
Dövlətin seçkiyə cavabdeh olan qurumu ilə Statistika Komitəsinin bəyan etdiyi rəqəmlər arasında 1 milyon 600 min fərq var. Bu təxminən seçicilərin 35 faizi deməkdir.
Amma bununla bərabər müşahidə olunan, qeydə alınan pozuntular, saxtakarlıqlar seçkini qeyri-legitim hesab etmək üçün kifayət edir. ATƏT-in rəyində də bu, əksini tapır. Çünki orada seçkiqabağı mühitdə qoyulan məsələlər var, qeyri-bərabər şərait, təbliğatın 21 gündən ibarət olması, televiziya çıxışlarına məhdudiyyət qoyulması, seçkidə iştirak edən qüvvələr arasında qeyri-bərabər şəraitin yaradılması, hakimiyyətin namizədinin dövlətin resurslarından istifadə etməsi, seçki günü total saxtakarlıq, topa bülletenlərin atılması, səslərin sayılmasının çox pis şəkildə həyata keçirilməsi və seçicilərin sayı ilə bağlı orada mühüm rəqəm göstərilib. Məsələn, dövlətin bir qurumu, - seçki günü seçkiyə cavabdeh olan qurumu ilə Statistika Komitəsinin bəyan etdiyi rəqəmlər arasında 1 milyon 600 min fərq var. Bu təxminən seçicilərin 35 faizi deməkdir.

Sual: Hesabatda qeyd edilir ki, seçkidəki qanun pozuntularını aradan qaldırmaq üçün siyasi iradə lazımdır. Sizcə ölkədə bu siyasi iradə varmı?

Siyasi iradə tətbiq edilərsə, bu hakimiyyətin özünün-özünə qarşı mübarizəsi deməkdir.
Cavab: Hesab edirəm ki, ölkədə bu siyasi iradə yoxdur, olmayıb və indiki hakimiyyət şəraitində bundan sonra da olmayacaq. Çünki bu hakimiyyətin mövcudluğu ancaq saxtakarlıq zəminində mümkündür. Siyasi iradə tətbiq edilərsə, bu hakimiyyətin özünün-özünə qarşı mübarizəsi deməkdir.

Sual: Anar Məmmədlinin həbsini necə qiymətləndirirsiniz?

Cavab: Hesab edirəm ki, Anar Məmmədlinin həbsi sırf siyasi sifarişdir. Çünki burada vergi yayınması, digər məsələlər irəli sürülüb. Azərbaycanda vergidən yayınan biznes qrupları var, nazirlər var ki, ətrafında böyük biznes holdinqlər var. Bunların vergi
Total saxtakarlıqlar şəraitində keçən seçkilər haqqında obyektiv rəy hazırladığına görə Anar Məmmədli həbsə alınıb
məsələlərini yoxlamaq lazımdır. Anar Məmmədlinin təşkilatı rəsmi qeydiyyatda olmayan bir təşkilatdır. Anar Məmmədliyə qarşı rəsmən seçkini saxtalaşdırmaq ittihamı irəli sürülüb. Bunun mexanizmi açılmır ki, seçkini müşahidə edən bir təşkilat onu necə saxtalaşdıra bilər. Total saxtakarlıqlar şəraitində keçən seçkilər haqqında obyektiv rəy hazırladığına görə Anar Məmmədli həbsə alınıb. Bu siyasi sifarişdir, seçki saxtakarlığının tərkib hissəsidir. Azərbaycanda azad, ədalətli, demokratik, şəffaf seçki arzusunda olan qeyri-hökumət qurumlarına, demokratik dairələrə qarşı cəza metodlarından biridir və Anar Məmmədli bu hakimiyyətin seçki saxtakarlığına qarşı az-çox obyektiv mülahizələrlə çıxış etdiyinə görə həbs olunub.

Sual: Milli Şuranın gələcək fəaliyyətini necə qiymətləndirərdiniz? İndi fəaliyyətiniz necə olacaq, ofisiniz olacaqmı?

Milli Şuranın seçkidən sonrakı fəaliyyətində bir sıra müəyyən çətinliklər var.
Cavab: Milli Şuranın seçkidən sonrakı fəaliyyətində bir sıra müəyyən çətinliklər var və çətinlikləri aradan qaldırmağa çalışırıq. Hesab edirik ki, strukturların formalaşması və aktiv bir fəaliyyətin başlanması üçün Koordinasiya Şurasının yaranması, rəhbər orqanların formalaşması, komissiyaların formalaşdırılmasının başa çatdırılması kimi məsələlər qarşımızda dayanır. Siyasi qüvvələrin və qeyri-siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər də Milli Şuranın qarşısında dayanır və biz bunu həll etməyə çalışacağıq.

Mövzuya uyğun

XS
SM
MD
LG