Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA agentliyinə bildirib ki, Cəmil Həsənlinin qızı yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib.

O qeyd edib ki, 10 gün əvvəl, sentyabrın 19-da sürücü Günel Həsənli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurub: “Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.

E. Zahidov həmçinin qeyd edib ki, hazırda baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.

Öz növbəsində Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli guya onun qızı Günelin maşınla yaşlı qadını vurduğu və hadisə yerindən qaçdığı haqqında yaydığı məlumatla bağlı bəyanat yayıb.

Cəmil Həsənli bildirir ki, bu cür məlumatlar təxribatdır. “Mənə və ailə üzvlərimə qarşı təxribat hazırlandığından məlumatlı idim və dəfələrlə xüsusi xidmət orqanları tərəfindən izləndiyimizi açıq şəkildə bildirmişdim”, o qeyd edib.

Xüsusən, Həsənli ailəsinin Daxili İşlər Nazirliyi orqanlarına məxsus “Hundai” markalı avtomobillə izləndiyini bildirib. “Hətta yaşadığımız evin yanında keşik çəkən maşındakı əməkdaşların avtomobilin içində xidməti formalarının mülkü formalara dəyişmələrini də müşahidə etmişik. Qızım Günel Həsənlinin maşınının izlənməsi barədə məlumatımız var idi”.

“İnsidentə” gəlincə, sentyabrın 19-da qızı Günel uşaqlarını məktəbdən gətirib. Çox aşağı sürətlə həyətə dönərkən o, yaşlı qadın görüb və ona yol verib. Lakin qadın yerə yıxılıb, məscidə axşam namazına gələn çoxsaylı möminlər bunu görüb. Onlar qadının ayağa qalxmasına kömək ediblər, Günel də maşından çıxıb qadının vəziyyəti ilə maraqlanıb.

Möminlər qadını tanıyıblar və onu evinə aparmağı təklif ediblər, lakin o, imtina edərək, məhz Günelin aparmasını istəyib. “Zərərçəkmiş” Respublika Klinik Xəstəxanasına aparıldıqdan sonra 86 yaşlı Adilə Səlimova bildirib ki, sınığı varsa, şikayət edəcək. Sınığı yoxdursa, Günel ona təzminat olaraq 300 manat verməlidir. Günel buna etiraz edib. Rentgen çəkilib və həkim heç bir xəsarət olmadığını, yalnız duzlaşma olduğunu bildirib. Bundan sonra “zərərçəkmiş” taksi ilə evinə göndərilib.

“Səlimovanın ağır xəsarət aldığını iddia edirlərsə, niyə onu travmatologiya şöbəsinə göndərməyiblər, xəstəxanadan evə buraxıblar? Bundan başqa, bizdə rentgen təsviri və həkimin rəyi var”, Həsənli qeyd edib.

O bildirib ki, hər bir insanın həyat və sağlamlığı əhəmiyyətlidir, lakin o, hakimiyyətin bu faktdan onun ailəsinə qarşı istifadə edəcəyini istisna etmir. “Əminəm ki, bunu görən mömin insanlar olduğu üçün baş verənləri olduğu kimi deyəcəklər. Bundan başqa, sözügedən yerdə müşahidə kameraları var və hər şey əksini tapıb.

Hakimiyyət kəskin tənqidi çıxışlarıma və Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyimə, habelə Milli Şurada fəaliyyətimə görə məndən qisas alır”, Cəmil Həsənli qeyd edib.

İnsident Milli Şura “Siyasi məhbuslara azadlıq!” şüarı ilə oktyabrın 12-də mitinq keçirmək haqqında qərar qəbul etdikdən sonra gündəmə gəlib.

XS
SM
MD
LG