Accessibility links

Cəmil Həsənli: Milli Şura bütün vasitələrlə seçki saxtakarlığının ifşa olunmasında iştirak edəcək [Video-müsahibə]


Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində parlament seçkiləri, Milli Şuranın seçkilərdə iştirakı, kütləvi aksiyalar və seçkilərin demokratik keçirilməyəcəyi halda Milli Şuranın atacağı addımlardan danışıb.

Amerikanın Səsi: Qarşıdan parlament seçkiləri gəlir. Seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

Mən qərarlıyam ki, qarşıdakı parlament seçkilərində namizədliyimi irəli sürməyim.

Cəmil Həsənli: Mən qərarlıyam ki, qarşıdakı parlament seçkilərində namizədliyimi irəli sürməyim. Nə üçün? Bunun bir neçə səbəbi var.

Birincisi odur ki, mən ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşam. On il ali qanunverici hakimiyyətdə təmsil olunmaq kifayət qədər böyük işdir. Mənim fikrimcə, bu baxımdan edə biləcəklərimi etmişəm. İkincisi, 2013-cü ildə mən Milli Şuranın prezidentliyə vahid namizədi olmuşam. Əsas namizəd kimi, hakimiyyətin bilavasitə alternativi kimi bu seçkilərdə iştirak etmişəm və seçkiyə çıxan seçicilərin böyük bir hissəsi öz səsini bizə verib. Buna görə, mən Azərbaycan xalqına, Azərbaycan millətinə, xüsusilə gənclərə, bütövlükdə seçicilərə öz minnətdarlığımı bildirirəm. Həmin dövrdə keçirilən bütün sosioloji sorğular, o cümləıdən Contact, Turan, Zerkalo, AzadlıqRadiosu, digər tərəfsiz qurumlar, exitpol və digər sorğularda da eyni ilə qalib olmuşam. Səs fərqi də kifayət qədər böyükdür. Mənə elə gəlir, bizim mübarizəmiz bütövlükdə millətimizin haqqına və hüququna hədəflənibdir. İndi o, böyük mübarizəni mən gətirib bir seçki dairəsinin hüdudlarına sığışdırmaq istəmirəm. Hesab edirəm ki, bizim keçdiyimiz 2013-cü ildəki mübarizə bir tarixi hadisə idi və bu hadisə insanların yaddaşında, millətimizin yaddaşında oturuşubdur. Özünü gerçək, həqiqi prezidentliyə namizəd hesab edən bir adamın təzədən durub parlament seçkilərində iştirak etməsini mən məqsədəuyğun hesab etmirəm.

Amerikanın Səsi: Milli Şura necə, parlament seçkilərində iştirak edəcəkmi?

Yüzə yaxın siyasi məhbusun içərisində əlliyə yaxın adam var ki, siyasi məhbus, vicdan məhbusu, bunlar potensial namizədlərdir.

Cəmil Həsənli: Əlbəttə, Milli Şuranın parlament seçkilərinə münasibəti ilə bağlı yaxın günlərdə biz qərarımızı verəcəyik. Mən istəyirəm ki, mənim bu fərdi, şəxsi qərarım Milli Şuranın qərarına təsir etməsin. Əgər, Milli Şura seçkilərdə iştirak etməyə qərarlı olacaqsa mən böyük məmnuniyyətlə Milli Şuranın seçki kampaniyasında da rəhbərlik edərəm. Yəni, Milli Şura necə qərar verə bilər? Bizim üç təməl yanaşmamız var. Biri odur ki, seçki islahatları keçirilsin, ikinci siyasi məhbuslar azad edilsin, üçüncü ATƏT-in Varşava bürosu seçkiləırin müşahidəsində iştirak etsin. Bu günə kimi, hələ ki, bunun heç birisi həll olunmayıb. Yüzə yaxın siyasi məhbusun içərisində əlliyə yaxın adam var ki, siyasi məhbus, vicdan məhbusu, bunlar potensial namizədlərdir. Bu parlamentin yarısı deməkdir. Bunları seçkidən kənarda qoymaq, siyasi ittihamlarla, siyasi hökmlərlə bu qədər potensial namizədi kənarda qoymaq heç bir qanuna və ədalət hissinə sığmır. Bizim yanaşmamız, ondan ibarətdir ki, bunlar seçkilərdə iştirak etsin. İkinci bir tərəfdən, sizin gözünüzün qabağında Leyla və Arif Yunusların, Xədicə İsmayılın məhkəmələri gedir. Amerika, İngiltərə, Almaniya, Fransa və digər ölkələrin, Avropa Birliyinin təmsilçilərinin gözü qabağında, əgər müstəqil mətbuatı, siyasi partiyaların təmsilçilərini, ziyalıları, vətəndaş mövqeyindəolan ziyalıları məhkəmə zalına buraxmırlarsa, kim təminat verə bilər ki, dediyim dairənin təmsilçilərini sabah uzaq bir dağ kəndirində seçki dairəsinə və ya seçki məntəqəsinə müşahidəyə buraxacaqlar. Bu istiqamətdə bizim heç bir təminatımız yoxdur. Bu günki seçki şərtləri 5-10 il bundan əvvəlkindən daha ağırdır. Əvvəl dörd ay seçkiyə hazırlıq günü var idi. Onun 60 günü aktiv seçki təbliğatına verilirdi. Bu gün o təbliğat kampaniyası 3 həftəyə enib. Bu gün seçkilər daha formal xarakter alıb.

Amerikanın Səsi: Milli Şura seçkilərin azad, demokratik və ədalətli keçirilməsi üçün aydın platformaya malikdirmi? Bu platforma iqtidarın platformasından nə ilə fərqlənir?

Milli Şura olaraq, bizim nəzərimizcə Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq haqqı özünə qaytarılmalıdır.

Cəmil Həsənli: Milli Şuranın hədəfi azad, ədalətli, demokratik seçkilərin keçirilməsidir. Bu platformanın əsasını o təşkil edir ki, ölkədə seçki islahatı keçirilməlidir. Bu günki seçkiyə nəzarət mexanizmi hakimiyyətin əlindədir. Hakimiyyət xalqın seçki aktivliyində maraqlı deyil. Bizim hədəfimiz səsi xalqdan almaqdır, güvəni xalqdan almaqdır, onun seçkidə iştirakını təmin etməkdir. Hakimiyyət isə bunda maraqlı deyil və hakimiyyət bütün vasitələrlə nə mümkündür edir ki, seçki fəallığı olmasın. Milli Şura olaraq, bizim nəzərimizcə Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq haqqı özünə qaytarılmalıdır. ATƏT niyə dəvət olunub? ATƏT Azərbaycan hakimiyyəti tərəfindən seçki müşahidəsinə ona görə dəvət olunub ki, (Azərbaycan hakimiyyətini maraqlandırmır ki, o hansı rəyi vetrəcək) seçkinin legitimliyi üçün ATƏT-in iştirakı vacibdir. İki vacib şərtdən biridir, ATƏT-in iştirakı.

Amerikanın Səsi: Seçkilər azad, ədalətli, demokratik keçirilməsə Milli Şura hansı tədbirləri həyata keçirəcək? Seçkilər dövründə kütləvi aksiyalar keçirəcəksinizmi?

Biz payızda kütləvi aksiyalar keçirəcəyik. Bu birmənalıdır.

Cəmil Həsənli: Biz payızda kütləvi aksiyalar keçirəcəyik. Bu birmənalıdır. Yəni necə ki, bundan əvvəlki dövrlərdə həm yazda, həm də payızda kütləvi aksiyalar keçirmişdik, necə ki, 2014-cü ilin payızında keçirmişdik. Çünki kütləvi aksiya keçirmək üçün çox səbəb var. Tək seçkilər deyil. İkinci bir tərəfdən əgər, Milli Şura seçkiyə gedəcəksə bu bir məsələdir, əgər getməyəcəksə seçkilərə də biganə qalmayacaq. Əgər seçkilər azad, ədalətli, demokratik keçirilməyəcəksə Milli Şura bütün vasitələrlə bu saxtakarlığın ifşa olunmasında işrirak edəcək.

Show comments

XS
SM
MD
LG