Accessibility links

Cəmil Həsənli general oğluna və öz qızına qarşı məhkəmə qərarlarını şərh edib


Cəmil Həsənli ailə üzvləri ilə

Cəmil Həsənli ailə üzvləri ilə

Milli Şuranın sədri, professor Cəmil Həsənli bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin yüksək vəzifəli polis generalının oğlunu azadlığa buraxmasını şərh edib. Cəmil Həsənli öz qızına qarşı irəli sürülən ittihamla general oğluna qarşı irəli sürülən ittihamı və məhkəmənin çıxardığı cəzaları müqaisə edib.

Onun şərhində deyilir:

“Ölkəmizin analoqsuz hüquq sistemində elə hadisələr baş verir ki, buna heyrətlənməyə bilmirsən. Bu günlərdə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə cinayət törətmiş Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılmışdır. Halbuki törətdiyi cinayət əməlinin birinci hissəsi ilə onu 6 ildən 11 ilədək, ikinci hissəsi ilə3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Məhkəmənin belə qərar qəbul etməsində əsas dəlil kimi zərərçəkənlə barışığın əldə olunması və zərərçəkən tərəfin öz şikayətini geri götürməsi göstərilir. Bu Bakı Ağır Cinayətlər Məhkəməsinin DİN-in yüksək vəzifəli rəsmisi Şərif Əsədullayevin oğlu, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə cinayət törətmiş gənc və hələ ailə həyatı qurmamış Tamerlan Əsədullayev haqqında qərarıdır. Amma ötən ilin payızında ara-sıra hökuməti tənqid edən professor Cəmil Həsənlinin qızı Günel Həsənli təsadüfü yol nəqliyyat hadisəsinin DİN tərəfindən saxtalaşdırılaraq cinayət əməlinə transfer edilməsi və bilavasitə rəhbər dairələrin göstərişi ilə Məhkəmə Tibbi Ekspertiza rəyinin açıq-aşkar saxtalaşdırılması nəticəsində 1 il 6 ay azadlıqdan məhrum edilmişdir. Bir tərəfdən törətdiyiağır cinayət əməlinə görə gənc və subay oğlan olan Tamerlan atasının tutduğu yüksək vəzifəyə görə məhkəmə zalından azad edilir, digər tərəfdən törətmədiyi cinayətə görə iki azyaşlı uşaq anası Günel Həsənli atasının siyasi mövqeyinə istinadən 1 il 6 ay azadlıqdan məhrum edilir. Birinci halda, yəni şəvə saqqallı, bığıburma Tamerlanı cəzadan azad etmək üçün zərərçəkənlə barışığın əldə olunması və zərərçəkən tərəfin öz şikayətini geri götürməsi əsas kimi gətirilir, ikinci halda 87 yaşlı zərərçəkən Ədilə xanım Səlimova bar-bar bağırır, haray salır ki, o, heç bir xəsarət almayıb, heç bir şikayəti yoxdur, Yasamal rayon məhkəməsinin Günel haqqında elan etdiyi ədalətsiz hökmdən dəhşətə gəlib və “müqəssirlə” birlikdə hökmün ağırlığından Bakı Apelyasiya Məhkəməsinə şikayət verib, lakin bu ölkədə onu eşidən yoxdur. Paradoks! Qəribə ölkədə yaşayırıq. Qərib cinlər diyarındakı cəngəllik qanunları bizim ölkənin hüquq sistemindən daha ədalətlidir. Hüquqi dövlət sistemi ilə məşğul olmuş mütəfəkkirlər deyirlər ki, dövlətə inam iki halda sarsılır, birincisi cinayətkar törətdiyi əmələ görə cəza almadıqda, ikincisi isə törətmədiyi əmələ görə insanlar cəzalandırıldıqda. Yuxarıda gətirdiyim konkret nümunələrin timsalında biz bunu aydın şəkildə görürürük. Uzun illərdir cənab İlham Əliyevin Azərbaycan xalqına, ölkə vətəndaşlarına vəd etdiyi hüquqi dövlət modelinin mahiyyəti və məzmunu bax, bundan ibarətdir”, Milli Şura sədri qeyd edir.

Öz növbəsində, Azərbaycanın yüksək vəzifəli rəsmiləri ölkədə qanunun aliliyinin təmin edildiyini və bütün vətəndaşlsarın qanun qarşısında bərabər olduğunu bəyan edir.

Xatırladaq ki, bu il yanvarın 29-da Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə Azadlıq qəzetinin şərhçisi Seymur Həzi eyni ittihamla 5 il azadlıqdan məhrum edilib.

Jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG