Accessibility links

Cəmil Həsənli: Rusiyanın Əsədin antixalq rejimini müdafiə etməsi uğurlu siyasət deyil [Video]


Tarix elmləri doktorunun Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasından, Suriya ətrafında cərəyan edən diplomatik münasibətlərdən, Türkiyənin neytral mövqedən tərəfə çevrilməsindən, Türkiyə-Rusiya münasibətlərinin son yüz illik tarixindən və Azərbaycanın Suriya böhranında yerindən danışır.

Amerikanın Səsi: Siz “SSRİ-Türkiyə neytrallıqdan soyuq müharibəyə 1939-1953” kitabının müəllifisiniz. Rusiya hərbi təyyarəsinin vurulmasından sonra neytralitetdən soyuq müharibəyə keçid tarixinin təkrar olunduğunu düşünmək olarmı?

Cəmil Həsənli: Əlbəttə, müasir beynəlxalq münasibətlər baxımından onun əlamətləri görsənir. Xüsusilə, 1945-1946-cı illərdə Sovet İttifaqı tərəfindən Türkiyəyə çox böyük basqı var idi. Hətta müharibənin yaxın zamanlarda başlayacağı, Türkiyənin ərazisinin bir hissəsinin işğal altına alınacağı kimi təsəvvürlər yaranırdı. Mən sizə deyərdim, bu məsələ 50-ci illərin ikinci yarısında, 1957-ci ildə də təkrar olundu və 57-ci ildə təkrar olunanda Sovet İttifaqının gizli notası oldu. Yəni, o nota açıqlanmadı, xəbərdarlığı oldu. Sonralar Nikita Xruşov (1956-1963-cü illərdə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının baş katiibi olub-red) öz xatirələrində yazır ki, Türkiyə Amerika ilə bizə qarşı iş birliyinə gedirdi, biz onlara xatırlatdıq ki, 2-3 Sovet raketi Türkiyənin ətrafındakı dənizlərə qovuşması üçün yetərlidir. Onlar bizi başa düşdülər və Amerika raketlərini yerləşdirməkdən çəkindilər.

Nə çar Rusiyasının, nə də SSRİ-nin Silahlı Qüvvələri heç vaxt birbaşa Suriyada, yaxud da Türkiyə ilə yaxın olan ərazilərdə bu qədər açıq şəkildə hərbi əməliyyatlara girişməyib.

Bu üçüncü krizisdir (böhran-red) 20-ci əsr ərzində, xüsusilə 20-ci əsrin 40-cı illərindən başlayaraq, hazırda baş verən üçüncü krizisdir. Mən deyərdim ki, o biri böhranlarda, deyək soyuq müharibə ideologiyasına uyğun olaraq söz savaşı gedirdi, burada artıq praktiki iş var. Yəni, nə çar Rusiyasının, nə də SSRİ-nin (Sovet Sosialist Respublikalar İttifaqı-red) Silahlı Qüvvələri heç vaxt birbaşa Suriyada, yaxud da Türkiyə ilə yaxın olan ərazilərdə bu qədər açıq şəkildə hərbi əməliyyatlara girişməyib. Burada artıq söhbət Türkiyə ilə 800 kilometr sərhədi olan bir ölkədə Rusiyanın Hərbi Hava Qüvvələrinin və Rusiya qoşunlarının açıq təcavüzü müşahidə olunmaqdadır.

Amerikanın Səsi: Amerika tarixçisi Bouen yazır ki, İknicü dünya müharibəsində Türkiyə müttəfiqdir, amma savaş aparan ölkə deyil. Türkiyə İraq müharibəsində, Suriya böhranında bu siyasəti davam ertdirə bildi. Amma İŞİD-ə qarşı müharibədə ənənə pozuldu. Buna səbəb nədir?

Bu günləri hadisələrin bu həddə gəlib çıxması və Rusiyanın gedib Suriya məsələlərinə əl qoyması bilavasitə Türkiyənin və ABŞ-da daxil olmaqla qərb ölkələrinin buraxdıqları yanlışlıqların nəticəsidir.

Cəmil Həsənli: Əvvəla İraq müharibəsində və Suriya müharibəsində mən Türkiyənin siyasətini elə də başarılı hesab etmirəm. Çünki istər İraqda, istərsə də Suriyada Türkiyə marağı olan bir ölkədir. Bu günləri hadisələrin bu həddə gəlib çıxması və Rusiyanın gedib Suriya məsələlərinə əl qoyması bilavasitə Türkiyənin və ABŞ-da daxil olmaqla qərb ölkələrinin buraxdıqları yanlışlıqların nəticəsidir. Əsəd indiyədək hakimiyyətdə qalmamalı idi. Bu öz xalqına zülm edən bir dövlət başçısıdır. Məlum olduğu kimi dövlət başçısı kimi də bir sıra dövlətlər tərəfindən tanınmır, münaqişə mənbəyidir. Bu problem çoxdan həll olunmalı idi və həll olunmadığı üçün Rusiya əlverişli məqam tapdı, gəlib Suriyada söz sahibi kimi çıxış etməyə qərar verdi. Türkiyə hər kəsdən daha çox İraq və Suriya məsələlərində söz sahibi olmalıdır. Birinci, region dövlətidir, ikinci, sərhədyanı dövlətdir, üçüncüsü isə hər iki dövlətdə türk milli azlıqları var. Rusiyanın təyyarəsi ona görə vurulmayıb ki, o İŞİD-i bombarduman edirdi. Ona görə vurulub ki, Türkiyənin sərhədlərini pozmuşdu və eyni zamanda Suriya türklərini vururdu. Rusiya əvvəl bu münaqişəyə bir az ayrı istiqamət vermək istəyirdi. Məsələn, Türkiyə rəsmi şəkildə elan edir ki, təyyarəni bizim Silahlı Qüvvələrimiz vurub. Rusiya isə çalışırdı bunu orada mübarizə aparan qüvvələrlə əlaqələndirsin. Hiss olunur ki, Rusiya açıq şəkildə Türkiyə ilə münaqişəyə getməyə əvvəl meylli deyildi. Amma, Türkiyə açıq şəkidə bəyan edəndən sonra ki, biz vurmuşuq. Bundan sonra Rusiyanın əsl sifəti görünməyə başladı.

Amerikanın Səsi: İkinci dünya müharibəsindən sonra olduğu kimi Rusiya yenə Türkiyəni neytrallıq siyasətindən əl çəkmək üçün sanki təxribata çəkir. Rusiyada səslənən bəyanatları, PKK-ya, milli azlıqlarasilah verilməsi ilə bağlı bəyanatları misal çəkərdim. Bunun arxasında hansı planlar dura bilər? Türkiyə Rusiyaya qarşı soyuq müharibədən qaçmaq üçün nə etməlidir?

Böyük müharibəyə ruslar hazır deyillər və bu müharibə onlar üçün uduşlu deyil. Sadəcə olaraq Türkiyənin və qərbin apardığı gözləmə siyasətindən Putin Rusiyası öz maraqları üçün istifadə etdi.

Cəmil Həsənli: Əvvəla mən onu deyim ki, İkinci dünya müharibəsində Türkiyə neytral ölkə deyildi, savaşa qoşulmayan ölkə idi. Türkiyənin Britaniya və Fransa ilə müttəfiqlik sazişi var idi. Türkiyə İkinci dünya müharibəsi illərində müttəfiqlərin sırasında idi. Çörçill (Uiniston Çörçill, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri-red) Adanada prezident İsmət İnönü (1938-1950-ci illərdə Türkiyənin prezidenti-red) ilə Türkiyənin savaşa girməsi ilə bağlı görüşəndə İnönü orada çox maraqlı bir fikir deyib. Deyib ki, biz savaşa girsək ruslar dost kimi bizim ölkəmizə girəcək və biz bir daha onları ölkəmizdən çıxara bilməyəcəyik. Şərqi Avropa İnönünün dediyi o təhlükəni yaşadı. Amma, indi Türkiyə NATO-nun üzvüdür, yəni indi Türkiyə neytral dövlət deyil. İndi Türkiyə NATO-nun üzvüdür və NATO-nun bir cinahı, cənub-şərq cinahı bilavasitə Türkiyə ilə bağlıdır. Həm də Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. Bilirsiniz ki, NATO daxilində, NATO sistemini tənzimləyən müqaviləyə görə NATO üzvlərindən hansısa birinə hücum bütövlükdə bloka hücum kimi qəbul edilir. Düzdür, mən güman etmirəm ki, bu münaqişə müharibəyə çevrilsin. Çünki, Suriyaya baxma, orada ruslar məhəlli uçuşlar edir. Böyük müharibəyə ruslar hazır deyillər və bu müharibə onlar üçün uduşlu deyil. Sadəcə olaraq Türkiyənin və qərbin apardığı gözləmə siyasətindən Putin Rusiyası öz maraqları üçün istifadə etdi. Onlara lazım idi, Ukrayna məsələlərini arxa plana keçirmək və yeni bir münaqişə yaratmaq, dünyanın diqqətini ona cəlb etmək. Suriyanın timsalında bunu onlar bacardılar. Amma, bunu onlar davam etdirə biləcəklərmi? Mən buna elə də əmin deyiləm. İndi Rusiyanın məqsədi heç də Əsəd rejimini saxlamaq deyil. Rusiyanın əsas məqsədi Suriya münaqişəsində tərəf kimi qəbul olunmasıdır. Orada nüfuzunu qoruyub saxlamaq, mümkün olsa bazalarını saxlamaq, Suriyada qurulacaq yeni hökumətdə söz sahibi olmaq istəkləridir. Amma, nə dərəcədə onlar buna nail olacaqlar? Bunu demək bir az çətindir.

Amerikanın Səsi: Tərəflər münasibətlərin konstruktiv və təhlükəsizlik həddinə gətirilməsi üçün hansı addımları atmalıdır? Söhbət Türkiyədən, Rusiyadan, NATO-dan və digər tərəflərdən gedir.

Biz ötən əsrin 90-cı illərindən başlayaraq Rusiyanı antidemoktratik və öz xalqı tərəfindən dəstəklənməyən rejimlərin yanında görürük.

Cəmil Həsənli: Bilirsən, Rusiya tərəfindən Suriya məsələlərinə belə açıq müdaxilə beynəlxalq nizamnamənin, dünya düzəninin pozulmasıdır. Suriya məsələsi daha çox suriyalıların öz daxili işidir. Buna hansısa formada kənardan dəstəklər var. Amma, SU-24 təyyarələri ilə döyüş meydanına daxil olub Əsədin antixalq rejimini müdafiə etmək elə də uğurlu siyasət deyil. Biz ötən əsrin 90-cı illərindən başlayaraq Rusiyanı antidemoktratik və öz xalqı tərəfindən dəstəklənməyən rejimlərin yanında görürük. Münaqişənin həllinin ən sadə yolu tərəflərin beynəlxalq hüquqa hörmətlə yanaşmasıdır. Əgər belə hörmətlə yanaşma olmayacaqsa Rusyanı oradan vurub çıxaracaqlar.

Amerikanın Səsi: Azərbaycan bu münaqişədə, böhranda harada olmalıdır?

PKK-a bilavasitə Sovet İttifaqı tərəfindən dəstəklənirdi, həm maddi, həm hərbi, həm də diplomatik yollarla dəstəklənirdi. Hesab edirəm ki, indiki münaqişədə Türkiyə bölgənin böyük dövləti, söz sahibi missiyasını təsdiq edəcək.

Cəmil Həsənli: Bilirsən, Azərbaycan bu münaqişədə beynəlxalq hüququn yanında olmalıdır. Beynəlxalq hüquq kimin tərəfindədirsə onun yanında olmalıdır. Bu bölgə elə də bizdən uzaq bölgə deyil. Uzun müddət bildirsiniz ki, Sovet İttifaqının yeritdiyi siyasət nəticəsində bölgədə müəyyən proseslər formalaşıb. Bir qədər əvvəl siz xatırlatdınız, PKK-a ilə bağlı məsələlər. Bunlar hamısı Sovet İttifaqı tərəfindən idarə olunurdu. Hələ 1946-cı ilin dekabrında kürd avtonomiyası məğlub olandan sonra, Bərazninin (İraqlı kürd siyasətçi, Kürdüstan bölgəsinin rəhbəri-red) dəstələri ki, 2000 atlıdan ibarət idi, Naxçıvana gəldilər. Sudapulatov (1940-cı illərdə Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığının-NKVD 4-cü idarəsinin rəisi, general-leytenant, Sovet kəşfiyyatçısı, diversant-red ) öz xatirələrində yazırdı ki, Abakumov (Viktor Abakumov- 1946-1451-ci illərdə SSRİ dövlət təhlükəsizlik naziri olub-red) mənə zəng edib dedi ki, bu kürd dəstələri ilə yerli əhalinin və o cümlədən, Mir Cəfər Bağırovun (1933-1953-cü illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birincikatibi-red) əlaqələrinin yaranmasına imkan vermək lazım deyil, Bağırov onlardan öz məhəlli məqsədləri üçün istifadə etmək istəyir. Xozeyin (sahib-red) dedi ki, yəni Sltalin (İosif Stalin, 1926-1953-cü illərdə SSRİ Kommunist Partiyasının baş katibi, Sovet İttifaqının rəhbəri-red) dedi ki, onlar bizə daha böyük işlər üçün lazımdır. Ona görə, 1947-ci ildə onları Naxçıvandan götürüb Özbəkistana gətirdilər, hərbi təlim keçdilər və sırf döyüşkən bir ordu vəziyyətinə saldırlar. 1958-ci ildə İraqda Əbdül Kərim Qasimi (General Əbdül Kərim Qasim, 1958-1963-cü illərdə İraqın lideri olub, dövlət çevrilişindən sonra edam edilib-red) devirmək lazım gələndə, o qüvvələri aparıb tökdülər ora və orada Qasim hökumətini devirdilər. Sonrakı mərhələdə də PKK-a bilavasitə Sovet İttifaqı tərəfindən dəstəklənirdi, həm maddi, həm hərbi, həm də diplomatik yollarla dəstəklənirdi. Hesab edirəm ki, indiki münaqişədə Türkiyə bölgənin böyük dövləti, söz sahibi missiyasını təsdiq edəcək.

XS
SM
MD
LG