Accessibility links

Cəmil Həsənli İlham Əliyevin çıxışına münasibət bildirib [Video-Müsahibə]


Milli Şuranın sədri demokratiya və insan hüquqlarından danışıb

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində ölkədə demokratiya və insan hüquqlarının durumu, siyasi məhbuslar, Avropaya inteqrasiya və referendumdan danışıb.

Amerikanın Səsi: İlham Əliyev Avropa Parlamentinin üzvləri ilə görüşdə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı tənqidləri qərəzli adlandırıb. Buna münasibətiniz necədir?

Bunu avropalı eşidir, amma İlham Əliyev görünür bunları eşitmək istəmir. Təkcə Nardaran əməliyyatında 6 nəfər vətəndaş öldürülüb.

Cəmil Həsənli: Azərbaycanda insan haqları ilə bağlı vəziyyət o qədər acınacaqlı bir səviyyəyə gəlib çatıb ki, sadəcə olaraq bunu inkar etmək mümkün deyil. Bu gün 100 nəfər ətrafında siyasi məhbus var. Məsələn, bu gün “Nardaran işi” ilə bağlı məhkəmə gedir, bandotdeldə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.), bu insanlara verilən işgəncələr nəticəsində onların ahu-nalələri ərşə dirənib. Bunu avropalı eşidir, amma İlham Əliyev görünür bunları eşitmək istəmir. Təkcə Nardaran əməliyyatında 6 nəfər vətəndaş öldürülüb. Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda ikisi polis olmaqla 6 nəfər vətəndaş öldürülüb. Bir prezident kimi İlham Əliyevin öldürülmüş vətəndaşlarla bağlı bir araşdırma aparmaq sadəcə borcu idi. Hansı şəraitdə bunlar öldürülüb? Məsələn, məhkəmədə aydınlaşır ki, Fərahim Bünyadov adında saxlanılan bir şəxs mebel maşınında bandotdelə gətirilən zaman bandotdelin işçiləri tərəfindən maşındaca döyülüb öldürülüb. Bunun onlarla şahidi var. O maşında olan adamların hamısı şəhadətlik edir ki, sap-sağlam olan vətəndaş bandotdelin əməliyyat işçiləri tərəfindən döyülərək öldürülüb. Budurmu vətəndaş azadlığı, insan haqları? Siyasi təqiblərin olmadığını elan etməklə iş bitmir. Bunun kökünü kəsmək lazmdır. Azərbaycanın hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi bu günləri cəza aparatına çevrilib. Məsələn, orada mitinqlərin keçirilməsinin azad olması ilə bağlı söhbət açır. 17 sentyabr mitinqi ərəfəsində Milli Şuranın mitinqə hazırlıq komitəsinə daxil olan 86 nəfər polis orqanı tərəfindən saxlanılmışdı. Nəinki hazırlıq komitəsinin üzvləri, hətta mitinqə texniki avadanlıq verən şəxs saxlanılmışdı. Tribunanı kirayəyə verən şəxs saxlanılmışdı. Toplaşmaq azadlığı bəyəm budurmu? Mitinqdən sonra da 300 nəfər ətrafında mitinq iştirakçısı avtobuslara doldurularaq polis orqanlarına aparıldı və bunların böyük bir hissəsi saxlanıldığı andan etibarən zor tətbiq edilməklə, dəyənək zərbələri endirilməklə maşınlara mindirildi. Bunların içərisində çoxlu jurnalistlər də var idi. Jurnalistlər gördüyü faktları da açıqladılar. 17 sentyabr bir daha sübut etdi ki, Azərbaycanda vətəndaşların azad toplaşmaq hüququ təhlükə altına düşüb.

Amerikanın Səsi: Azərbaycan hökumətinin Avropa Birliyi ilə əməkdaşlığı nə dərəcədə səmərəlidir?

Hakimiyyətdən nə tələb olunur? Avropaya inteqrasiya olunmaq üçün zəruri olan sosial, iqtisadi, siyasi islahatları keçirmək. Öz vətəndaşına adam kimi münasibət bəsləmək.

Cəmil Həsənli: Azərbaycan xalqı öz gələcəyini Avropa ilə əməkdaşlıqda görür. Avropa dəyərlərini, Avropa strukturlarına inteqrasiyada görür. Biz, Milli Şura olaraq xalqımızın gələcəyini Avropa strukturlarına inteqrasiya olmaqda görürük. Azərbaycan hakimiyyəti müxtəlif vasitələrlə Avropaya inteqrasiya olmaqdan yayınır. Bunun bircə səbəbi var. Avropanın demokratiya tələbləri, insan haqları ilə bağlı tələbləri var. Yəni, bu tələb mahiyyət etibarı ilə Azərbaycanın xeyrinədir. Hakimiyyətdən nə tələb olunur? Avropaya inteqrasiya olunmaq üçün zəruri olan sosial, iqtisadi, siyasi islahatları keçirmək. Öz vətəndaşına adam kimi münasibət bəsləmək. Hakimiyyət Avropanın demokratiya tələblərindən yayınmaqdan ötrü müxtəlif bəhanələrlə Avropa İttifaqından, Avropa Birliyindən, digər Avropa qurumlarından məsafə saxlamağa çalışır. Hakimiyyətin ümumiyyətlə yanaşması budur ki, biz sizlə əməkdaşlıq edirik və bu əməkdaşlıq da yalnız enerji daşıyıcıları ilə məhdudlaşmalıdır. Biz əgər sizə enerji daşıyıcıları veririksə, siz bizdəan demokratiya, insan haqları ilə bağlı tələblərdə bulunmayın. Amma, Avropa Birliyi bunu edə bilməz. Çünki insan hüquqları və demokratiya Avropa Birliyi üçün prioritet istiqamətdir.

Amerikanın Səsi: Qərbin rəsmi qurumları Azərbaycanda demokratiyanın dəstəklənməsində nə dərəcədə ardıcıl və prinsipialdır?

2013-cü ildə Avropa Şurasında Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilsə idi, Azərbaycan hakimiyyəti insan haqlarının üzərinə bu formada hücuma keçə bilməzdi.

Cəmil Həsənli: Ötən müddətə istinad edərək, biz deyə bilmərik ki, Qərb Azərbaycanda demokratiyanı dəstəkləməkdə ardıcıl və prinsipialdır. Əslində, çox doğrusu, bu gün əgər Azərbaycanda siyasi məhbusların sayı yüzün ətrafındadırsa və bu gün məhbuslarla belə rəftar edilirsə və bu gün mitinqə gələn dinc nümayişçilərlə belə rəftar edilirsə bunun ilk növbədə günahı Avropa Şurasındadır. 2013-cü ildə Avropa Şurasında Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilsə idi, Azərbaycan hakimiyyəti insan haqlarının üzərinə bu formada hücuma keçə bilməzdi. 2013-cü ilin yanvarından sonra cənab Əliyev bütün beynəlxalq məclislərdə Azərbaycanda siyasi məhbusların olduğunu inkar edirdi və Avropa Şurasının həmin toplantısına istinad edib deyirdi ki, Avropa Şurasının özü təsdiq edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yəni bir növ Avropa Şurası o qərarı qəbul etməklə Əliyev rejiminə kart-blanş verdi ki, kimi istəyirsən tut, kimlə necə istəyirsən rəftar et.

Amerikanın Səsi: Referendumdan sonra ölkədə siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə erkən prezident seçkiləri keçiriləcəkmi?

Ölkənin taleyini referendum həll etmir.

Cəmil Həsənli: Ölkənin taleyini referendum həll etmir. Ölkənin taleyini sosial-iqtisadi vəziyyət həll edir. Biz dəfələrlə bəyan etmişik, təklif vermişik, demişik iqtisadi islahatlar keçirmək lazımdır. Ölkədə sosial-iqtisadi vəziyyəti, sosial-iqtisadi ədaləti bərpa etmək lazımdır. Ona görə də 26 sentyabrdan sonrakı vəziyyəti referendum aktı deyil, sosial-iqtisadi vəziyyət müəyyən edəcək.

Show comments

XS
SM
MD
LG