Accessibility links

Cenevrədə Kofi Annanın Suriya ilə bağlı sülh planı müzakirə edilir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya böhranını Suriya xalqının həll etməli olduğunu deyib. Nazir Rusiyanın heç bir xarici müdaxiləni dəstəkləməyəcini bildirib.

Bu gün Cenevrədə keçirilən toplantı zamanı Lavrov deyib ki, Suriyanın müttəfiqi İranın bu görüşə dəvət edilməməsi yanlışlıqdır. Belə ki, İran regionda böyük nüfuz sahibidir.
Cenevrə görüşündə beynəlxalq nümayəndə Kofi Annanın sülh planı müzakirə edilir.

Rusiyanın xarici işlər naziri deyib ki, zorakılıqlara son qoyulması üçün məqsəd Annanın planına dəstək vermək və suriyalıları dialoqa cəlb etməkdir, dialoqun mövzusunu müəyyən etmək deyil.

Sabah ABŞ dövlət katibi Hillari Klinton Sankt-Peterburqda Segey Lavrovla görüşməlidir.

Cenevrə görüşündə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya, habelə Ərəb Liqası və Türkiyə nümayəndələri iştirak edir.

Suriyanın Milli Şurası isə prezident Bəşər Əsəd hakimiyyətdən getmədiyi təqdirdə heç bir siyasi keçid prosesini qəbul etməyəcəyini bildirir.

Bu arada, Suriya paytaxtında dövlət televiziyasının terrorçular adlandırdığı silahlı şəxslər Ədliyyə Nazirliyinə hücum edib.
XS
SM
MD
LG