Accessibility links

Mehman Əliyev: Azərbaycanda siyasi islahatlar qaçılmazdır


Turan Agentliyinin direktoru Mehman Əliyev

Turan Agentliyinin direktoru Mehman Əliyev

Cənubi Qafqazın iki ölkəsində siyasi proseslər baş verib. Azərbaycanda isə ciddi siyasi proseslər 2013-cü ildə və sonra baş verəcək.

İyulun 15-də Tbilisidə keçirilən “Potsdam prosesi: Qafqaz regionunda azadlıq, sülh və çiçəklənməyə yardım” konfransı başa çatıb. Konfransı Fridrix Naumann Fondu təşkil edib. Forumda iştirak edən Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Avropa Liberal Partiyası, Müsavat Partiyası (Azərbaycan), Erməni Ümummilli Hərəkatı (Ermənistan) və Respublika Partiyası (Gürcüstan) nümayəndələrinin qatıldığı konfransda Cənubi Qafqazda siyasi vəziyyət, qarşılıqlı münasibətlər, demokratiyanın inkişafı və Qafqaz Evinin yaradılması məsələləri müzakirə edilib.



“2010-cu ilin oktyabrında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Respublika Partiyasının sədri David Usupaşvili və Erməni Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Aram Manukyan Almaniyanın Potsdam şəhərində bəyannamə imzalayıb. Bəyannamədə tərəflər hüquqi, demokratik dövlət ideyalarına sadiq olaraq qanunun aliliyinə, plüralizmə və dövlətin demokratik idarə olunmasına əsaslanan açıq cəmiyyətlərin yaradılmasını, milliyyətindən və dini etiqadından asılı olmayaraq vətəndaşların hüquqlarına əməl olunmasını öz fəaliyyətlərində prioritet hesab edir. Siyasi məhbusların dərhal azadlığa buraxılmasını, siyasi motivlərlə təqiblərlə son qoyulmasını, söz və toplaşma azadlığına məhdudiyyətlərin aradan qaldırılmasını tam dəstəkləyir”.
Cənab Əliyev bildirir ki, 2010-cu ildən ötən müddətdə Cənubi Qafqaz ölkələrində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. “Belə ki, Erməni Ümummilli Hərəkatı artıq parlamentdə deputatlarla təmsil olunur. Gürcüstanın Respublikaçılar Partiyası gələn il keçiriləcək parlament seçkilərinə hazırlaşır. Gürcüstan isə parlamentli respublikaya çevrilir”.
Turanın direktorunun fikrincə, Ermənistanın xarici və daxil siyasətində də ciddi dəyişikliklər müşahidə edilməkdədir. “Getdikcə Ermənistan ictimaiyyəti Türkiyəyə inteqrasiyanı dəstəkləyir. Çoxsaylı erməni əhali Türkiyə gedib-gəlir. Ermənistan NATO-ya sürətlə inteqrasiya yoluna qədəm qoyub. Ölkədəki Rusiya qoşunlarında xidmət edən rus zabitlərinin ailələri Ermənistandan çıxarılıb. Onlar növbəlilik əsasında Ermənistandakı bazalarda xidmət edir. Ermənistan ictimaiyyətində Rusiya qoşunlarının çıxarılması ilə bağlı fikriləri dəstəkləyənlərin sayı artmaqdadır”.
Bütün bunlarla yanaşı Cənubi Qafqaz müxalifəti münaqişələrin həlli məsələlərinə gələndə dərinə getmir. “Onlar hesab edir ki, münaqişələrin həlli üçün ictimaiyyət və dövlətlər arasında açıq dialoq başlamalıdır. Avtoritar rejimlər isə açıq dialoqları dəstəkləmir”.
Onun fikrincə, Azərbaycanda güclü siyasi proseslər 2013-cü ilin ərəfəsində və sonra baş verəcək. “Cənubi Qafqazın iki ölkəsində artıq bu proseslər baş verib. Azərbaycanda da islahatlar qaçılmazdır. Çünki bu dünyadakı siyasi proseslərin tərkib hissəsidir”, - M.Əliyev bildirib.
XS
SM
MD
LG