Accessibility links

Ərəstun Oruclu: Mərkəzi Asiyada demokratiyanın zəruriliyi aktuallaşırsa, Cənubi Qafqazda bu aksiomdur [Audio]


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu

Politoloq hesab edir ki, Aİ öncə bölgədə demokratik islahatlara, qanunun aliliyinə, vətəndaş cəmiyyətinin inkişafına nail olmalıdır

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Cənubi Qafqazda əməkdaşlıq və regional inteqrasiya mümkündür.


“Cənubi Qafqazda azadlıq, sülh və çiçəklənmə naminə regional əməkdaşlıq” mövzusunda noyabrın 26-da Berlində başlayan diskussiyalar noyabrın 30-da Brüsseldə başa çatacaq. Tədbirin əsas iştirakçıları Avropa Liberal Demokratik və İslahatçı Partiyasına daxil olan üç partiyanın Müsavat Partiyası, Gürcüstan Respublika Partiyası və Erməni Ümummilli Hərəkatın rəhbərləri daxildir. Tədbiri “Azadlıq naminə” Fridrix Nauman Fondu təşkil edib.
Politoloqun fikrincə, əməkdaşlığa mane olan amillər də çoxdur.

“Əməkdaşlığa ilk öncə etnik-ərazi münaqişələri mane olur. Regionda münasibətlərin inkişafı üçün zəruri şərtlərdən biri, münaqişələrin çözülməsidir. Digər zəruri şərt, qismən Gürcüstan xaric olmaqla, Azərbaycan və Ermənistanda demokratik yolla seçilmiş legitim hakimiyyətin formalaşmasıdır”, o qeyd edib.

Ə.Oruclu hesab edir ki, regionda sabitlik və əməkdaşlığın yaranması daha çox Cənubi Qafqazın baş oyunçuları olan Rusiya, Türkiyə və İran üçün əhəmiyyətlidir.

“Regionda sabitlik olarsa hər üçü ölkə üçün Cənubi Qafqazda daha geniş əməkdaşlıq məkanı yaranar. Amma, geosiyasi maraqlar regionda sabitliyin yaranmasına mane olur. Çünki Rusiya hələ də Cənubi Qafqazı və bütövlükdə MDB məkanını özünün geosiyasi maraq dairəsi hesab edir. Eyni zamanda, İran və Türkiyə də bölgə dövlətlərinə təsir imkanlarını artırmağa cəhd edir. Əslində, Cənubi Qafqaz bu üç ölkə arasında əməkdaşlıqdan daha çox rəqabət məkanına çevrilib”.

O Cənubi Qafqazda sülh, stabillik, əməkdaşlıq və inkişafın yaranmasında Avropa İttifaqının maraqlarından danışarkən deyib ki, ilk öncə region Avropanın enerji təhlükəsizliyi və enerji kəmərlərinin diversifikasiyası siyasəti baxımından çox önəmlidir.

“Bundan əlavə region Avropa-Mərkəzi Asiya - Uzaq Şərq regionu əlaqələrinin inkişafında körpü rolunu oynaya bilər. Cənubu Qafqaz həm də Avropa İttifaqının qonşudur. Bu baxımdan burada sabitlik və inkişaf Avropanın strateji maraqlarına uyğundur. Amma, Avropa İttifaqı ilk öncə bölgədə demokratik islahatlara, qanunun aliliyinə, vətəndaş cəmiyyətinin inkişafına nail olmalıdır. Hesab edirəm ki, bölgədə sabitlik və inkişaf ilk öncə bu amillərlə bağlıdır”.

Politoloq hesab edir ki, Avropa İttifaqı seçkilər öncəsi hakimiyyətlərə demokratik seçkilər yolu ilə legitim hakimiyyət formalaşdırmağın vacibliyi ilə bağlı xəbərdarlıq etməlidir.

“Bunun üçün ilk öncə seçkiqabağı demokratik mühitin yaradılması, söz və mətbuat azadlığı, seçki azadlığının təmin olunması üçün ciddi monitorinq həyata keçirməlidir. Həmçinin xəbərdarlıq edilməlidir ki, legitim hakimiyyət formalaşdırmayan ölkələrə qarşı Avropa Birliyi sanksiyalar tətbiq edəcək”.

Ə.Oruclu Avropa komissarının Avropa İttifaqının Mərkəzi Asiyada demokratiya və iqtisadi islahatları dəstəkləməsi ilə bağlı son bəyanatını “regionda demokratiyanın qloballaşması istiqamətində xəbərdarlıq” kimi dəyərləndirir.

“Avropa İttifaqı bəyan edir ki, yalnız qonşuluq və şərq tərəfdaşlığı ölkələrində deyil, həm də Mərkəzi Asiyada islahatların dərinləşməsində maraqlıdır. Bu istiqamətdə bütün resurslarını tətbiq edəcək. Əgər Mərkəzi Asiyada demokratiyanın zəruriliyi aktuallaşırsa, Cənubi Qafqazda bu aksiomdur”, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri bildirib.
XS
SM
MD
LG