Accessibility links

Cənubi Qafqazda demokratiya debatları


Cənubi Qafqazda debatlar konfransı
Cənubi Qafqazda debatlar konfransı

Bakıda Cənubi Qafqazda insan haqları, demokratiya və münaqişələr müzakirə edilib. Cənubi Qafqaz üçün sülh prosesi çətin, amma vacib və dəyişməz yoldur

Son yarım ildə Cənubi Qafqazda insan haqları üzrə vəziyyət müəyyən dəyişikliklərə məruz qalıb. Regionun üç ölkəsində - Azərbaycan, Ermənistan və Gürcüstanda buraya seçkilər mövzusu da əlavə olunub.

Ötən ilin payızında Gürcüstanda keçirilən parlament seçkiləri hakimiyyətin demokratik yolla dəyişilməsi üzrə ilk təcrübə oldusa, Ermənistanda fevraldakı prezident seçkiləri namizədlərin birinə sui-qəsdlə yadda qalan növbəti alternativsiz fars oldu.

Azərbaycanda hələ seçkiöncəsi kampaniya başlamayıb, amma ilin əvvəlindən ictimai aktivlik təkanları hiss edilir.

Vəziyyəti regionun ekspert camiəsi izləyir. Fevralın 20-də onlar Bakıda "Cənubi Qafqazda insan haqları, demokratiya və münaqişələr" seminarı çərçivəsində Azərbaycan-Gürcüstan ikitərəfli formatında geniş məsələlər dairəsini müzakirə ediblər.

Helsinki Vətəndaş Assambleyasının bu layihəsini dəstəkləyən Böyük Britaniya diplomatik missiyasının rəhbəri Piter Beytmen bəyan edib ki, Cənubi Qafqaz üçün sülh prosesi çətin, amma vacib və dəyişməz yoldur. Olster münaqişəsində də belə olub. O, siyasi islahatların uğurlu inkişafı üçün regionun üç ölkəsində ictimai dialoqun vacibliyini vurğulayan ABŞ səfiri Riçard Morninqstarı təkrar edib.

Hər üç ölkə etnoslar və dövlətlərarası münaqişəyə cəlb edilib və bu, demokratiya, insan haqları və azadlıqları məsələsində öz izini qoyub. Hətta Azərbaycan və Ermənistanda bir çoxları üçün demokratiyanın mayakı kimi görünən prezident Saakaşvilinin Gürcüstanı hüquq müdafiəçisi Nana Kakabadze tərəfindən xalqlar türməsi kimi təqdim edilirdi. Kakabadze Saakaşvili zamanında türmələrdə məhbusların beş dəfə artaraq 23 minə çatdığını və elitar korrupsiyanın genişləndiyini qeyd edirdi.

Gürcüstanın hüquq müdafiəçisinin narazılığını seminarın azərbaycanlı iştirakçıları şişirdilmiş hesab edirlər. Deputat Fazil Mustafa qeyd edir ki, hakimiyyətin şəffaf seçkilər yolu ilə dinc şəkildə dəyişilməsi bu ölkədə demokratiyanın olduğunu göstərir.

Gürcüstanda plüralizm və ictimai qrupların KİV və internetə çıxışı yüksəkdir, Ermənistanda informasiya məkanı daha az açıqdır. Amma Azərbaycanda mətbuat üzərində dövlət nəzarəti fonunda o daha azad görünür. Məsələn, hökumətin nəzarətində olan Mətbuat Şurası region üçün yeni görünməmiş təşəbbüs irəli sürüb. O, təklif edir ki, guya özünütənzimləmə və ictimai maraqların qorunması üçün İnternetə nəzarət edilsin.

REAL hərəkatı Məclisinin sədri Erkin Qədirlinin fikrincə, region ölkələrində həqiqi demokratik sistemlərin təsbiti üçün mücərrəd anlayışları yox, öz marqlarını müdafiə etməyə hazır olan mülkiyyətçilərin geniş təbəqəsini formalaşdırmaq zəruridir.

Hər halda demokratiya olmadan regionun problemlərini, ilk növbədə münaqişələri həll etmək mümkün deyil, deyə Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun rəhbəri Aleksand Rusetski düşünür. O, təklif edib ki, insan haqları və münaqişlər məsələsinə kompleks şəkildə və daha geniş regional aspektdə - Qara dəniz-Xəzər hövzəsi çərçivəsində və dialoqlarda münaqişə subyektlərinin iştirakı ilə baxılsın.

"Amma üç ölkənin siyasi sistemləri çətin ki bu məsələləri çözmək iqtidarında olsunlar, - deyə Fazil Mustafa bildirib. – Bu məsələni sahibkarlığın azadlığı həll edə bilər. O, güclü iqtisadi əlaqələr formalaşdırıb, siyasi iddia və maraqları ikinci plana ata bilər".
XS
SM
MD
LG