Accessibility links

Cənubi Qafqaz ölkələri 2016-cı ildə 29 hərbçisini itirib


“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI)-logo

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI)-logo

“2016-cı ildə (martın 31-dək) Cənubi Qafqazın 3 ölkənin (Azərbaycan, Ermənistan, Gürcüstan) Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 29 hərbi qulluqçusunu itirib. Onların 11-i atəşkəs pozuntusu, 18-i qeyri-döyüş itkiləridir. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) məlumatı Azərbaycan, Gürcüstan və Ermənistan KİV-də apardığı monitorinqin nəticələrinə əsaslanaraq yayıb.

Məlumatda deyilir ki, ötən dövrdə Azərbaycan 11 hərbçisini itirib. Dünyasını dəyişənlərin 7-i döyüş, 4-ü qeyri-döyüş itkisidir.

Silahlı Qüvvələrin 7 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 10-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Ötən dövrdə ümumilikdə 6 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi (MN) erməni tərəfinin gülləsindən yaralanıb, bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (Dövlət Təhlükəsizlik Xidməti) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

2016-cı ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələrinin 16 hərbi qulluqçusu dünyasını dəyişib. 4 nəfər Azərbaycan tərəfinin atəşindən, 4 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 6 nəfər intihar edib, 1 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. Bir nəfər bədbəxt hadisə (elektrik cərəyanı) nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 1-i zabit, 3-ü müqaviləli əsgər, 1-i çavuş, 11 nəfəri müddətli xidmət hərbi qulluqçusu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Dağlıq Qarabağdakı hərbi birləşmələrin) hərbi qulluqçuları olub. Hadisənin 8-i Azərbaycanın Dağlıq Qarabağ ərazisində, 8-i Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında xəsarət alıb. İki əsgər cəbhə xəttində yaralanıb.

Gürcüstanın itkiləri 2 nəfərdir. İnstitut bildirir ki, Cənubi Qafqaz ölkələri arasında ən az sayda hərbi itki əvvəlki illərdə olduğu kimi Gürcüstan Silahlı Qüvvələrinə aiddir. Müvafiq dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib. Onlardan biri H1N1 virusundan, digəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Onların hər ikisi (mayor və əsgər) Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.

XS
SM
MD
LG