Accessibility links

Cəsur Sümərinli: Münaqişənin nizamlanmasında aydın bir sabah görünmür [Video-müsahibə]


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan cəbhəsində son gərgin durum və onu doğuran səbəblərdən danışıb.

“Cəbhə xəttindəki hazırkı durum itkilərin nəticələrinə görə son 12 ilin ən böyük gərginliyidir. Azərbaycan tərəfindən 14, erməni tərəfindən isə 4 hərbi qulluqçunun həlak olduğu deyilir”, Sümərinli qeyd edib.

Onun fikrincə, bu gərginlik münaqişənin nizamlanması istiqamətində tərəflərin biri-birinə qarşı nümayiş etdirdiyi hərbi təzyiqdir. “Hər iki tərəf dünya ictimaiyyətinə münaqişənin aktiv məcraya keçməsinin bölgədə yaradacaq ciddi problemləri nümayiş etdirir. Həm də münaqişənin nizamlanmamasının yaradacağı gərginliyi göstərirlər”.

Cəsur Sümərinli

Cəsur Sümərinli

Ekspert cəbhədəki gərginliyin siyasi səbəblərindən danışarkən deyib ki, Azərbaycan tərəfi bununla münaqişənin nizamlanmamasının bölgədə gərginliyin artmasına səbəb olacağını və istənilən an aktiv hərbi əməliyyatlara əl ata biləcəyini göstərir. “Bu baxımdan xüsusilə Ukrayna hadisələrindən sonra bir şans yaranıb ki, münaqişənin nizamlanmasının vacibliyini dünya ictimaiyyətinə çatdırsın. Hesab edirəm ki, bu gərginlikdən Azərbaycan tərəfi danışıqlarda istifadə etməlidir. Xüsusilə Soçi görüşündə Rusiya prezidentinə çatdırmalıdır ki, Ermənistana kömək etməsinlər. Ermənistanı müttəfiq kimi bu yoldan çəkindirsin” .

Sümərinli hesab edir ki, cəbhədəki gərgin durum və Ukrayna hadisələri münaqişənin nizamlanması baxımından Azərbaycan üçün pozitiv məqam yaradıb. “Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir”.

Onun dediyinə görə hazırkı anda danışıqların nəticə verməməsinə səbəb Dağlıq Qarabağın gələcək taleyi və Laçın yolu ilə bağlı məsələlərdir. “Ermənistan ilk növbədə Dağlıq Qarabağın ətrafındakı 7 rayonu azad etməlidir, sonra Dağlıq Qarabağın statusu və Laçın yolu məsələsi müzakirə edilməlidir. Erməni tərəfi 7 rayonu işğaldan azad etmək istəmir. Hesab edir ki, Dağlıq Qarabağın ətrafında təhlükəsizlik zolağıdır. Azərbaycan tərəfi isə Dağlıq Qarabağın statusunu öz ərazi bütövlüyü çərçivəsində görür və müstəqil statusla bağlı müzakirələrin əleyhinədir. Bu baxımdan danışıqlar dalana dirənib. Hesab etmirəm ki, yaxın zamanda tərəfləri tutduğu mövqedən döndərmək mümkün olsun”.

Ekspert hesab edir ki, Rusiya Ukrayna böhranından məğlub durumda çıxarsa Qafqaz regionunda münaqişələrin nizamlanmasında irəliləyiş ola bilər. “Ukrayna böhranında Rusiyaya təsirlərin nəticələri bu baxımdan maraq kəsb edir. Çünki hazırda Qafqaz münaqişələrinin nizamlanmasında Rusiya söz sahibidir. Buna görə də münaqişənin nizamlanmasında aydın sabah görünmür”, C. Sümərinli qeyd edib.

XS
SM
MD
LG