Accessibility links

Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumu barədə hesabat


Cəsur Sümərinli

Cəsur Sümərinli

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) “Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda (ATMS) insan haqlarının durumu”na dair monitorinq-hesabat açıqlayıb.

Monitorinq təhlükəsizlik və müdafiə sektoruna (TMS) aid Müdafiə Nazirliyini, Daxili Qoşunları, Dövlət Sərhəd Xidmətini, Hərbi Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyini və Müdafiə Sənayesi Nazirliyini əhatə edib. Monitorinq 2015-ci ilin yanvar-oktyabr aylarında icra olunan eyni adlı layihə çərçivəsində hazırlanıb.

Mediada bu sahə ilə bağlı əksini tapan materiallar əsasında aparılan monitorinqlərdə adı çəkilən sektorda daha çox əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvət, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər istiqamətləri araşdırma obyekti olub.

Hesabat müəllifləri araşdırmalar nəticəsində TMS-da insan haqları ilə bağlı durumun gərgin olaraq qaldığını xüsusi qeyd ediblər. Sənəddə qeyd edilir ki, 2014-cü ildə informasiya alınması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər nəticəsində TMD-də cəmiyyəti məlumatlandırma siyasəti faktiki iflasa uğrayıb. 2012-2013-cü illərlə müqayisədə 2014-2015-ci illərdə medianın TMS-də aktivliyi 80% aşağı düşüb.

Bu ilin ötən 10 ayı müddətində mediada TMS ilə bağlı 3570 informasiya hazırlanıb, bunun 705-nin on-line mediada əksini tapıb. Araşdırma obyekti olan adları çəkilən rəsmi qurumların mətbuat xidmətlərinin mediaya 1350 informasiya verdiyi, bundan 860 informasiyanın Müdafiə Nazirliyinin payına düşdüyü qeyd edilir. Bu informasiyaların əksəriyyətinin cəbhə bölgəsinə aid xəbərlərdən ibarət olduğu nəzərə çatdırılır.

Sənəddə araşdırmalara isnadən deyilir ki, TMS-dəki qurumlar bütünlükdə cəmiyyətə açıq deyil, korrupsiya, cinayət hadisələrini uzun müddət cəmiyyətdən gizli saxlamağa çalışırlar. Bu qurumlarda keçirilən antikorrupsiya fəaliyyəti barədə cəmiyyətə ətraflı hər-hansı sənəd təqdim etməyiblər. Bundan irəli gələrək, media gerçəkləri öyrənmək üçün qeyri-rəsmi mənbələrlə işləməyə məcbur olub.

“Hərbi-mülki münasibətlər kontekstindən yanaşılsa, bu qurumların cəmiyyətlə əlaqələrində müsbətə doğru irəliləyiş hiss edilmir”, sənəddə deyilir.

Hesabatda Müdafiə Nazirliyi əsgər ölümləri statistikasını, büdcə planlaşdırmasını, silahlanma prosesini, tenderləri gizlətməklə cəmiyyətə açıq olmamaqda ittiham edilir.

Hərbi prokurorluq cinayət, korrupsiya halları ilə bağlı sualları daim birmənalı olaraq cavablandırmaqdan imtina etməkdə suçlanır. Əsgər ölümləri ilə bağlı prokurorluğun mediaya açdığı faktlar bütün ölümlərin cəmi 5%-ni əhatə edir.

Monitorinqin araşdırma obyektinə daxil olan qurumlar cəmiyyətə daha qapalı qurumlar kimi dəyərləndirilir.

Sənəddə TMS-yə aid qurumların təkcə cəmiyyətə yox, həm də parlamentə qapalı olduğu vurğulanır. Sənəddə deyilir ki, qapalılıq bu qurumlar daxilindəki neqativ halları vaxtında aşkarlamağa imkan vermir.

Hesabatda 2015-ci ildə TMS sistemində 67 hərbi qulluqçunun dünyasını dəyişdiyi, bundan 59-nun Müdafiə Nazirliyinə, qalan səkkiz nəfərin isə 3 rəsmi quruma aid olduğu qeyd olunur.

Sənəddə TMS sektoru əməkdaşlarının maaşlarının artırılması, kompensasiyalar ödənməsi, mənzillə təmin olunmaları kimi addımlara ehtiyac olduğu vurğulanır.

Hesabatda qeyd edilir ki, bu sistemdə korrupsiya və rüşvətə qarşı daha amansız mübarizə aparılmalı, heç kəsə güzəşt edilməməlidir.

Bu sırada büdcə planlaşdırmaları şəffaf olmalıdır.

Hesabatla bağlı rəsmi qurumlar hələ şərh verməyib.

XS
SM
MD
LG