Accessibility links

Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır


Ceyms Uorlik
Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışılarda mövcud durum, Minsk qrupunun həmsədrlərinin mövqeyi, onların AŞPA-da Dağlıq Qarabağla bağlı müzakirələrə münasibətindən danışıb.

Amerikanın Səsi: Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib? Buna münasibətiniz necədir?

Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik.

Ceyms Uorlik: Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər.

Amerikanın Səsi: Azərbaycan Minsk qrupunun həmsədrləri ilə görüş planlaşdırmadığını bildirib. Amerikalı həmsədr və ya həmsədrlər Azərbaycan rəsmiləri ilə növbəti görüşlə bağlı danışıqlar aparırmı? Azərbaycan rəsmiləri ilə növbəti görüş nə vaxt ola bilər?

Biz münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Xarici İşlər Naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazırıq.

Ceyms Uorlik: Vasitəçilər kimi, biz sülhə doğru yeganə yolun danışıqlar masası arxasında olduğuna inanırıq. Biz münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Xarici İşlər Naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazırıq.

Amerikanın Səsi: Münaqişə ilə bağlı aparılan danışıqların indiki mərhələsi əvvəlki mərhələlərdən nə ilə fərqlənir? Ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu, qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı illərdir razılıq əldə edilməyən məsələlərlə bağlı nə yenilik söyləyə bilərsiniz?

Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Ceyms Uorlik: Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Amerikanın Səsi: Madrid prinsipləri ətrafında uzun illərdir aparılan danışıqların artıq fiaskoya uğradığını düşünmək mümkündürmü?

Tərəflər və həmsədrlər münaqişənin əsas elementlərinin Madrid prinsiplərinə əsaslanması fikri ilə bölüşürlər.

Ceyms Uorlik: Tərəflər və həmsədrlər münaqişənin əsas elementlərinin Madrid prinsiplərinə əsaslanması fikri ilə bölüşürlər. Təkliflər hal-hazırda qeyd olunan prinsiplərə əsaslanaraq tərəflər və həmsədrlər tərəfindən müzakirə olunur.

Amerikanın Səsi: Minsk qrupu həmsədrləri formatı danışıqlarda hər hansı irəliləyişə nail olunması üçün bəs etmir. Danışıqlarda irəliləyişə nail olunması üçün daha hansı formatı effektli hesab edərdiniz?

Ceyms Uorlik: Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

Amerikanın Səsi: Vaxtı ilə ABŞ dövlət katibi Madelen Olbraytın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlamışdı. Bu formatın sonluğu Ermənistanda hakimiyyət dəyişikliyi, parlamentdə qətllə müşayiət olundu. Yenidən tərəflərin vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlaması mümkündürmü?

Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər Dövlət Katibi Kerri, Prezident Putin və Prezident Hollandın vasitəçilik səyləri nəticəsində Prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir.

Ceyms Uorlik: Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir. Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər Dövlət Katibi Kerri, Prezident Putin və Prezident Hollandın vasitəçilik səyləri nəticəsində Prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir.

XS
SM
MD
LG