Accessibility links

Ceyms Uorlik: Gərginlik göstərdi ki, davamlı sülhə nail olmaq üçün danışıqlar davam etdirilməlidir [Video]


Amerikalı həmsədr mətbuat konfransı keçirib

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 6-da Bakıda səfərdə olub. Həmsədrlər prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, xarici işlər nazitri Elmar Məmmədyarovla görüşüb. Aprelin 6-da həmsədrlər Xankəndinə səfər edəcək.

Görüşlərdən sonra amerikalı həmsədr Ceyms Uorlik mətbuat konfransı keçirib. O bildirib ki, həmsədrlərin prezident İlham Əliyevlə çox məhsuldar görüşləri olub.

“Görüşlərimizdə son zamanlar cəbhə xəttində gərginliyin artması ilə bağlı söhbətlər apardıq. Biz cənab Əliyevə cəbhə xəttindəki gərginlik nəticəsində həlak olan hərbi və mülki şəxslərlə bağlı başsağlığı verdik”, o qeyd edib.

Uorlik bildirib ki, həmsədrlər Bakı və Yerevana danışıqlarda irəliləyişə nail olmaq və insanların həyatanı xilas etmək üçün atəşkəsə əməl olunması, atəşin dayandırılması mesajını gətirib.

“Biz prezident və xarici işlər naziri ilə görüşümüzdə danışıqların bərpa olunmasının və münaqişənin davamlı həllinin tapılmasının vacibliyini vurğuladıq. Eyni mesajları Yerevanda da diqqətə çatdıracağıq”.

Ceyms Uorlik Amerikanın Səsinin cəbhədəki son gərginliyin sülh prosesinə təsirləri və ABŞ-ın Minsk qrupundan kənarda prosesə təsirləri ilə bağlı sualının cavabında bildirib ki, həm prezident Əliyev, həm də prezident Sarkisyan atəşkəsə hazır olduqlarını bəyan edib.

“Biz bu bəyanatları alqışlayırıq. Ümid edirik ki, bu cəbhə boyu gərginliyi azaldacaq”.

O hesab edir ki, tərəflər astəşkəsə əməl etməsə və atışmanın dayandırılmasından boyun qaçırsa siyasi danışıqlarda tərəqqidən söhbət gedə bilməz.

“Biz bütün tərəflərə bəyan edirik ki, danışılar üçün siyasi proses başlamalıdır. İnsanların ehtiyac duyduğu stabilliyi yaratmaq üçün hərtərəfli danışıqlar baş tutmalıdır. ABŞ da Minsk qrupunun fəaliyyətini dəstəkləyir və hesab edir ki, gələcəkdə sülh yolu ilə münaqişənin həll yolunun tapılması üçün danışıqlar davam etdirilməlidir. Bizim ali rütbəli məmurlarımız, hətta dövlət katibi də birbaşa olaraq bu prosesə müdaxilə edib. O da bu prosesdə hər iki tərəfə atəşkəsin və siyasi prosesdə irəliləyişin əldə olunması üçün çağırışlar edib. Mən düşünürəm ki, baş vermis gərginlik bir daha onu göstərdi ki, davamlı sülhə nail olmaq üçün danışıqlar davam etdirilməlidir. Bunun üçün də prezidentlər başda olmaqla hər iki tərəfin siyasi iradəsi olmalıdır. Onu da qeyd edim ki, sülhə nail olmaq üçün həmsədr ölkələr, ABŞ, Fransa, Rusiyanın mövqeyində elə də bir fərq yoxdur”, o qeyd edib.

Həmsədr Amerikanın Səsinin Azərbaycanın problemin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həllinin və qoşunların Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı bəyanatının Ermənistan tərəfindən qəbul edilməməsinin yeni eskalasiyaya gətirib çaxaracağı ehtimalı ilə bağlı sualının cavabında bildirib ki, burada söhbət hərtərəfli həll yolundan gedir və sözsüz ki, bu hərtərəfli həllə ordunun işğal olunmuş ərazidən çıxarılması nəzərdə tutulur. Bundan başqa işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Azərbaycanın tam nəzarətinə verilməsindəın söhbət gedir. Amma bundan başqa həm də tərəflərin Dağlıq Qarabağın statusunu müzakirə etməsi də masa üzərindədir. Digər məsələlər də var. Bizim dediyimiz hərtərəfli həllə bir neçə məsələ daxildir. Ona görə də onlar bu həllə, məsələyə bir tam kimi yanaşmalıdırlar”.

Həmsədr münaqişənin artıq 20 ildən artıq müddətdə həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu anladığını bildirib. O qeyd edib ki, Ermənistan tərəfdə də məyusluq hissi var.

Vasitəçi ATƏT-in Minsk qrupunun həmsədrlərinin sabah Xankəndinə gedəcəklərini bildirib. Təmas xəttinə səfər ehtimalı ilə bağlı sualı isə amerikalı diplomat belə cavablandırıb. "Monitorinq keçirmək üçün hər iki tərəfin icazəsi lazımdır. Bu icazə isə lazımi təhlükəsizlik səviyyəsinin təmin edilməsi halında verilə bilər".

XS
SM
MD
LG