Accessibility links

Görkəmli ingilis yazıçısı Ceyn Ostinə məxsus firuzə üzük hərracda 236 min dollara satılıb

Britaniya klassik ədəbiyyatının ölməz nümunələrini yaratmış yazısı Ceyn Ostinə məxsus firuzə qaşlı üzük İrlandiya paytaxtı Dublində keçirilmiş hərracda 152 min 450 funt sterlinqə (236 min 557 dollar) satılıb.

Sotheby’s hərracının təşkilatçılarının üzük üçün müəyyən etdiyi qiymət əvvəlcə 30-40 min dollar olmuşdu. Lakin səkkiz nəfər arasında gedən rəqabətdən sonra üzük adı açıqlanmayan müştəriyə satılmışdır.

Üzüyün tarixi ilə bağlı mövcud fərziyyələrdən birinə görə, o, Ceyn Ostinə irlandiyalı sevgilisi Tom Lefroy tərəfindən hədiyyə edilib. “Qürur və Qərəz” əsərini yazdığı zaman Ostinlə Lefroy arasında münasibətlərin xarakteri barədə məlumat azdır. Lakin məhz həmin dövrdə onların məktublaşdığı məlumdur. Bəziləri hesab edir ki, Lefroy Ceyn Ostinin əsərində ən yadda qalana Mister Dersi xarakterinin prototipi olmuşdur.

Lakin başqaları üzüyün tarixini romantik münasibətlərlə daha az bağlamağa meyllidir. Mətbuatda verilmiş məlumatlara əsasən, Sotheby’s hərracının ədəbiyyat məsələləri üzrə ekspertləri üzüyün Ceyn Ostinə qardaşı Henri tərəfindən hədiyyə edildiyini düşünür. Üzük London şəhərində Henrinin işlədiyi banklardan birinin ərazisində yerləşən zərgərlik mağazalarından birinə məxsus qutuda saxlanmışdır.

Ceyn Ostinin ölümündən sonra onun bacısı Kassandra üzüyü Henrinin ikinci arvadına hədiyyə edir. O da öz növbəsində üzüyü Ceyn Ostinin bacısı qızı Karolina verərək, onun kimə məxsus olduğunu yazdığı kiçik məktubda qoyub gedir. Hərraca çıxarılan üzüyün məhz Ceyn Ostinə aid olduğu da bu məktubla müəyyənləşir.

Tarixi 1863-cü ilə aid olan yazıda deyilir:”Bu üzük sənə xalan Ceyndən yadigardır. Onu mənə xalan Kassandra mən sənin dayınla nişanlanan zaman vermişdir. Mən də onu sənə ötürürəm. Allah səni qorusun.”

Bundan sonra üzük hərraca çıxarılan qədər onun ailə üzvləri tərəfindən saxlanmışdı.

Firuzə qaşlı üzük Ceyn Ostinin hərraca çıxarılan nadir əşyalarının sonucusudur. Keçən il yazıçınnı heç zaman işıq üzü görməmiş romanının ilk əlyazması Sotheby’s hərracında 1,6 milyon dollara satılmışdı.

Ceyn Ostin 18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərində yaşamış Britaniya yazıçısıdır. O, dünya ədəbiyyatında ““Qürur və Qərəz”, “Emma”“Hiss və Həssaslıq” kimi romantik əsərlərin müəllifi kimi tanınır. Onun əsərləri Hollivud da daxil olmaqla dəfələrlə ekranlaşdırılmışdır.

İyulun 10-da Dublində Sotheby’s hərracına Vilyam Şekspir, Şarlotta Bronte, Cefri Çoser və Conatan Svift kimi ingilis ədəbiyyatının görkəmşi yazıçı və şairlərinə aid əlyazmalar və əşyalar da çıxarılmışdır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG