Accessibility links

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri cəzaçəkmə müəssisəsində olub


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) üzvləri Mehman Əliyev, Elşən Həsənov və Əvəz Zeynallı məhbuslar-hüquq müdafiəçisi İntiqam Əliyev və NİDA gənclər təşkilatının üzvü Rəşad Həsənovun saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində olub.

Lakin görüş baş tutmayıb, çünki ötən gün ailə üzvləri onlara baş çəkiblər. Penitensiar Xidmətin qaydalarına görə, məhbuslarla görüşə 15 gündən bir icazə verilir.

Komitə üzvləri müəssisənin rəis müavini Elxan Əmirovla söhbət ediblər, məhbusların, əsasən İ.Əliyev və R.Həsənovun saxlanma şəraiti ilə maraqlanıblar.

E.Əmirov bildirib ki, saxlanma şəraiti qanunvericiliyə və Penitensiar Xidmətin qaydalarına uyğundur. Hər kamerada 40-dək məhbus saxlanılır, televizor və radio var, dövrü mətbuat verilir. Ancaq məhbuslara “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin çatdırılmasını necə təmin etmək olar” sualına rəis müavini cavab verə bilməyib. Məlum olduğu kimi, qanunvericiliyin tələblərinə baxmayaraq, bu nəşrlər koloniyalara göndərilmir.

VCMK üzvlərinin gəlişi barədə İ.Əliyevə və R.Həsənova məlumat verilib, komitə adından onlara ərzaq (şirniyyat) çatdırılıb.

6 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla görüş üçün şəraitin yaradılacağını vəd ediblər. Görüş oktyabrın sonunda baş tuta bilər.

Komitə sədri Arzu Abdullayeva bildirib ki, müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan digər siyasi məhbuslara da başçəkmələr planlaşdırılır. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda ən azı 80 siyasi və vicdan məhbusu var.

XS
SM
MD
LG