Accessibility links

Çeçenistandan gələn xəbərləri adətən xoşbəxt sonluqlu xəbər adlandırmaq çətindir. Lakin son həftə Rusiyanın iki dəfə müharibə apardığı bu respublika haqda xəbərlərin əsas mövzusu yeniyetmə məktəbli qızla rayon polis idarəsinin 47 yaşlı rəisinin toyu ilə bağlıdır.

17 yaşlı Luiza Qoylabiyeva ilə Çeçenistanda Nojay-Yurtov rayon daxili işlər şöbəsinin rəisi Najud Quçiqovun toyu Rusiya mətbuatında geniş işıqlandırılıb və sosial mediada müzakirələrə səbəb olub. Diqqət mərkəzində həddi-buluğa çatmamış qızın evli kişi ilə nikahının hüquqi tərəfləri və eyni zamanda Çeçenistanda Ramzan Kadırovun idarəçiliyi altında baş verən hadisələr olub.

Mayın 15-də Qroznıda təntənəli nikah və sonra toy mərasimləri Çeçenistanda böyük bir hadisə kimi qarşılanıb, Ramzan Kadırov isə özünün də iştirak edib rəqs etdiyi toy mərasimini “əsrin toyu” adlandırıb.

Chechen Wedding Grozny

Chechen Wedding Grozny

Lakin "möhtəşəm toy mərasimi"nin pərdəarxası məqamlarını izləyənlər üçün bir məsələ tam aydın deyil. Bu da qızın özü və ailəsinin təzyiqlər qarşısında nikaha razı olub-olmamasıdır. Məsələ ilə bağlı "Novaya Qazeta"-nın müxbiri Yelena Milaşina araşdırma aparmağa başlayıb.

Milaşina Luiza Qoylabiyevanın yaşadığı Nojay-Yurtov rayonunun Baytarki kənd sakinlərindən qızın nikaha məcbur edildiyi haqda məlumatları aldıqdan sonra "Novaya qazeta"da qıza kömək məqsədilə ilk məqaləsini yazıb. Kənd sakinləri bildirib ki, Quçiqov qızın ailəsinə mayın 2-ə qədər ultimatum verib və valideynlərin qızı başqa yerə apara bilməməsi üçün kəndin hər yerində keşikçi yerləşdirib. Milaşinın ilk məqaləsindən sonra toy ilk dəfə təxirə salınıb. Lakin sonradan vəziyyət dəyişib.Yelena Milaşina bu dəfə artıq özü Çeçenistana səfər edib. Lakin jurnalist Luiza (media və sosial şəbəkələrdə qızın adi Heda kimi də göstərilir) ilə görüşə bilməyib, kənd sakinləri isə onunla danışmaqdan imtina edib və hətta Milaşinanı kənddən qovmağa çalışıblar. Yelena Milaşina araşdırma ilə bağlı aldığı təhdidlər nəticəsində Çeçenistanı tərk etməli olub. “Novaya qazeta”da ”Baytarki kəndindən son reportaj” adlı yazısında o, Çeçenistanda olduğu müddət “ehiyatlı olmaq” haqda xəbərdarlıq aldığını qeyd edib.

Luiza Qoylabiyeva Maqomed Daudovun müşayiətilə nikah sarayına gətirilir

Luiza Qoylabiyeva Maqomed Daudovun müşayiətilə nikah sarayına gətirilir

Toya hazırlıqların getdiyi zaman Rusiyanın Lifenews telekanalında Luiza Qoylabiyeva ilə müsahibə nümayiş etdirilib. Videoda xalası Alpatı Yusupova ilə birgə jurnalistlərin suallarına cavab verən gənc qız nikaha razılıq əsasında getdiyini və Najud Quçiqovla keçən il tanış olduğunu deyib. Luizanın sözlərinə görə, o, nişanlısının evli və uşaqları olduğundan xəbərdardır və ona ərə getməyə razıdır.

Çeçenistan lideri Ramzan Kadırov sosial mediada qızın zorla ərə verildiyi haqda xəbərlərdən sonra respublika televiziyasında açıqlama verib. Kadırov “özünün ən yaxın adamını kəndə göndərdiyini və qızın ailəsinin razlıq verdiyini” deyib. Bu çıxışda Ramzan Kadırov Novaya Qazeta-nın müxbiri Yelena Milaşinanın “məsələyə müdaxiləsinə” də toxunub.

Luiza Qoylabiyeva və Najud Quçiqovun Ramzan Kadırovun Instagram səhifəsində fotosu

Luiza Qoylabiyeva və Najud Quçiqovun Ramzan Kadırovun Instagram səhifəsində fotosu

Şaiyələrin doğru olmadığı və nikahın qarşılıqlı hisslərə əsaslandığını bir daha “sübut” etmək üçün Ramzan Kadırov mayın 15-də İnstaqram səhifəsində Luiza Qoylabiyeva və Najud Quçiqovun fotolarını yerləşdirərək, onların qarşıdan gələn toyunu “əsrin toyu” adlandırıb.

“Mən indiyə qədər elə bilirdim ki, əsrin toyu Ketrin Middlton və şahzadə Uilyamın nikah mərasimi idi (onlara uzun illər xoşbəxtlik arzulayıram). Amma son günlərin hadisələri bizi buna inandırır ki, minilliyin mərasimi Najud Quçiqov və Luziya Qoylabiyevanın toyu olacaq,”-deyə o yazıb.

Luiza Qoylabiyeva

Luiza Qoylabiyeva

Fotonu müşayiət edən yazıda Ramzan Kadırov eyni zamanda, nikah mərasiminin Rusiya Federasiyası qanunları çərçivəsində və İslam dininə uyğun olaraq keçiriləcəyini bildirib. Bu fikirlə razılaşmayanlar Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, poliqamiyaya (çoxarvadlılıq) və yaşı 18-dən aşağı olan şəxslərin evlənməsinə icazə verilmədiyini və buna görə ikinci nikahda olan qadının hüquqi və mülki baxımdan heç bir hüquqa malik olmadığını qeyd edir.

“Exo Moskvı” informasiya agentliyinin yazdığına görə Qroznıda nikah mərasiminin jurnalist Asya Belova tərəfindən aparılması nikahın qanununliyini bir daha şübhə altına alır. Belə ki Rusiya Federasiyasının qanunvericiliyinə görə, vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı orqanlarının səlahiyyətli və kvalifikasiyalı şəxsləri tərəfindən aparılmalıdır.

Nikahın islam qaydalarına uyğun olması da çoxları tərəfindən şübhə ilə qarşılanır. İslam qanunları və çeçen adətlərinə görə nikah hər iki tərəfin razılığına əsaslanmalıdır. Luiza Qoylabiyeva və Najud Quçiqovun nikahının əsas qarantı kimi burada Çeçenistan lideri Ramzan Kadırov çıxış edib.

Najud Quçiqovun Instagram səhifəsində ailəsi ilə birlikdə fotosu

Najud Quçiqovun Instagram səhifəsində ailəsi ilə birlikdə fotosu

Qafqaz bölgəsi üzrə ekspert və bu yaxınlarda Bostonda 2013-cü ildə marafon zamanı bomba hücumu törətməkdə ittiham edilən çeçen mənşəli Cövhər Tsarnayevin məhkəməsində iştirak edən Fatima Tlisova Amerikanın Səsinə müsahibəsində deyib ki, Ramzan Kadırov artıq uzun müddətdir qarşısına Qafqazda və Rusiyada dini lider olmaq kimi bir məqsəd qoyub. Özü də Şimali Qafqaz bölgəsindən olan Tlisovanın bildirdiyinə görə, Kadırov İslamdan siyasi məqsədlər və öz hakimiyyətini möhkəmlətmək üçün istifadə edir.

Human Rights Watch təşkilatının Rusiya proqramlarının direktoru Tanya Lokşina yazıb ki, Ramzan Kadırov son illər Çeçenistanda Rusiya qanunvericiliyini rədd edərək çoxarvadlılq haqda müsbət fikirdə olduğunu bildirib. Onun yazdığına əsasən, gənc yaşlarında nikahların əleyhinə çıxmağa söz verməsinə baxmayaraq, Kadırov görünür bunu öz yaxınlarına şamil etmək fikrində deyil.

Ramzan Kadırov və Najud Quçiqov

Ramzan Kadırov və Najud Quçiqov

Ramzan Kadırovun “əsrin toyu”na yaxından marağının bir göstəricisi də nikah mərasimi zamanı gəlini yaxın kişi qohumları deyil, Çeçenistan liderinin administrasiyasının rəhbəri, “Lord” təxəllüslü Maqomed Daudovun müşayiət etməsidir. Elena Milaşinanın yazdığına görə, Daudov onun Çeçenistanda rəsmilərlə məsələ ilə bağlı əlaqə saxlamaq səylərinə cavab verən yeganə yüksək səviyyəli şəxs olub. Ona göndərdiyi tekst-mesajda Daudov məsələyə münasibətini belə ifadə edib: “Azarkeşlərdə belə bir məsəl var: oyunu necə oynamağın önəmli deyil, əsas tablodakı hesabdır.”

Vətəndaş hüquqları müdafiəçiləri və müstəqil jurnalistlər 17 yaşlı qızın ailəsinin Ramzan Kadırovun şəxsən maraq göstərdiyi nikahın qarşısını ala bilmək iqtidarında olmadığını və təqiblərlə üzləşməmək üçün gənc qızı özündən xeyli yaşlı nüfuzlu adama ərə verməyə razı olduqlarını bildirir. Buna görə də Daudovun dediyi “hesab” artıq illərdir beynəlxalq təşkilatların insan hüquqlarının ən dəhşətli şəkildə pozulduğu Çeçenistan lideri və onun yaxınlarının xeyrinə ola bilər. Amma bu, Kadırovun sağ əli Daudovun müşayiəti ilə nikah sarayına gətirilib ictimiayyət qarşısında “razıyam” deyən 17 yaşlı qızla qeyri-bərabər "oyun"dur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG