Accessibility links

Çinin dövlətə məxsus Şinhua xəbər agentliyi bu yaxınlarda qərbsayağı demokratik siyasi sistem quruculuğu barədə xəbərdarlıq mahiyyətli məqalələr dərc edib. Məqalələrdə deyilir ki, Çində iğtişaşlar baş qaldırsa, nəticələr Sovet İttifaqında baş verənlərdən daha faciəvi ola bilər.

Bir neçə gündən sonra gündəlik The People’s Daily qəzetində dərc edilən daha bir xəbərdarlıq mahiyyətli məqalədə Amerikasayağı siyasətin Çinə təhlükə ola biləcəyi deyilib. Məqalələrin müəllifi azadlıq və demokratiya ideallarını tərənnüm edən ABŞ Konstitusiyasını təzadlı adlandırıb, adi insanlar bahasına kapitalistləri müdafiə etdiyini bildirib. Sovet İttifaqının dağılmasına konstitusional demokratiya pərdəsi altında Boris Yeltsin və Mixail Qorbaçov kimi liderlərin səbəb olduğu bildirilib.

Çində iğtişaşlar baş qaldırsa, nəticələr Sovet İttifaqından da faciəvi ola bilər
Məqalələrin müəllifi bir çox oxucuya bəlli olmasa da, siyasi təhlilçilər prezident Şi Cinpinq də daxil olmaqla, müəlliflərin Çin liderləri olduğunu təxmin edir. Onlarin fikrincə, xəbərdarlıq artmaqda olan ictimai tələblərə reaksiyadır.

Nyu-Yorkda yerləşən “Pekin Baharı” nəşriyyatının redaktoru Hu Pinqin dediyinə görə, demokratiya və konstitusiyaya hücum mahiyyəti daşıyan yazılar adi bir partiya üzvünün düşüncələri deyil. O, bunların prezidentin düşüncələrini əks etdirdiyini deyir.
Hu bildirir ki, bu, hökumətlə vətəndaşlar arasındakı məhdud bir sistemin göstəricisidir.

Pennsilvaniya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, tarixçi Artur Valdron məqalələri artmaqda olan ictimai tələbə reaksiya kimi qiymətləndirir. O, ABŞ konstitusiyasının tənqid edilməsini bu haqda gedən söhbətlərlə izah edir. Professor Çin mətbuatında fikirlərin təsadüfi olmadığını vurğulayır.

Hakim partiya xalqın tələbinə məhəl qoymasa, özünü təhlükə altına alacaq
Brukinq institutunun əməkdaşı Çeng Li isə Çindəki siyasi debatları sosial problemlərlə əlaqələndirir. Onun fikrincə, məqalələr xəbərdarlıq mahiyyəti daşıyır. Çeng Li hesab edir ki, hakim partiya xalqın konstitusiyaya əsaslanan sistem quruculuğu tələbinə məhəl qoymasa, özünü təhlükə altına alacaq.

Prezident Cinpinqin Çini hansı səmtə istiqamətləndirəcəyini demək hələ tezdir. Lakin Kommunist Partiyasının gələcəklə bağlı debatları rəhbərlik daxilində mövcud olan narahatlıqlara işarədir.
XS
SM
MD
LG