Accessibility links

Şərqi Türküstan İslamçı Hərəkatı terrorçu təşkilatdırmı?

  • Amerikanın səsi

Şərqi Türküstan İslamçı Hərəkatı terrorçu təşkilatdırmı?

Şərqi Türküstan İslamçı Hərəkatı terrorçu təşkilatdırmı?

Çin dini ekstremist qrupların bazar günü Sincan regionunda zorakı hücum planlaşdırıb həyata keçirdiyini və onların liderlərinin fəaliyyəti qadağan olmuş Şərqi Türküstan İslamçı Hərəkatının Pakistandakı təlim düşərgəsində təlim aldığını bildirir. Regionda terrorizm üzrə ekspertlərin sözlərinə görə, bu, ilk dəfə deyil ki, Çin hücumlara görə Şərqi Türküstan İslamçı Hərəkatı qrupunu günahlandırır.

2001-ci ildə sentyabrın 11-i terror hücumlarından iki ay sonra Çin ölkə daxilində və xaricə Şərqi Türküstan adı altında 40 təşkilatın fəaliyyətilə bağlı sənədləri açıqladı. Sənədlərdə bu qrupların əl-Qaidə və Talibanla əlaqəsi olduğu və uyğur döyüşçülərin Əfqanıstanda təlim və maliyyə dəstəyi aldığı göstərilirdi.

Çinin təqdim etdiyi sənədlərə əsasən, Şərqi Türküstan İslamçı Hərəkatı açıq şəkildə zorakılığı təbliğ edən səkkiz təşkilatdan biridir. Burada deyilir ki, qrup üzləri və onun lideri Həsən Maksum Əfqanısanda Üsəma Bin Ladenlə görüşüb, ondan maliyyə dəstəyi və təlim alıb.

2002-ci ildə Çin Şərqi Türküstan İslamçı Hərəkatının terror fəaliyyətləri ilə bağlı daha dərin təhlil verərək, 1990 və 2001-ci illər arasında Sincanda 200-dən artıq insidentə görə günahlandırmışdır.

Birləşmiş Ştatlar təşkilatı 2002-ci ildə maliyyə və 2004-cü ildə mühacirətlə bağlı iki terror siyahısına daxil edib. Dövlət Departamentinin qrup haqda məlumatında deyilir ki, Şərqi Türküstan İslamçı Hərəkatının üzvləri Əfqanıstanda əl-Qaidə və Taliban qüvvələri ilə ABŞ əsgərlərinə qarşı döyüşlərdə iştirak edib. Dövlət Departamenti qrupun lideri Maksumun 2003-cü ildə Pakistanın qərbində əl-Qaidəyə aid bir istehkamda reyd zamanı öldürüldüyünü bildirir.

Sinqapurda Zorakılıq və Terrorizmə dair Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Rohan Gunaratna deyir ki, qrup onun liderinin qətlindən əvvəl daha yaxşı təşkilatlanmışdı. “Həsən Maksum 2003-cü ildə Pakistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. ABŞ və Pakistan onun ölümülə bağlı məlumatları amerikalılar və çinlilərlə bölüşüb. Çin DNK təhlilləri əsasında öldürülən şəxsin Həsən Maksum olduğunu təsdiqləyib.”

Şərqi Türküstan İslamçı Hərəkatı 2008-ci ildə Pekində Olimpiya oyunlarından əvvəl diqqəti cəlb etməyə başlamışdı. O zaman Türküstan İslam Partiyası adı altında fəaliyyət göstərən təşkilat Sincanda bir sıra hücumlar, Şanxay və Yunanda avtobusda partlayışın məsuliyyətini öz üzərinə götürmüşdü.

Təşkilat yaydığı video mesajda Olimpiya oyunları zamanı bioloji hücum da daxil olmaqla, daha çox hücumlar həyata keçirməklə hədələmişdi. Lakin bu, baş vermədi və Çin rəsmiləri avtobusda partlayışların Şərqi Türküstan İslamçı Hərəkatı ilə əlaqəsi olmadığını bildirdi.

2009-cu ildə ABŞ-ın Maliyyə nazirliyi qrupun hazırkı lideri Əbdül Hakkı terrorçu kimi qara siyahıya salıb. Nazirliyin bəyanatında deyilir ki, onun rəhbərlik etdiyi qüvvələr Olimpiya oyunları dövrü Çndə zorakılıq törətməyə çalışıb. Burada həmçinin qeyd edilir ki, Hakk 2007-ci ildə terrorçuları maliyyə toplamaq və xaricdə Çinin maraqlarını təmsil edən obyektlərdə hücumlar üçün partlayıcı maddələr əldə etmək məqsədilə Yaxın Şərqə göndərib.

Terrorizm məsələləri üzrə ekspertlər Todd Reed və Dyana Raske Şərqi Türküstan İslamçı Hərəkatı haqda kitabda yazırlar ki, təşkilatın bəzi hücumlara görə məsuliyyət daşıdığı şübhəli görünsə də, qrup Pekin Olimpiadasında baş vermiş bəzi zorakılıq aktlarında iştirak edib.

Bu da təşkilatın qabiliyyəti haqda suallar doğurur.

Dövlət Departamenti qrupun tam qabiliyyətinin məlum olmadığını qeyd edərək,ABŞ və Çinin Şərqi Türküstan İslamçı Hərəkatının Çinin daxili və xaricində bir sıra hücumlara görə məsuliyyət daşıdığını hesab etdiyini bildirir.

Manilada Havay unversitetində antropoloq mütəxəssis Dru Qladni Sincan və uyğurları öyrənməklə məşğul olur. “Bu təşkilat haqda yoxlanıb təsdiq edilmiş məlumat yoxdur. Ekspertlər arasında geniş yayılmış belə bir fikir var ki, Şərqi Türküstan İslamçı Hərəkatı adlanan qrup bir neçə kiçik qrup və təklikdə fəaliyyət göstərən ayrı-ayrı fərdi şəxslərdən ibarət bir təşkilatdır və əslində onun Çində və ya başqa yerlərdə hücumlar təşkil etdiyi ilə bağlı təsdiq edilmiş məlumatlar yoxdur.”

Terrorizm məsələləri üzrə təhlilçilər deyir ki, Birləşmiş Ştatlar Quantanamo həbsxanasında saxlanılan uyğur məhbuslardan təşkilat haqda ilk mənbədən məlumat alıb. Rohan Qunaratna deyir ki, uyğur məhbuslar təhqiqat zamanı mühüm informasiya veriblər.

“ABŞ Şərqi Türküstan İslamçı Hərəkatının əl-Qaidə ilə əlaqəsi olduğundan xəbərdardır və təşkilatın struktur quruluşu, ideoloji platforması və əməliyyatları haqda məlumata malikdir. Belə ki, Türküstan İslamçı Hərəkatının Pakistanda və Əfqanıstanda həbs edilmiş üzvləri Pakistan hökuməti tərəfindən ABŞ-a təhvil verilib. ABŞ Türküstan İslamçı Hərəkatının üzvlərini Quantanamo həbsxanasına salıb və onları dindirib.”

Türküstan İslamçı Hərəkatı ilə əlaqəsi olan məhbusların çoxu Quantanamodan azad edilib. Professor Qladni deyir ki,bu fakt onların terrorçu qrupda fəaliyyəti ilə bağlı daha çox sual qaldırır.

“Uyğur məhbusların Quantanamodan azad edilməsi faktı göstərir kki, ABŞ-ın onların heç bir terrorçu qrupla əlaqəsi olmadığı və ya təşkilatın üzvlərinin döyüşçü olmadığı qənaətindədir.”

Lakin Sinqapur mərkəzindən təhlilçi Qunaratna Türküstan İslamçı Hərəkatının hələ də güclü hərəkat olduğunu bildirir.

Hələlik Sincan vilayətinin qərbində yerləşən Kaşqar şəhərində zorakılıqlara görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Qunaratna hesab edir ki, hücumçular Türküstan İslamçı Hərəkatından ilham alıb və qrupun bir neçə üzvü də hücumda iştirak edib. Onun sözlərinə görə, məsələyə aydınlıq Çin insidentlə bağlı təhqiqatı bitirdikdən sonra gətirilə bilər.

XS
SM
MD
LG