Accessibility links

Dərs gedir. “Əgər başa düşmədinizsə, əlinizi qaldırın,” deyə müəllim sinfə müraciət edir. Təqribən üç saniyə ərzində gərgin baxışlarla sinif otağını nəzərdən keçirib, otaqda başa düşməyənin yeganə siz olduğunuzu zənn edirsiniz. Əlinizi qaldırmaqdan vaz keçirsiniz. Psixoloq David McRaneynin nəzəriyyəsinə görə sinif otağında baş verən kiçik fenomen bəşər tarixinin əsas istiqamətləndirici amillərindən birinə işıq salır. Sizə elə gəlir ki, özəl düşüncələriniz əksər adamların düşüncələri ilə təzad təşkil edir. Həqiqət isə budur ki, bir çox məsələlərdə insanların böyük qisminin çoxluğun inancı hesab etdikləri düşüncələri əslində cüzi bir azlıq paylaşır. Həmin sinif otağında sizin kimi dərsi başa düşməyən adamlar yəqin ki, çoxluq təşkil edir. Amma heç kəs müəllimin bir köntöy sualla formalaşdırdığı ab-havanı korlamağa, ağ qarğa kimi görünməyə cürət etmir.

Normalara riayət sizin kimi sosial varlıqları sağ saxlayır. Yeganə problem odur ki, siz başqa adamların düçüncələrini pis oxuyursunuz, qrup dinamikasının incəliklərinə isə az qala bələd deyilsiniz.

Psixoloji həqiqətlərlə ictimai mifləri ayırd etməyə həsr edilən kitabında McRaney oxşar hadisələrin həyatın bir çox sahələrinə sirayət etdiyini yazır. Filosof Terence McKennaya istinad edən müəllif mədəniyyəti beyinlərin idarəetmə sistemi adlandırır. “Cəmiyyətinizdə paylaşılan inanclar, dəyərlər, və normalar beyninizi idarə edən proqramdır. Siz həyata əksər situasiyalara uyğunlaşmaq instinktləri ilə gəlmisiniz, amma bu instinktlər içərisində doğulduğunuz mədəni müstəvidə daim təkmilləşdirilir, boğulur, yaxud başqa istiqamətə yönləndirilir, McRaney yazır. “Dəyərlər nəyin düzgün, yaxud yanlış, etik, yaxud qeyri-etik, mühüm, yaxud səfeh olmasının yozumudur. Normalar mədəniyyətin nəyin məqbul, nəyinsə qəbuledilməz olduğunu təsbit etdiyi davranış kodeksidir. Bəzən onlar qanunla tənzimlənir, bəzənsə bu, sizə boya-başa çatdığınız mühit tərəfindən təlqin olunur.”

Əlbəttə, bu dəyərlər tədricən də olsa daim dəyişir. Bioloji təkamüldə varlıqların ətraf mühitə uyğunlaşdığı kimi bəzən fundamental hesab edilən normalar da dəyişikliyə məruz qalır. Mülkiyyət hüquqlarından tutmuş nahar etiketinədək sosial davranışlar kodeksi keçmişlə müqayisədə dəyişib. Sizin beyniniz də varlığını yaşatmaq üçün müntəzəm şəkildə uyğunlaşan mədəniyyətə bənzəyir. Az uşaq var ki, pul hesab edilən kağız parçasının niyə bu qədər dəyərli olduğunu nə vaxtsa sual etməsin. Eyni suallar nə vaxtsa insanların bir-biri ilə görüşəndə əl sıxması, çəngəlin niyə boşqabın kənarına qoyulması ətrafında dolaşıb. “Sağlam olun!” deyə asqırana reaksiya verməyi özümüzə borc hesab edirik. Axı niyə?

Sosial məxluq olaraq insanın konformizmə təbii və güclü meyli var. Lakin bu, o demək deyil ki, konformizmin tapındığı dəyərlər çoxluğun həqiqi dəyərləridir.

Sosial məxluq olaraq insanın konformizmə təbii və güclü meyli var. Lakin bu, o demək deyil ki, konformizmin tapındığı dəyərlər çoxluğun həqiqi dəyərləridir.

Hər dəfə uşaq valideynə bu cür sual verəndə normaların möhkəmləndirilməsi prosesi başlanır. Eyni zamanda bu cür sualları cavablandırmağa çalışan valideyn artıq çoxdan unudulmuş səbəblər üzərində formalaşmış konvensiyanı əsaslandırmağa çalışır. Və təbii ki, həmin an özü-özünə eyni sualı verir. Axı niyə? “Hər yeni situasiyada insan dağılmış su öz səviyyəsini axtardığı kimi normaları müəyyən və onlara riayət etməyə can atır, çünki bu cür reaksiya uyğunlaşmağa proqramlaşdırılmış beynə xasdır,” McRaney müşahidə edir. “Kainata qarşı təkbaşına dayanmış adamın çiçəklənmə şansları zəifdir. Bu üzdən rüsvay olmaq qorxusu və cəmiyyət tərəfindən qəbul edilmə istəyi və bunun bəxş etdiyi məmnunluq sizin davranışınızı daim tənzimləyir. Bu cür normalara riayət sizin kimi sosial varlıqları sağ saxlayır. Yeganə problem odur ki, siz başqa adamların düşüncələrini pis oxuyursunuz, qrup dinamikasının incəliklərinə isə az qala bələd deyilsiniz.”

Plüralistik cəhalət sizin çoxluğun düşüncələrini düzgün oxuya bilməməyinizlə, çoxluğa uyğunlaşmaqla mükafatlanmaq və sosial normaları pozmaqla cəzadan yayınmaq meylinizin kombinasiyasıdır. Üstəlik, o adamlar ki, bu təzadı daha kəskin hiss edirlər, onlar mövcud saxta normaların ən qatı icraçılarına çevrilirlər,

Çox olur ki, başqlarının razılaşmadığı normalara riayət etməsinin şahidi olursunuz. Ən azı ictimaiyyət qarşısında onlar belə edirlər. Bu normalar dostlar və ailə müstəvisindən başlayarq bütöv bir cəmiyyəti əhatə edə bilər. O vaxt ki, siz ürəyinizdə razılaşmadığınız mövqe sərgiləyirsiniz, həmin vaxt siz güman ki, başqalarının da keçirdiyi təzad hisslərini keçirirsiniz. Psixoloqlar buna plüralistik cəhalət deyirlər. Plüralistik cəhalət adamın çoxluq üzvlərinin öz baxışlarına uyğun hərəkət etdiklərini, və etdiyi hərəkətlə öz dünya görüşünün uyğun gəlməməməsi ilə azlıqda olduğunu güman edən, həqiqətdə isə çoxluğun onun tərəfində olduğundan bixəbər və öz davranışı ilə keçirdiyi daxili təzadı büruzə verməməyə çalışan anda yaşanılan fenomendir. “Problem ondadır ki, siz təhlükəsiz oynamağa və normalara riayət etməyə çalışırsınız, halbuki bu normalar inancdan başqa bir şey deyil. Ona görə də çoxluğun inancını düzgün hesablamayanda normanı düzgün müəyyən etmir və beləliklə məntiqi spirala düşürsünüz.” Bəlkə elə bu səbəbdən insanlar adətən normalara başqalarının yanında olarkən əməl edirlər, McRaney müşahidə edir.

Hans Kristian Andersenin “İmperatorun Yeni Libası” adlı məşhur nağılı çoxlarına tanış gələr. Həmin əsərdə iki hiyləgər dərzi kralı inandırırlar ki, onun üçün elə zərif saplardan libas tikiblər ki, kütbeyin adamlar onu görə bilməzlər. Əslində dəzilər heç nə tikmirlər, kralı çılpaq buraxırlar. Amma kralın yaxın ətrafı özlərini kütbeyin göstərməmək naminə kralın həqiqətən libas geydiyini qəbul etməyə məcbur olur. Ta kompleksdən uzaq olan balaca bir uşaq kralın çılpaq gəzdiyini çığırdığı anadək hamı özünü elə aparır ki, guya kralın olmayan libasını görür. Bu hekayə plüralistik cəhalət anlamını özündə dolğun əks etdirir. Yaxşı, bəs insanlar niyə bu cür davranırlar? Niyə görə beyninizdəki düşüncəni ifadə etməkdən bu dərəcədə çəkinirsiniz? McRaneynin cavabı əsasən budur: Sosial qınaq.

"Kralın Yeni Libası" nağılının müsbət qəhrəmanı aldadılmış kral yox, çoxluğun illüziyasına son qoyan uşaqdır.

"Kralın Yeni Libası" nağılının müsbət qəhrəmanı aldadılmış kral yox, çoxluğun illüziyasına son qoyan uşaqdır.

“Plüralistik cəhalət sizin çoxluğun düşüncələrini düzgün oxuya bilməməyinizlə, çoxluğa uyğunlaşmaqla mükafatlanmaq və sosial normaları pozmaqla cəzadan yayınmaq meylinizin kombinasiyasıdır. Üstəlik, o adamlar ki, bu təzadı daha kəskin hiss edirlər, onlar mövcud saxta normaların ən qatı icraçılarına çevrilirlər,” McRaney müşahidə edir. Antoropoloqlar Warren Breed və Thomas Ktsanes buna “mühafizəkar qərəz” deyirlər. Bu qərəzdən çıxış edən insanlar yanlış olaraq güman edirlər ki, cəmiyyət olduğundan daha az proqressiv, dəyişikliyə daha az meyllidir. Beləliklə, mədəniyyəti təmsil edən təsisatlar və media lazım olduğundan daha mühafizəkar mövqe tutur. Çox vaxt bu, auditoriyanın təlabatından daha quru və cansıxıcı məzmun istehsalı ilə nəticələnir.

Bu fenomeni ən yaxşı dərk edənlər və ondan yararlananlar çox vaxt komediya ustaları olur. Onlar yaxşı başa düşürlər ki, insanın özünü müəyyən cür hiss edən yeganə adam olduğunu zənn etməsi əzici effektə malikdir. Onu da bilirlər ki, adamların mütləq əksəriyyəti həqiqi hisslərini ifadə etməkdən qorxur. Eyni zamanda komediya ustaları əmindirlər ki, sənin keçirdiyin istənilən özəl hissləri paylaşan adamlarla nəhəng stadion doldurmaq olar. George Carlin, Louis CK və Cem Yılmaz kimi tanınmış komediya ustaları bu üzdən zalda öz dəyər sistemlərini yaratmağa və insanların müvəqqəti də olsa içərisində özlərini daha rahat hiss etdikləri icma qurmağa müyəssər olurlar. Onlar heç kimin haqqında danışmağa cürət etmədiyi reallıqları təsvir etdikcə zal gülüş və alqışlara qərq olur. Bir şəhərdən o birinə gedən komediya ustaları plüralistik cəhalət şarlarını partlatmaqla insanlara göstərirlər ki, əksər hallarda onların özəl düşündükləri şeyləri çoxları düşünür, və əslində həqiqi norma elə budur.

Romada romalılar kimi hərəkət etməkdə qəbahət yoxdur. Sadəcə, yaddan çıxarmayaq ki, romalıların davranışı əksər romalıların necə düşündüyü haqda təsəvvür üzərində qurulub. Psixoloqların nəzəriyyəsinə əsasən isə çox vaxt heç romalılar özləri romalıların necə düşündüklərini düzgün müəyyən edə bilmirlər. Aşkarlıq, ictimai debat, ifadə və fikir azadlıqları məhz bu məqamlarda öz dəyərini nümayiş etdirir. Arbitrar məhdudiyyətlərdən uzaq mükalimə intellekti inkişaf etdirməyin, həqiqi sosial normaları müəyyən etməyin ən effektiv yoludur. Məntiq spiralından xilas açıq danışmaqdan, sual verməkdən, səmimi fikir mübadiləsi aparmaqdan keçir. O cəmiyyətlər ki, cəhalət həlqəsini yarmaq üçün insanlarına sərbəstliklər verir, Andersen əsərinin gülünc obrazı olan kralın və onun idarə etdiyi binəva toplumun taleyini yaşamaqdan daha effektiv qoruna bilirlər.

XS
SM
MD
LG