Accessibility links

Cənubi Koreya Çini ədalətli mövqe tutmağa çağırdı


Cənubi Koreya Çini ədalətli mövqe tutmağa çağırdı
Cənubi Koreya Çini ədalətli mövqe tutmağa çağırdı

Cənubi Koreya və Yaponiya Çinin Koreya yarımadasında gərginlikləri azaltmaq üçün fövqəladə toplantıya çağırışını ehtiyatla qarşılayırlar. Bu arada Cənubi Koreya və ABŞ qüvvələri Şimali Koreyanın haqqında xəbərdarlıq etdiyi irimiqyaslı hərbi təlimlərə başlayıblar.

Bu arada yüksək rütbəli Çin rəsmisi ilə görüşən Cənubi Koreya prezidenti rəsmi Pekini Şimali Koreyanı aqressiv davranışdan çəkindirməyə çağırıb. Cənab Li Seula gəlmiş dövlət kansleri Day Binqquoya söyləyib ki, Çin Şimali Koreya ilə münasibətlərində məsuliyyətli və ədalətli olmaldır. O, əlavə edib ki, Cənubi Koreya şimalın provokasiyalarına qəti cavab verəcək.

Çin rəsmisi Cənubi Koreya prezidentinə bildirib ki, Çin Koreyalar arasındakı gərginliyi azaltmağa çalışacaq. Şinhua xəbər agentliyinin məlumatına görə Day Binqquo prezident Li Myunq-baka deyib ki, yarımadada durum narahatedicidir, və tərəflər gərginliyi azaltmaq üçün ciddi təmaslar qurmaq barədə razılığa gəliblər. Yüksək rütbəli Çin diplomatı Ve Davey Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqların iştirakçılarını danışıqları dekabrın əvvəllərində bərpa etməyə çağırıb.

Lakin Cənubi Koreyanın prezident administrasiyası bildirib ki, indi danışıqları bərpa etmək üçün münasib vaxt deyil. Belə ki, kommunist şimal bu yaxınlarda yeni uran zənginləşdirən obyekt haqda açıqlama verib. Tokyoda çıxış edən Yaponiya kabinet rəhbərinin müavini Tetsuro Fukuyama isə ölkəsinin fövqəladə toplantı haqda ideyanı Seul və Vaşinqtonla yaxından koordinasiya edəcəyini bildirib.

Çin uzun müddət səfalət içində üzən Şimali Koreyanın başlıca müttəfiqi və yardımçısı olub.

ABŞ və Cənubi Koreya hərbi donanmaları şimaldan qaynaqlana biləcək hücumun qarşısını almağa yönəlmiş dörd günlük təlimlərə başlamaq üçün Koreya yarımadasının qərb sahillərində mövqe tutublar.

XS
SM
MD
LG