Accessibility links

Çingiz Abdullayev: Azərbaycan “Pen-Klub”u bütün azərbaycanlı ədiblərin hüquqlarını müdafiə edir (audio)


 Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev

Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev

O Azərbaycan şairlərinin İranda həbsdən azad edilməsini müsbət qarşılayır. Dünyanın 14 ölkəsindəki “Pen-Klub” İran hökumətinə müraciət edib.

Həbsdən azad edilmiş iki Azərbaycan şairi bu gün vətənə gələcək, Biləsuvar sərhəd məntəqəsində sərhədi keçəcəklər. Bu barədə Azərbaycan Yazıçılar İttifaqının katibi, “Pen-Klub”un prezidenti Çingiz Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn bu il aprelin 29-da İranda keçirilən şer festivalına dəvət edilib. Mayın 2-də şirlər Azərbaycana qayıdarkən Təbriz şəhərində həbs edilib.
“Pen-Klub”un prezidentinin sözlərinə görə, gənc şairlərə qarşı İran tərəfindən hər-hansı ittiham irəli sürülməyib. “Şairlər hər-hansı cinayət törətməyib və onlara qarşı rəsmi olaraq hər-hansı ittiham irəli sürülməyib. Əvvəlcə casusluqda günahlandırmaq istədilər, sonra narkotik ittihamı irəli sürmək istədilər və nəhayət sərhədi qanunsuz keçməkdə şübhəli bildilər. Ancaq məhkəmə zamanı onların şer festivalına dəvət edildiyi təsdiq olundu və İran Azərbaycan vətəndaşlarına vizanı aradan qaldırıb”, - deyə o qeyd edib.
Şairlərin azad edilməsində Azərbaycan xarici işlər nazirinin və ölkə prezidentinin böyük rolu olduğu bildirilib. “Azərbaycan Xarici İşlər Nazirliyi İrana 5 etiraz notası təqdim edib, nazir Elmar Məmmədyarov dəfələrlə məsələni yüksək səviyyədə qaldırıb”, - deyə Ç.Abdullayev deyib.
Onun sözlərinə görə, dünyanın 14 dövlətinin “Pen-Klubu” Azərbaycanın “Pen-Klubu”nun müraciətinə qoşulub. “14 ölkənin Pen-Klubu bizim müraciətimizə qoşularaq İran rəhbərliyinə şairlərin azad olunması tələbi ilə müraciət edib”.
Yazıçılar İttifaqının katibi Azərbaycan yazarlarını İrana gedərkən ehtiyatlı olmağa çağırıb.
“Pen-Klub”un prezidenti İranda və Azərbaycanda siyasi məqsədlərlə həbs edilmiş yazarların da müdafiəsi üçün işlər aparılıb-aparılmayacağı barədə Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, Azərbaycan Yazıçılar Birliyi hər zaman yazarların hüququnu müdafiə edib. “Hətta vaxtı ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər Yazıçılar Birliyinin sədri Anarın və mərhum Yusif Səmədoğlunun zəmanəti ilə azadlığa buraxılıb. Amma, son 20 ildə Azərbaycanda yazılarına görə heç kim həbs edilməyib. Biz dünyanın harasında olmasından, o cümlədən İranda yaşamasından asılı olmayaraq, yazılarına görə təzyiqə, təqibə məruz qalan bütün Azərbaycan yazarlarının hüquqlarını müdafiə edirik. Vaxtı ilə Səid Muğanlının azad edilməsi ilə bağlı müraciətə də qoşulmuşuq”.
Çingiz Abdullayev yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını İranda həbs edilən Azərbaycan yazıçılarının hüquqlarını müdafiə etməməkdə günahlandırıb. “Sərhədsiz Reportyorlar” təşkilatının dəfələrlə bəyanatına gəlincə, “Pen Klub”un prezidenti “onlar yalnız bizim müraciətimizdən sonra bəyanatla çıxış edib”, - deyə qeyd edib.


O Amerikanın Səsi radiosuna müsahibəsində İranda yaşayan azərbaycanlı ədiblərin əsərlərinin Yazıçılar İttifaqının xətti ilə latın qrafikasında çap ediləcəyini deyib. “Yəqin ki, Yazıçılar İttifaqının növbəti qurultayında Cənubi Azərbaycandan olan bir yazıçı ittifaqın katibi seçilməcək”, - deyə o qeyd edib.
XS
SM
MD
LG