Accessibility links

BMT-nin Qətər paytaxtı Dohada keçirilən iqlim konfransının iştirakçısı olan təxminən 200 ölkə Kioto protokolunun müddətinin 2020-ci ilə qədər uzadılması haqda razılıq əldə edib.

Sənayesi inkişaf etmiş ölkələrin istixanə qazları tullantılarını azaltmasını nəzərdə tutan1997-ci ilə aid sənədin müddəti dekabrın 31-də bitirdi.

BMT-nin Baş katibi Ban Ki Mun konfransda əldə edilən nəticəni alqışlayıb. Lakin cənab Banın sözçüsü baş katibin daha çox işlərin görülməli olduğuna inandığını bəyan edib. BMT-nin açıqladığı bəyanatda cənab Ban hökumətlər, biznes şirkətləri, vətəndaş cəmiyyətləri və adi vətəndaşları qlobal temperaturun Selsi üzrə 2 dərəcə qalxmasının qarşısını almaq üçün fəaliyyəti artırmağa çağırıb.

12 gün davam edən Doha konfransı öz işini cümə axşamı bitirməli idi, lakin iqlim dəyişiməsini dayandırmaq və bunun üçün maliyyə ayrılması məsələsində nümayəndələr arasında fikir ayrılıqları olduğuna görə konfrans şnəbə gününə qədər işi davam etdirib.

İnkişaf etməkdə olan ölkələr Kioto protokolunun müddətinin uzadılmasına çalışırdı. Onlar 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin üç il bundan əvvəl söz verdikləri kimi ildə 100 milyard dollar yardım ayrılması üçün ciddi öhdəliklər götürməsinə çağırıb. Zəngin ölkələr isə qlobal maliyyə böhranı və büdcə problemlərinə görə spesifik hədəflər seçmək istəmədiyini bildirir.

ABŞ kimi inkişaf etmiş bəzi ölkələr Kioto protokolunu ratifikasiya etməyib. Kanada, Yaponiya, Yeni Zelandiya və Rusiya kimi başqa ölkələr isə müqavilənin ikinci fazasından çıxır. Bu o deməkdir ki, Kioto protokolu qlobal səviyyədə istixanə qazları tullantılarının yalnız 15 faizinə görə məsuliyyət daşıyan inkişaf etmiş ölkələrə şamil olacaq.
XS
SM
MD
LG