Accessibility links

Dövlət katibi Klinton:"Prezident Əsəd öz xalqının legitim tələblərini qeyri-müəyyən vaxta qədər rədd edə bilməz"

  • Amerikanın səsi

Dövlət katibi Klinton:"Prezident Əsəd öz xalqının legitim tələblərini qeyri-müəyyən vaxta qədər rədd edə bilməz"

Dövlət katibi Klinton:"Prezident Əsəd öz xalqının legitim tələblərini qeyri-müəyyən vaxta qədər rədd edə bilməz"

ABŞ Dövlət katibi Hillari Klinton Milli Demokratiya institutunda Birləşmiş Ştatların xarici siyasətinə dair məruzə edib

ABŞ Dövlət katibi Hillari Klinton Suriya prezidenti Bəşar Əl-Əsədin Ərəb Liqasının vasitəçiliyi ilə təklif edilmiş sülh planının bütün şərtlərini pozduğunu deyib. Dövlət katibi Birləşmiş Ştatların demokratiyanı qeyd-şərtsiz dəstəklədiyini bildirib.

Xanım Klintonun yardımçılarının bildirdiyinə görə, Dövlət katibi bu çıxışı ilə göstərmək istəyib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə hakimiyyətdən salınmış güclü liderlərlə bir zamanlar yaxın əlaqələrin olmasına baxmayaraq, indi regionda demokratiya arzusunda olan insanlarla həmrəydir.

Vaşinqtonda Milli Demoktariya institutunda danışan Dövlət katibi Klinton Birləşmiş Ştatların islahatların aparılması üçün hər zaman kifayət qədər təzyiq göstərmədiyini və Yaxın Şərqdə avtokratların ekstremizmə qarşı mübarizənin yeganə yolunun onları dəstəkləmək olduğu haqda yaratdıqları fikri qəbul etdiyini etiraf edib.

Yaxın Şərq ölkələrində islahatçı fəallar qarşısında danışan xanım Klinton deyib ki, Birləşmiş Ştatlar indi seçimin islahat və iğtişaş arasında olduğunu başa düşür. “Həqiqət budur ki, Yaxın Şərqdə bu gün qeyri-sabitliyin yeganə mənbəyi dəyişiklik tələbi deyil, dəyişiklikdən imtinadır. Bu, kiçik dinc nümayişlərin dağıdılması nəticəsində minlərlə insanın küçələrə çıxdığı və daha minlərlə insanın sərhəddi keçdiyi Suriyaya aiddir. Bu, prezident Əli Abdulla Salehin demokratiyaya keçid haqda vədlərini dəfələrlə pozduğu və insanların hüquqları və azadlıqlarını tapdaladığı Yəmənə aiddir. Bu, həm də Misirə aiddir.”

Klinton deyib ki, Misirdə hakimiyyət xalq tərəfindən seçilməyən bir neçə rəsminin əlində qalmağa davam etsə, ölkə tarixi bir fürsəti əldən qaçırmış olacaq və burada gələcək iğtişaşların mənbəyi yaranacaq.

Dövlət katibi Klinton əsas tənqidlərini Suriya prezidenti Bəşar Əl-Əsədə ünvanlayaraq deyib ki, o, Suriya xalqını qorumaq üçün Ərəb Liqasının keçən həftə qəbul etdiyi sülh planının bütün şərtlərini pozub. ”O ən əsas tələblərə sistemli şəkildə əməl etməyib. O, məhbusları azad etməyib. O, jurnalistlər və Ərəb Liqasının nümayəndələri üçün azad və maneəsiz imkan yaratmayıb və tamamilə aydındır ki, o, zorakılıqların qarşısını almayıb. Əslində, rejim Homsda vətəndaşlara qarşı zorakılığı artırıb. İndi Əsəd dəyişiklikləri gecikdirə bilər. Lakin o, öz xalqının legitim tələblərini qeyri-müəyyən vaxta qədər rədd edə bilməz.”

Dövlət katibi Vaşinqtonun Suriya liderinə hakimiyyətdən getməsi çağırışını bir daha təkrarlayıb və deyib ki, o bunu edənə qədər Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət ona və onun qəddar rejiminə təzyiqləri artıracaq.

ABŞ Dövlət katibi həmçinin Suriyanın əsas diplomatik müttəfiqi olan İranı kəskin tənqid edərək, İran hökumətinin xaricdə demokratiyanı dəstəklədiyini iddia edib, Tehran küçələrində isə dinc nümayişçiləri öldürməklə riyakarlıqda ittiham edib.

Klinton deyib ki, Birləşmiş Ştatlar qanunun aliliyinə riayət, qadınlar və azlıqların hüquqlarını müdafiə edən və seçkilərdə məğlub olduğu halda hakimiyyətdən getməyə hazır olan müəyyən islamçı partiyalarla işləməyə hazırdır.

ABŞ Dövlət katibi habelə İsrail və Fələstinlilər arasında sülh danışıqlarının canlandırılması istiqamətində səylərin baş tutmamasından narazılığını ifadə edib. O deyib ki, Ərəb-İsrail münaqişəsinin həll yolunu tapmaması Yaxın Şərqdə bundan sonra davam etməsi mümkün olmayan daha bir status –kvodur.

XS
SM
MD
LG