Accessibility links

Cəmil Həsənli: 1944-cü ildə SSRİ-nin siyasəti ilə azərbaycanlıların birləşmək arzusu üst-üstə düşürdü


Cəmil Həsənli: 1944-cü ildə SSRİ-nin siyasəti ilə azərbaycanlıların birləşmək arzusu üst-üstə düşürdü

Cəmil Həsənli: 1944-cü ildə SSRİ-nin siyasəti ilə azərbaycanlıların birləşmək arzusu üst-üstə düşürdü

Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli Amerikanın Səsi radiosuna müsahibəsində keçmiş SSRİ-nin ikinci dünya müharibəsində iştirakının 70-ci ildönümü, ikinci dünya müharibəsinin Azərbaycan üçün tarixi dərsləri, Azərbaycanın faşizmi üzərində qələbədə verdiyi töhfələr, Şimali və Cənubi Azərbaycanın birləşməsi üçün yaranmış tarixi şərait, qərbin İranın bölünməsinə münasibəti ilə bağlı danışıb.

Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli Amerikanın Səsi radiosuna müsahibəsində keçmiş SSRİ-nin ikinci dünya müharibəsində iştirakının 70-ci ildönümü, ikinci dünya müharibəsinin Azərbaycan üçün tarixi dərsləri, Azərbaycanın faşizmi üzərində qələbədə verdiyi töhfələr, Şimali və Cənubi Azərbaycanın birləşməsi üçün yaranmış tarixi şərait, qərbin İranın bölünməsinə münasibəti ilə bağlı bir neçə ay əvvəl verdiyi müsahibəni 21 Azər haqqında digər bir müsahibəsinin videosu ilə təqdim edirik.

Sual: Keçmiş SSRİ-nin ikinci dünya müharibəsində hərbi əməliyyatlara qoşulmasından 70 il keçir. İkinci dünya müharibəsinin Azərbaycan üçün tarixi dərsləri nədir?

Cavab: Sovet İttifaqı müharibəyə qoşulduqdan sonra, onun tərkibində olan Azərbaycan da müharibə iştirakçısı oldu. Müharibə zamanı Azərbaycandan 600 min insan hərbi səfərbərliyə alındı və bu insanların yarıya qədəri cəbhədə həyatını qurban verdi. Azərbaycan digər Sovet respublikaları ilə birgə antifaşist koalisiyanın üzvü oldu. Azərbaycanın təmsil olunduğu Sovet İttifaqı bu koalisiyanı yaradanlardan biri idi. Digər tərəfdən, Azərbaycanın neft sənayesi müharibədə böyük rol oynadı. Bütün Sovet texnikası Azərbaycan nefti üzərində oturmuşdu. Bütün təyyarələr, tanklar, nəqliyyat vasitələri Bakı nefti ilə hərəkət edirdi. Bu baxımdan, müharibədən sonra Bakıya qəhrəman şəhər statusunun verilməməsi tarixin ən ədalətsizliklərindən biridir. Çünki, keçmiş SSRİ-də qələbəyə bu qədər kömək etmiş ikinci paytaxt şəhəri yox idi.

Azərbaycan üçün müharibə dövründə cərəyan edən ən əsas məsələlərdən biri də, Cənubi Azərbaycanla bağlı hadisələr idi. 1941-ci ilin avqustunda Sovet qoşunları İngiltərə qoşunları ilə birgə İrana daxil oldu. Sovet qoşunları İranın şimalını tutduqdan sonra böyük bir coğrafi ərazi, yəni Əfqanıstan sərhədlərindən başlayaraq Türkiyə sərhədlərinədək böyük bir ərazi Sovet İttifaqının nəzarətinə keçdi. Sovet qoşunları Türkmənistandan, Azərbaycandan və Xəzər dənizi vasitəsi ilə İrana daxil oldu. Sovet qoşunları İrana daxil olandan sonra Azərbaycandan siyasi işçilərin birinci dəstəsi İrana ezam olundu. Onlar 1942-ci ilin yazınadək İranda fəaliyyət göstərdi. Bu siyasi missiyaya Əziz Əliyev rəhbərlik edirdi. Sözün əsl mənasında, bu insanlar Cənubi Azərbaycanda bir vətənpərvərlik təbliğatı apardılar. Cənubi Azərbaycanda ictimai-siyasi fikrin, milli kimlik şüurunun oyanmasında mühüm rol oynadılar. “Vətən Yolunda” və digər qəzetlər nəşr edilirdi. Bunlar ordu qəzetləri olsa da, əski əlifba ilə Azərbaycan dilində nəşr edilirdi və ictimai fikrin formalaşmasına ciddi təsir göstərirdi.

Sual: Azərbaycanlılar həm də Almaniya tərəfdən döyüşlərdə iştirak edib. Məmməd Əmin Rəsulzadə çoxsaylı azərbaycanlı əsirin həyatının xilas edilməsində mühüm rol oynayıb. Bu barədə hansı tarixi faktlar mövcuddur?

Cavab: Bir qayda olaraq, bir sıra əsərlərdə tez-tez Məmməd Əmin Rəsulzadə ilə Hitler ilə az qala görüşdürməyə çalışırlar. Amma, onlar arasına şəxsi görüş olmayıb. Almaniya Xarici İşlər Nazirliyinin müxtəlif səviyyəli məmurları ilə Məmməd Əmin Rəsulzadənin görüşləri olub və Rəsulzadənin faşizmə münasibəti çox ibrətamizdir. Faşizmin planları ilə tanış olduqdan sonra Rəsulzadə yazıb ki, “özgə ölkələri tutan, özgə xalqları işğal altına alan bir dövlət Azərbaycana azadlıq verə bilməz”. Rəsulzadə faşizmin bu mahiyyətini dərk edən çox az mühacir liderlərdən idi. O, sonra Rumıniyaya gəldi və uzun müddət orada yaşadı, faşizmi ilə əməkdaşlıq etmədi. Amma, əsir düşmüş azərbaycanlıların, türklərin və digər müsəlman xalqlarının azad edilməsində Rəsulzadənin böyük rolu oldu. Böyük sayda əsir var idi, 5,4 milyon Sovet vətəndaşı əsir düşmüşdü. Bu Almaniya üçün də gözlənilməz idi. Bundan hansısa formada istifadə etmək lazım idi. Əsirlərin bir hissəsi ideoloji nifrət zəminində qırıldı, xüsusilə yəhudi millətindən olan əsirlər məhv edildi. Azərbaycan və digər müsəlman xalqlarından olan əsirlərin də günü elə də, xoş keçmədi. Onlar da konslagerlərdə məhv edilənlər sırasında oldu. Amma, həyatını xilas edənlər də oldu. Həyatını xilas edənlər isə məcburiyyət qarşısında əsasən legioner birliklərində SSRİ-yə qarşı döyüşdülər. Mənim yanaşmam belədir ki, bu legionerlərə heç bir halda, Sovet dövründə olduğu kimi düşmən kimi yanaşmaq olmaz. Bu damğanın bunların üzərindən götürülməsi vacib idi və bu istiqamətdə müəyyən işlər görülüb. Eyni zamanda, Azərbaycan faşizmə qarşı mübarizədə öz yerini də dəqiq müəyyən etməlidir. Azərbaycanın yeri antifaşist koalisiyasındadır.

Sual: Azərbaycan, Bakı nefti bütün müharibə boyu, o cümlədən Tehran konfransında dünyanın aparıcı güclərinin diqqət mərkəzində olub. Bakı neftinin müharibə siyasətində rolu nədir?

Cavab: Bakı nefti müharibədə qələbəni müəyyən edən böyük amil idi. Hələ, 1939-cu ilin sonu 40-cı ilin əvvəllərində, o zaman ki, Sovet İttifaqı Almaniya ilə əməkdaşlıq edirdi, ingilis və fransızlar ehtiyatlanırdı ki, Bakı nefti xammal kimi faşizmin nəzarətinə düşə bilər. Bu səbəbdən onlar, Bakı neft mədənlərinin bombardıman edilməsi istiqamətində planlar hazırlayırdılar. Bu plan Suriya və İraqdan təyyarə uçuşları ilə həyata keçirilməli idi. Lakin, 1940-cı ilin mayında Fransa işğal olunduğuna görə bu plan gerçəkləşdirilə bilmədi. 1943-cü ildə faşist Almaniyasının Şimali Qafqazı zəbt etməsi zamanı müttəfiqlər arasındakı yazışmalara baxanda da görürük ki, artıq ingilislər və amerikanlar Bakının faşistlərin nəzarətinə keçmə ehtimalı yaranmasından narahatlıq keçirir. Bunun nə dərəcədə böyük fəlakətə səbəb olacağını onlar anlayırdı. Nəzərə almaq lazımdır ki, 20-ci əsrdə SSRİ dağılana qədər Bakıda neft hasilatında ən yüksək rəqəm müharibə dövründə olub. 1941-ci ildə 22 milyon ton neft çıxarılıb. 1941-1945-ci illərdə Bakıda 75 milyon ton neft istehsal olunub. O dövr Sovet İttifaqında bütün hərəkət edən qurğular Bakı neftinin hesabına hərəkətə gətirilib. Bu baxımdan, Bakı neft sənayesi qələbəni təmin edən ən böyük əmək cəbhəsi idi.

Sual: Nəhayət, 1944-cü ildə İranın bölünməsi məsələsi yenidən gündəliyə gəldi. Bununla da, tarixdə ilk dəfə olaraq bütöv Azərbaycan, birləşmiş Azərbaycan diqqət mərkəzinə gəldi. Azərbaycanın birləşdirilməsi niyə baş tutmadı?

Cavab: Əvvəla, bu ideya 1941-ci ilin payızında ortaya gəldi. Sadəcə olaraq, o dövrdə Sovet İttifaqının cəbhədə çox böyük sürətlə uğursuzluğa düçar olması Azərbaycanın birləşməsi məsələsini arxa plana keçirdi. 1942-ci il yanvarın 29-da İranın ərazi bütövlüyü sahəsində imzalanmış üçtərəfli sazişlərdən sonra, 1942-ci ilin mart-may aylarında İrana göndərilmiş Azərbaycan missiyası geri çağırıldı. Orada kiçik bir qrup saxlanıldı. Sovet əraziləri işğaldan azad edildikdən sonra, 1944-cü ildə SSRİ məsələyə yenidən qayıtdı. 1944-cü ilin yazında Sovet Azərbaycanın dövlət idarələrində işləyən 20-dən çox adam İrana diplomatik işə göndərildi. Onlar Təbrizdə vitse-konsul, Makuda, Əhərdə, Urmiyada, Ənzəlidə və digər şəhərlərdə konsul təyin edildilər. Əlverişli şərait yaranmışdı. Sovet İttifaqının ərazilərini genişləndirmək siyasəti ilə azərbaycanlıların birləşmək arzusu üst-üstə düşürdü. Bu siyasət uğurla davam edirdi. Sadəcə, müttəfiqlər bu siyasətin əsas məğzini anladılar və bunun əleyhinə oldular. Bunun üçün əsas faktor heç də Azərbaycanın birləşməsi səbəbi deyildi. Onlar Sovet İttifaqının enerji ilə zəngin olan Yaxın Şərq regionuna yaxın buraxmaq istəmirdilər. Qəribədir ki, neft həm Azərbaycanın yüksəlməsində böyük rol oynadı, həm də taleyinin həlledici məqamında qara bir ləkəyə çevrildi. Sovet İttifaqını Yaxın Şərqin enerji mənbələrinə yaxın buraxmamaq Azərbaycanın birləşməsi məsələsində dirənişə gətirib çıxardı. Baxmayaraq ki, İranda bütün işlər görülmüşdü, milli hökumət yaradılmışdı, xalq milli hökuməti müdafiə edirdi, milli hökumət böyük islahatlar proqramı həyata keçirirdi. “Amerikanlar şantaj etdi, Sovetlər qaçdı.” Bunu Amerika səfiri Sovetlər İrandan çıxandan sonrs gülə-gülə deyirdi: “Biz şantaj etdik, Sovetlər qorxub qaçdı”. Doğrudan da Azərbaycan məsələsi şəxslərə deyil, böyük dövlətlərarası münasibətlərə dayanan məsələ idi. Biz bu məsələnin incəliklərinə diqqət yetirsək, o zaman Amerikanın dövlət katibi İrandakı səfirə yazırdı ki, İranın baş naziri ilə görüşüb onu başa salsın ki, azərbaycanlıların dil və mədəni haqları verilməsə və bu məsələ, beynəlxalq müzakirəyə çıxarılsa azərbaycanlılar haqlı olacaq.

Sovet hakimiyyəti isə bu proqramı sonadək həyata keçirməyə hazır deyildi. Müharibə yenicə qurtarmışdı, xalq təsərrüfatının bərpa işlərində müttəfiqlərdən investisiyalar almaq istəyirdi. Amma, son nəticədə Azərbaycan məsələsi ilə bağlı qarşıdurma, gərginlik, pərdə arxası oyunlar əsəb müharibəsinin ilk nümunəsinə çevrildi. Bundan sonra, bu zəncirvari mübarizədə qərblə Sovet İttifaqı arasındakı münasibətlər səngərləşməyədək davam etdi. Bütün bunlar başlanğıcını Cənubi Azərbaycan məsələsindən aldı.

XS
SM
MD
LG