Accessibility links

Cəmil Həsənlinin 60 yaşın zirvəsində nəsihətləri


Cəmil Həsənlinin 60 yaşın zirvəsində nəsihətləri
Cəmil Həsənlinin 60 yaşın zirvəsində nəsihətləri

Yanvarın 15-də Azərbaycanın tanınmış elm adamı, tarix elmləri doktoru Cəmil Həsənlinin 60 yaşı tamam olur

Yanvarın 15-də Azərbaycanın tanınmış elm adamı, tarix elmləri doktoru Cəmil Həsənlinin 60 yaşı tamam olur. Cəmil Həsənli iki çağırış Azərbaycan Milli Məclisinin deputatı olub, əsərləri Azərbaycan, Rus, İngilis, Alman, İtalyan, Fars, Polyak, Yapon, Koreya və başqa dillərdə çap olunub. Onun soyuq müharibə dövrü ilə bağlı tədqiqat əsərləri Bakı, Moskva, Harvard, Oksford, Nyu York, Toronto, İstanbul, Ankara, Tehran universitetlərində dərs vəsaiti kimi istifadə olunur.
Cəmil Həsənli ictimai-siyasi xadim kimidə fəaliyyət göstərir. O Azərbaycan Xalq Cəbhəsi yaranandan 2005-ci ilə kimi onun üzvü olub. Uzun illər Bakı Dövlət Universitetində professor kimi çalışıb. Hazırda ölkədə populyar olan “Ziyalı Forumu”nun yaradıcılarındandır.
Cəmil Həsənlinin Amerikanın Səsi radiosuna müsahibəsini təqdim edirik.


Sual: 60 yaşınızı necə qeyd edəcəksiniz?

Cavab: Heç vaxt təmtəraqlı ad günü və şəxsi həyatımla bağlı digər tədbir keçirməmişəm. Belə tədbirləri ailə daxilində qeyd etməyə üstünlük vermişəm. Bu dəfə də belə olacaq. Bir müddət əvvəl bu barədə söhbət olanda ailəsi ilə birlikdə Dubayda yaşayan qızım xahiş etdi ki, 60-cı ad günümü onlarda keçirək. Etiraz etmədim, Avropada yaşayan oğlum da ora gələcəyini bildirdi. Göründüyü kimi, bütün ailənin bir yerə toplanması üçün bir bəhanə yarandı. Oradakı nəvələri görmək və bir neçə gün onlarla bir yerdə olmaq həvəsi şübhəsiz ki, bu qərarın qəbul edilməsində həlledici rol oynadı. 60 illik dediyiniz yubileyim ailəmizin bir yerdə bir şam süfrəsi arxasında yığışmasından o yana keçməyəcək.

Sual: Hansı orta məktəbdə oxuyubsunuz, tələbəliyiniz necə keçib?

Cavab: 1970-ci ildə Cəlilabad rayon Alar kənd orta məktəbini bitirdim. Sənədlərimi xarici dillər institutunun ingilis dili fakültəsinə vermək istəyirdim. Lakin attestatımda həm ana dili, həm də Azərbaycan dili qrafasına qiymət yazıldığı üçün dedilər gərək aydınlaşdıraq. Səhər ora gedəndə universitetin yanından keçirdik. Mənimlə birlikdə sənəd verməyə gəlmiş əmioğlum Adil (o, artıq əsgər gedib gəlmişdi) dedi ki, gəl gedək universitetə, hələ vaxtımız var, bəlkə burada sənədlərini götürdülər. Mən ədəbiyyat fakültəsinə sənəd vermək istəyirdim, o isə təkid etdi ki, tarix fakültəsinə sənəd verim. Səhər tezdən sənəd verməyə çox uşaq gəlmişdi. Sənəd qəbulu başlanana qədər bir-birimizlə suallaşırdıq. O zaman sənədləri qəbul edən Rəfael Süleymanov (o, indi BDU-nun tarix fakültəsində professordur) başını qaldırıb mənə dedi ki, ay oğlan bura gəl, mən səhərdən qulaq asıram sən tarixi bunların hamısından yaxşı bilirsən, sənin sənədlərini növbəsiz qəbul edəcəyəm. Beləcə, yavaş-yavaş tarixə yaxınlaşırdım. Tarixdən ilk imtaahanı profosser Zakir Abdullayev götürdü, çavablarım xoşuna gəldi, xeyli təriflədi və “əla” qiymət yazdı.
Çox sonralar tarix imtahanı verdiyim otaqda özüm imtahan götürdüm. Müxtəlif illərdə qəbul zamanı onlarla istedadlı uşaqlara yüksək qiymət yazdım, indi görəndə xatırlayırlar. Tələbəlik illərinin ən maraqlı hadisəsi isə Əbülfəz bəylə tanışlığımız olub. Biz onun, Rafiq müəllimin (İsmayılovun) dərslərini səbirsizliklə gözləyirdik. Vətən və millət haqqında ilk sözləri biz onlardan eşitdik.

Sual: Universitet bitirdikdən sonra aspirant oldunuz?

Cavab: Yox, universiteti bitirəndən sonra bir müddət Cəlilabad rayonunda tarix müəllimi işlədim. Aspiranturaya gəlincə, universitetdə diplom işimin elmi rəhbəri olmuş professor Ruhulla Orucov zəng edərək məni elmi fəaliyyətə dəvət etdi. Mən 50-ci illəri tədqiq edəndə şahidi oldum ki, Ruhulla müəllim Şıxəli Qurbanovla birgə Mərkəzi Komitədə işləyib. 1959-cu ildə Moskvadan İvan Şikin komissiyası Bakıda yoxlama apardıqdan sonra çoxları kimi onu da partiya orqanlarından uzaqlaşdırıblar.
Beləliklə 1977-ci ildə aspiranturaya daxil oldum. 1980-cı ildən universitetdə əmək fəaliyyətinə başladım. Şəxsi və elmi həyatımda hər hansı uğur varsa, bunun üçün Bakı Dövlət Universitetinə borcluyam. Universitetdə çox böyük alimlərdən dərs aldım, onlarla çiyin-çiyinə işlədim. Böyük hocamız Süleyman Əliyarlı, ustadımız Şirməmməd Hüseynov və dostum Eldar İsmayılovla olan müzakirələr mənə tarix elminin incəlikləri ilə bağlı çox şeyi anlatdı.

Sual: Özünü nə vaxtdan böyük elmdə hiss etdiniz?

Cavab: Namizədlik dissertasiyamı 1984-cü ildə müdafiə etdim. Doktorluq dissertasiyasını isə 1992-ci ildə müdafiə etdim. Mövzu maraqlı idi, 1918-1920-ci illərdəki Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasını araşdırmışdım. Doktorluğu müdafiə etmək çətin oldu. Böyük müqavimət var idi. Hətta, Moskvaya, Rusiya Ali Attestasiya Komissiyasına anonim şikayət də yazmışdılar. Yalnız bir il sonra Moskvada demək olar ki, Ali Attestasiya Komissiyasının üzvlərinin qarşısında yenidən müdafiə etdikdən sonra mən doktorluq diplomu ala bildim. Bundan sonra əsərlərim sürətlə çap olunmağa başladı.

Sual: Beləliklə, böyük elmə yol başladınız?

Cavab: Öz-özlüyündə doktorluq dissertasiyası böyük elm deyil, böyük elmə keçid vəsiqəsidir. Bir qayda olaraq doktorluqdan sonra alimlərimizin bir hissəsi işləmək istəmir, ya da elmi idarələrdə müxtəlif vəzifələr tutub tabeçiliyində olanları özlərinə işlədirlər. Bu formada meydana çıxan işlərin çoxu sönük və mənasız olur. Belə işlərdə plagiatlıq palaz-palaz gözə girir. Rəhmətlik Azad müəllim Ali Attestasiya Komissiyasının sədri olanda belə şeyləri üzə çıxarırdı. Onun çox böyük mütaliə imkanları və geniş erudisiyası var idi. Humanitar elmləri, hətta, musiqini, o cümlədən, klassik musiqini, ədəbiyyatı, xüsusilə, Hüseyn Cavidi yaxşı bilirdi. Rus dilində çıxmış “Cənubi Azərbaycan: Soyuq müharibənin başlanğıcı” kitabımı oxumuşdu. Zəng edib universitetdən tapdırdı, yanına gəlməyimi xahiş etdi. Kitabımdan ürək dolusu danışdı, “elə bildim elm ölür, bu kitabı oxuyandan sonra fikrim dəyişdi”, - deyə bildirdi. Kitabda ona tanış olan adlar var idi, xüsusilə, Cənubda işləmiş neft mütəxəssisləri və alimləri. Onların çoxu sonralar tanınmış akademik və professorlar olub. Azad müəllimlə birlikdə işləyiblər. Əslində, bu əsərin elmi ideyasını mənə Tadeuş Svyataxovskı, ictimai-siyasi ideyasını isə Əbülfəz bəy vermişdi. Bu əsərin geniş Azərbaycan variantını tanınmış poliqraf Nazim İbrahimov “Azərbaycan” nəşriyyatında nəşr etdi. Sonra bu əsər qısa müddətdə sözün tam mənasında dünyaya yayıldı. Moskvada rus dilində, İstanbulda türk dilində çıxdı. Rus nəşrini Harvard soyuq müharibə mərkəzi əldə edib, ingilis dilində çap etmək arzularını ifadə etdilər. Yeri gəlmişkən mərkəzin rəhbəri professor Mark Kramer bu əsəri çapa hazırlayanda biz hələ şəxsən tanış deyildik. Kitab çıxandan sonra biz Vaşinqtonda tanış olduq. Bütün Amerika sovetoloqları kimi rus dilini yaxşı bilir. Yeri gəlmişkən bu şəxs bir vaxtlar ABŞ Dövlət Katibinin müavini işləmiş David Kramerin böyük qardaşıdır. Mark ötən il “Stalin və soyuq müharibənin Türkiyə böhranı” kitabımı Harvard seriyasında nəşr etdi. O, “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar” kitabımın Moskvada nəşr olunmuş rus variantını oxuyandan sonra yazmışdı ki, kitabı iki günə oxuyub. Amerika alimləri ötən əsrin 50-ci illərində Moskvada nələr baş verdiyindən yaxşı məlumatlıdırlar, amma Xruşov islahatlarının milli respublikalara təsirindən çox az şey bilirlər. Odur ki, professor Kramer bu əsərin də nəşrini planlaşdırmaq qərarına gəldi. Harvardda nəşr olunan hər iki kitab soyuq müharibənin artıq oturuşmuş tarixinə yeni çalarlar gətirdi. Bu xüsusilə, soyuq müharibənin başlanma tarixi və başlanma coğrafiyası ilə bağlı məsələlər idi. Əslində, bu əsərlər soyuq müharibənin nə zaman və harada başlanması məsələsində fərqli baxışları ortaya qoydu. Dünya tarixinin bu mühüm hadisəsi ilə bağlı irəli sürülən fərqli baxışlar ilk dövrlərdə çətinliklə qarşılansa da, indi bunu qəbul və etiraf edənlərin sayı çoxalmaqdadır. Mark Katz, Ceyms Goode, Geoffrey Roberts, Malkolm Börn, Ceyms Höşberg, Vladislav Zubok, Kristian Osterman, Andreas Hilger, Osaka Myato, Alla Yazkova, Natalya Yeqorova, Valentina Pasquali, Anar Vəliyev, Cahangir Nəcəfov, İlya Qayduk, Dmitri Babiç, İrina Morozova və s. bu əsərlər barədə nüfuzlu jurnal və nəşrlərdə maraqlı rəylərlə çıxış etdilər. 2005-cı ildən bu yana Moskvada 5 monoqrafiyam, İstanbul və Ankarada 3 kitabım, Tehran və Təbrizdə 3 əsərim nəşr edildi. Bütün bu nəşrlər içərisində “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar” kitabımın Təbrizdə nəşrinə xüsusi əhəmiyyət verirəm. İndi, bütöv 60 illik həyatımın tamamından geriyə baxanda görürəm ki, nə isə etmişəm, mənasız keçməyib.

Sual: Etiraf etməsəniz də, Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr Sizi post sovet coğrafiyasının ən yaxşı tarixçisi adlandırıb?

Cavab: Hə, professor Fred Starrın belə bir fikirini mətbuatdan oxudum. Verdiyi qiymətə görə təşəkkür edirəm. 2010-ci ilin noyabrında Berlində Humbolt universitetindəki çıxışında da o, və professor Yorq Baberovskı buna bənzər fikir söyləyiblər. Professor Starr Amerikada və dünyada çox tanınan alimdir, 20-dən çox kitab müəllifidir. Vaxtilə rus tədqiqatları ilə məşğul olan Kennan institutunun qurucularındandır. Prezident R.Reyqan və C.Buşun Sovetlər və Rusiya üzrə məsləhətçisi olub. Sovet və post-sovet coğrafiyasını və elmi mühitini çox yaxşı tanıyır. Professor Starr həm də çox istedadlı bir caz ustasıdır. Onlar hazırda “Azərbaycan Xalq Cümhuriyyəti: müstəqilliyin çətin yolu” kitabımı nəşrə hazırlayırlar.

Sual: Amma, Rusiyanın Regnum informasiya agentliyində nəşr olunmuş yazılarınız da böyük maraqla qarşılanıb.

Cavab: Bu yazıların nəşrinə biz ötən il iyulun 25-i başladıq. Həmin seriya hazırda da davam edir. Düzü həmin vaxt bu seriyaya başlayan zaman bu qədər uzun davam edəcəyini düşünmürdüm. Bu seriya ötən ilin yayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra başladı. Bu görüşdən sonra Rusiya mətbuatı və informasiya agentlikləri, o cümlədən, Regnum agentliyi Qarabağla bağlı bizə qarşı total hücumlara başladı. Tarix bütün vasitələrlə saxtalaşdırılırdı və elə təqdim edilirdi ki, guya Qarabağın Azərbaycana heç bir dəxli yoxdur və onu Stalin alıb Azərbaycana verib. Qərara gəldim bu yazılara cavab verim. Dörd yazı hazırladım, ümidli deyildim verəcəklər, lakin verdilər. Nəticəsi yaxşı oldu. Sonra Türkiyəyə yönəlik Sarkisyanın iddialarına qarşı bir neçə yazı verdim Regnuma, daha sonra Azərbaycanın sovetləşməsi ilə Ermənistanın sovetləşdirilməsi arasında rus-türk münasibətləri, 1921-ci ilin Moskva və Qars konfransı dövründə rus-türk münasibətlərini çap etdilər və bu yazılarda xeyli qaranlıq məqamlar ortaya çıxdı.

Sual: 10 il parlamentin üzvü oldunuz. Deputat fəaliyyətinizdən nələr yaddaşlarda qalıb?

Cavab: Azərbaycanda Milli Məclisin elə də böyük səlahiyyəti yoxdur. Məclisə hakimiyyətin müstəqil qanadı kimi baxmaq doğru deyil. Məclis əslində icra hakimiyyətinin bir qanadıdır. Hətta, bu günlərdə prezident fərmanı ilə təsdiq olunan İnsan Hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası icra strukturları ilə yanaşı fərmanla Milli Məclisə də tapşırılırdı. Bu da təsadüfü deyil, reallıqda Milli Məclisə müstəqil dövlət orqanı kimi yox, icra strukturunun əlavəsi kimi baxılır. Məclis üzvü olduğum 10 ildə az da olsa nələrisə etməyə çalışdım. Mənə olan müraciətlərin və xüsusilə, seçicilərimin müraciətlərinə həssaslıqla yanaşdım. On il ərzində elə bir yazılı və şifahi müraciət olmadı ki, ona biganə qalım. Parlamentə deputatları ilə görüşə gələn seçicilər yaxşı bilirlər, mən çox az millət vəkillərindən idim ki, həmişə gedib görüşə gələnlərin içində məni gözləyən seçicinin olub-olmadığını soruşurdum. Parlament jurnalistlərinin keçirdiyi bütün sorğularda seçicilərin maraqlarını müdafiə edən ən fəal deputatlardan biri olmuşam. Həbs olunan jurnalistləri, siyasi məhbusları, tələbə-gəncləri müdafiə etməyə çalışdım. Hökumətin fəaliyyəti və fəaliyyətsizliyi, insan hüquqları haqqında, korrupsiya, rüşvətxorluğa qarşı, elmin, mədəniyyətin, təhsilin inkişafı ilə bağlı öz sözümü deməyə çalışdım. Məsələn, mən 10 il ərzində mütəmadi olaraq neft haqqında qanunun qəbul olunmasını tələb etmişəm. Belə bir qanunun olmaması neftin hasilatı, istehsalı, nəqli və satışında, neft gəlirlərinin xərclənməsində qaranlıq məqamlara yol açır. Ölkənin başlıca sərvəti olan neftin hüquqi cəhətdən qanuna dayanan statusu bəlli deyil. Bu gün neft gəlirlərinin sözün tam mənasında talan edilməsi müəyyən dərəcədə neft haqqında qanunun olmaması ilə bağlıdır. Bu gün bəzi tənqidi mülahizələrimi söyləyəndə bəzi adamlar soruşur ki, bəs bunu parlament üzvü olanda niyə demirdin? Bu adamlar parlamentdəki çıxışlarımla tanış deyillər. Əgər tanış olsaydılar belə deməzdilər. Ardıcıl olaraq korrupsiyaya qarşı sərt çıxışlar etmişəm. Hökumətin hesabatları, büdcə müzakirələri, ictimai-siyasi vəziyyətin müzakirəsi, Qarabağın düşmən tapdağından azad edilməsi, mətbuatın müdafiəsi və sair məsələlərlə bağlı həmişə sözümü demişəm. 2010-cu ildə prezident aparatından verilən göstərişlə Məclisdə Türkiyəyə qarşı kampaniya təşkil etmək istəyirdilər. Bu barədə axşamdan mənə məlumat çatmışdı. Səhər çıxış edib, bu adamlara xatırlatdım ki, özləri bir şey yaratmağa qadir deyillər, bu millətin ümid yerini kəsməsinlər. Bu çıxış o qədər sərt oldu ki, hətta, sədr Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş türk əsgərinin qarşısında baş əydiyini bildirdi. Bu sözlər kampaniya tapşırığı almış adamları “tərksilah” etdi.

Sual: Bəli, doğrudan da çox sərt çıxışlar idi.

Cavab: Belə çıxışlardan sonra bəzən elə olurdu ki, öz “həssaslığı” ilə seçilən bəzi deputatlar çalışırdılar ki, mənimlə qarşılaşmasınlar və salamlaşmasınlar. Bir dəfə çıxışımdan sonra zala daxil olan deputatlardan biri gəlib mənimlə görüşəndən sonra onunla oturan deputat onu danladı ki, belə səhvlərə yol verməsin, burada hər şeyə göz qoyurlar. Birinci beş ildə Xalq Cəbhəsinin üzvü kimi Məclisdə olanda bu daha qabarıq hiss edilirdi. Bir dəfə deputat Cəlal Əliyev ünvanıma lazım olmayan ifadələr işlətdi, mən də üzünə cavabını verdim.

Sual: Birinci beş ildə Xalq Cəbhəsindən olan deputat idiniz?

Cavab: Bəli, birinci beş ildə Xalq Cəbhəsi partiyasından deputat olmuşam. İkinci dönəmdə isə müstəqil deputat kimi fəaliyyət göstərmişəm. Xalq Cəbhəsində olduğum illər həyatımın ən yaxşı illəri idi. Əvvəllər Əbülfəz bəyin rəhbərliyi altında, sonra isə Əli Kərimli ilə çiyin-çiyinə işləmək mənim tərcümeyi-halımın ən yaxşı səhifələri idi. Vaxtı ilə universitetdə müəllimliyə başlayanda birinci dəfə İsa Qənbər gilin qrupuna dərsə girmişəm. Çox istedadlı tələbə idi. Sonrakı dövrdəki fəaliyyəti də bunu təsdiq etdi. Çox ağır şəraitdə bu adamlar iradə nümayiş etdirdilər, bütün çətinliklərə rəğmən müxalif düşüncəni qoruyub saxlaya bildilər.

Sual: Amma, bu gün “Ziyalı Forumu”ndasınız və yenə sözünüzü deyirsiniz. Yeri gəlmişkən foruma qarşı çoxlu hücumlar var.

Cavab: “Ziyalı Forumu”na qarşı çıxışlar. Əminliklə deyim ki, bu qurum hansı ad altında fəaliyyət göstərsəydi, ona qarşı çıxışlar olacaqdı. Söhbət burada mahiyyət və məzmun məsələsidir, ölkənin taleyinə münasibətdə bir neçə tanınmış, ictimai fikrə təsir imkanına malik həmfikir ziyalının bir qurumda öz sözünü deməsidir. Bizim idarəçilər həm istəyirlər oğurluq etsinlər, həm də heç kəs onlara oğru deməsin. Biz müsbəti də, mənfini də qiymətləndirməyə tərəfdarıq. Əgər prezident böyük bəstəkar Qara Qarayevin Bakı şəhərində abidəsinin ucaldılması haqqında sərəncam veribsə bunu yüksək qiymətləndirmək lazımdır. Qarayev tək keçmişdə qalan zirvə deyil, həm də qarşıdakı zirvədir və hələ, Allah bilir bu zirvəyə doğru biz nə qədər yol getməli olacağıq. Yaxud akademik Urxan Ələkbərov kimi böyük bir alim, böyük bir intellekt sahibi, keçdiyi təmiz həyat yolu ilə çoxlarına nümunə ola biləcək böyük bir ziyalı tanınmış bir ali məktəbə rektor təyin edilibsə bunu təqdir etmək lazımdır. “Ziyalı Forumu” ölkənin indiki duruma salınmasına, simasızlaşdırılmasına, idarəçilikdə yol verilmiş ciddi nöqsanlara, xalqın hakimiyyəti formalaşdırmaq hüququnun əlindən alınmasına etiraz dalğasında yarandı. FORUM nədir? Forum latın sözü olub, geniş ictimai-siyasi çıxışlar üçün tribuna deməkdir. Düzdür, Qədim Romada bu sözün hüquqi və iqtisadi anlamı da var idi. Bir qayda olaraq, ictimai xarakterli mühakimələr forumda keçirilirdi. Görünür foruma qarşı çıxış edənləri bu sözün çoxmənalı tutumu narahat edir. Biz bu ifadənin yalnız söz demək üçün tribuna mənasından yararlanırıq və deyiləsi sözlərimiz də çoxdur. Bir daha təkrar edirəm, bizim siyasi istəklərimiz yoxdur, lakin ölkənin indiki ağır duruma salınmasına da laqeyd qala bilmərik. Həsən bəy Zərdabinin dəfnində Əhməd Ağaoğlu dedi ki, ey müqəddəs ruh sən ki, gedirsən o dünyaya bizdən babalarımıza salam deyərsən və sonra tutub yaxalarında soruşarsan: A kişilər bu nə vətəndir bizim üçün qoymuşsunuz. Vəzifəlisi rüşvətxor, məmuru oğru, beş-altı ziyalısı var, onlarda bir-biri ilə didişirlər. Biz nə Zərdabi deyilik, nə də, Əhməd bəy, lakin istəmirik ki, gələcəkdə ən azından öz uşaqlarımız, nəvələrimiz sağ qalsaq üzümüzə, qalmasaq gorumuza deməsinlər ki, siz bu biabırçılıqların, xalqın simasızlaşdırılmasının, beş-altı işbazın öz maraqları naminə bu milləti diz çökdürməsinin şahidi oldunuz, niyə buna öz etirazınızı bildirmədiniz?

Sual: Ağır ittihamdır. Lakin, elə siz də beş-altı ziyalısınız, bununla nəyi dəyişəcəksiniz?

Cavab: Düzdür, biz beş-altı nəfərik. Amma bu beş-altı nəfər Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Ramiz Rövşən, Rafiq Əliyev, Eldar Namazovdan ibarətdir. Axı, bu adamların sambalı sayından çox böyükdür. Onlar mövqe qoyurlar ortaya, sözümüzü deyirik, fikrimizi ifadə edirik, heç kəsin adından çıxış etmirik, adbaad öz adımızdan danışırıq. Bu yaxınlarda “Azərbaycan” qəzeti və hakimiyyətin nəzarətində olan bəzi mətbuat orqanları Rüstəm İbrahimbəyov haqqında yazı vermişdilər. Dünyagörüşü və düşüncə tərzi bir rus ifadəsində deyildiyi kimi “plintusdan” aşağı olan bu bədbəxtlər Rüstəmin Azərbaycan və dünya mədəniyyətində, sənətində nəhəng rolunu, böyük missiyasını təsəvvür edə bilmirlər. Yuxarıların tapşırığı ilə yazılan bu cəfəngiyyatın 1937-ci ildə Hüseyn Cavidə, 50-ci illərdə Boris Pasternaka, 60-cı illərdə Aleksandr Soljenitsinə qarşı yazılanlardan heç bir mahiyyət və məzmun fərqi yoxdur. Dünyagörüş fərqinə görə insanları damğalamaq totalitarizmin ayrılmaz atributudur. O zamanlar da bu totalitar düşüncənin təzahürü idi, təəssüflər olsun ki, XXI əsrin əvvəllərindəki Azərbaycanda da bunun ayrı adı yoxdur. Lakin, eyni olan bir şey var, vaxtilə Cavidə, Pasternaka və Soljenitsinə qarşı yazanların və yazdıranların taleyi necə oldusa, Rüstəmə qarşı yazanları və yazdıranları da eyni tale gözləyir. Bu adamlar bizi günahlandırırlar ki, guya bütün ziyalılar adından çıxış edirik. Kim hesab edirsə ki, bütün ziyalılar adından çıxış etməyə iddialıyıq, həmin adamlar yanılırlar. Bizi narahat edən məsələlər barədə, məhz, sizin dediyiniz kimi beş-altı ədəbiyyat, sənət, elm, mədəniyyət adamı kimi öz sözümüzü deyirik. Bu sözün deyilməsi də vətənimizin və millətimizin taleyinə məsuliyyət hissimizdən irəli gəlir. Qarabağ münaqişəsi başlayanda mənim 38 yaşım var idi. İndi 60 yaşım var. Azərbaycan torpaqları daha neçə il işğal altında qalmalıdır? 20 il bir ölkənin torpaqlarının 20 faizinin təxminən 20 ilə yaxın hökumətlik edən eyni hakimiyyətin fərsizliyi ucbatından düşmən əsarətində qalmasına bəraət qazandırmaq olmaz. Nə vaxta qədər hansısa toplantılardan “ərazi bütövlüyünün” tanınması barədə gətirdikləri arayışları bizə qələbə kimi təqdim edəcəklər? Bu arayışlar hamısı bir yerdə 20 ildir işğal altında qalan vətən torpağının heç 10 sotuna dəyməz. Açığını deyim ki, mən bu hakimiyyətin bu gedişlə işğal olunmuş torpaqları azad edəcəyinə ümidimi itirmişəm. Bu yöndə ondan gözləntim yoxdur. İyirmi il ərzində xalqa verilən vədlərin heç biri düz çıxmadı, əvəzində öz siyasi nəticələrinə görə Qarabağ problemindən də ağır olan korrupsiya bataqlığı yaradıldı.

Sual: Çıxış yolunu nədə görürsünüz?

Cavab: Korrupsiya Azərbaycanda dövlət siyasətinə çevrilmiş idarəçilik şəbəkəsidir. Ölkə on illərlə eyni adamların istifadəsinə verilib. Bir sıra nazirlik və idarələrdə tətbiq edilən bir pəncərə sistemi rüşvəti bir pəncərədən toplamağa yönəlib. Korrupsiya ölkədə o qədər “qanuni” xarakter aldı ki, indi iş adamlarına bankda hesab nomrəsi verirlər ki, get rüşvəti bu hesaba köçür. Hansı beynəlxalq rüşvət qalmaqalı olur Azərbaycanın adı oradadır. Bu millətin 40 il ağır sənayedə, qul əməyindən o qədər də fərqi olmayan kənd təsərrüfatı sahəsində çalışmış pensiyaçısı 100 manata qədər pensiya alır. Bu gün Azərbaycanla həmsərhəd olan ölkələrin hamısında müəllim, həkim, mədəniyyət işçisi, orta və aşağı məmur təbəqəsi bizimkilərlə müqayisədə 3-8 dəfə artıq əmək haqqı və pensiyalar alırlar. Bəs analoqsuz inkişafın xalqın həyatında, güzəranında ifadəsi hanı? Neft gəlirləri artdıqca əhali daha da yoxsullaşır. Azərbaycan sözün tam mənasında beş-altı yüksək vəzifəli şəxslərin idarə etdiyi beş-altı şirkətin istifadəsinə verilib. Bunlar isə ölkəni qarət etməkdən başqa bir şey bilmirlər. Bu beş-altı şirkətdən başqa, onların nəzarətindən kənar ölkədə heç kim, heç nə ilə məşğul ola bilmir. Gömrük, vergi, bazar, ölkənin altı-üstü, səsini çıxaranın can güvənliyi, bir sözlə hər şey bu çetə kapitalizminin memarlarının əlindədir. Ölkə iqtisadiyyatının yüksək vəzifəli məmur biznesmenlərin nəzarətinə keçməsi xırda və orta biznes mühitinin formalaşma yolunu bağladı. Milyonlarla adam ölkəni tərk etmək məcburiyyəti ilə üzləşdi. Danışana da deyirlər ki, Qarabağ boyda problemimiz var, biz gərək səsimizi çıxarmayaq. Necə olur ki, bu problemi bilə-bilə siz öz korrupsiya, rüşvət, yerliçilik, qohumbazlıq əməllərindən qalmırsınız. Amma bir-iki tənqidi fikri belə eşitmək istəmirsiniz.

Sual: İnsan haqları ilə bağlı vəziyyət necədir?

Cavab: Təəssüf ki, insan haqları və demokratiya ilə bağlı vəziyyət son illər ağır həddə gəlib. Bu məsələlərə son vaxtlar keçirdiyimiz müzakirələrdə dəfələrlə toxunmuşuq. Günahsız insanlar həbs edilir. Heç kəsin sabaha ümidi qalmayıb, Ölkədə elə bir mühit yaradılıb ki, kimliyindən asılı olmayaraq hər kəsi həbs edə bilərlər. Ölkədə adi hala dönən insanların cibinə narkotik, maşınına silah, döşəyinin altına qumbara, qoltuq cibinə qranat qoymaq kimi sayğısız əməllər ötən əsrin 37-38-ci illərinin üsullarıdır. Hətta, Sovet hökuməti kimi, antibəşəri hakimiyyət 37-38-ci illərdən sonra belə əməllərdən çəkinməyə çalışırdı. 1956-cı ildə cənublu şair Məhəmməd Biriyanı həbs etmək lazım gələndə çoxlu variantlar axtardılar, son anda yazdığı antisovet şerləri çoxaldıb Torqovunun (indiki Nizami küçəsi-red) adam çox olan yerində çibinə atdılar. Yəni onu daha “ləyaqətli” formada həbs etdilər. Tanınmış ziyalı Rasim Ağayevin qızının gödəkcəsinin cibinə narkotik atan, son 10-15 ildə yüzlərlə Azərbaycan vətəndaşını belə iyrənc üsullarla həbs edən “əməliyyatçılar” 37-ci ilin istintaqçılarının taleyini yaddan çıxarmamalıdır. Yaddan çıxarmamalıdırlar ki, indi XXI əsrdir və kommunist-faşist metodları ilə insanların həbs olunması, günahı olmayan insanlar üçün günah düzəldilməsi ölkənin mənəvi simasına ağır zərbə vurur. Bu gün həbsdə yatan siyasi məhbuslar, gənclərimiz, 2 aprel mitinqçiləri, islamçılar və hətta, Nemət Pənahlı belə saxta ittihamlarla həbs olunub. Bunun bir sonu olmalıdır. Ona görə Ziyalı Forumu olaraq qanunsuz həbslərə məruz qalmış adamları müdafiə edirik. Avropa məhkəməsinə Azərbaycandan olunan müraciətlərin demək olur ki, hamısı təmin edilir. Əgər, bu narazılıqlar ölkə məhkəmələrində ədalətli həllini tapmırsa, bu sistemin islahatı labüddür. Birinci islahatdan yadda qalan yeganə hüquqi görüntü kimi ancaq hakimlərin geyimi oldu. Ölkədə on minlərlə adamın mülkiyyət haqqı pozulur. Bunun bir çarəsi olmalıdır.

Sual: Yəqin ki, şəhərin mərkəzində evlərin uçurulmasını nəzərdə tutursunuz?

Cavab: Bəli, onu və geniş əhali kütləsinin mülkiyyətsizləşdirilməsini nəzərdə tuturam. İndi yüksək vəzifəli məmurların gözü nəyi tutubsa, bəri başdan bunu ona vermək lazımdır. Çünki, ölkənin qanunları, məhkəmə-hüquq sistemi vətəndaşın mülkiyyət hüququnu təmin etmir. Etiraz edən kimi başına torba keçirib mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, əslində, isə “mütəşəkkil cinayətkarlıq idarəsi”ə aparıb, notariusu da ora dəvət etməklə cinayətə “qanuni” don geyindirirlər. Yeni təyin edilən bir sıra icra başçılarının ilk işi əhalinin böyük çətinliklə əldə etdiyi xırda və orta mülkiyyəti əlindən almaq olur. Dövlətçilik düşüncəsinə yad olan, əhalinin cibinə girməyin yeni üsullarını kəşf edən, ona tapşırılmış rayonlarla əsir götürülmüş ərazi kimi rəftar edən bu təsadüfü adamlardan əhalinin canı qurtarmalıdır. Geri zəkalı bu adamlar rayonları bərbad günə qoyur, hər şeyi öz dar düşüncəsi və geniş mədəsinə uyğunlaşdırmağa çalışır. Bu adamların pul və mal hərisliyi ölkədə orta və xırda mülkiyyətin belini qırıb. Bu gün Azərbaycan beş məmurdan və beş şirkətdən ibarətdir. Nə varsa bunlarındır. Şəhriyarın bir sözü var:

Tapsa millət yavan aş, özləri bozbaşı yesinlər,
Yenə bir nisbət olar aş ilə bozbaş arasında

Vaxtı ilə İran inqilabına səbəb olan bu nisbət bizdə çoxdan pozulub. Mülkiyyət azadlığı olmayan yerdə heç bir azadlıqdan söhbət gedə bilməz. On minlərlə insanın evi dəyər-dəyməzinə əlindən alınır. Bu qış bulvarını daha ağrısız yerdə salmaq olardı. Bir tərəfdən dünyaya elan edirik bir milyon qaçqın var, o biri tərəfdən evində rahat yaşayan vətəndaşı qaçqın durumuna salırlar. Bunu Allah götürməz. Dövlət-vətəndaş münasibəti şirkət vasitəsi ilə qurulmamalıdır. Açıq, aydın, şəffaf olmalıdır. Hər nazirliyin, dövlət şirkətinin hərbiləşdirilmiş dəstəsi var. Korrupsiya pulları ilə bəslənən bu dəstlərin başlıca strateji vəzifəsi Azərbaycan vətəndaşını qana bulaşdırmaq, haqqını müdafiə edənləri “haqqa tapındırmaqdır”. Neft şirkətinin nələr törətdiyini bu ölkəni idarə edənlər görmürlər. Bütün bunlar hamısı ölkədə azad, ədalətli, demokratik seçkilərin olmaması ilə bağlıdır.

Sual: Seçkilər məsələsi doğrudan da beynəlxalq tənqidlərdən irəli gedə bilmir, sanki düyün nöqtəsidir.

Cavab: Yüksək korrupsiya olan yerdə azad seçki ola bilməz. Korrupsiyanın həcmi artdıqca xalq hakimiyyətin formalaşdırılması prosesindən uzaqlaşdırılır. Və getdikcə anlamağa başlayır ki, müstəqil olmaq, hələ azad olmaq demək deyil. Azərbaycan getdikcə hakimiyyətin seçki yolu ilə formalaşdırılması prinsipindən uzaqlaşır. Bütün dünyada seçki sistemi genişləndiyi bir vaxtda bizdə seçki sistemi məhdudlaşdırılır. İnsanlara imkan vermək lazımdır, kənddə də, rayonda da, şəhərdə də onları idarə edən şəxsləri onlar özləri seçsinlər. Əhalinin yarısının yaşadığı Bakı şəhərində Böyük şəhər bələdiyyəsi yoxdur. Olan bələdiyyələr də icra orqanlarının əlavəsinə dönüb. Ali məktəblərin rektorları bütün dünyada kollektivlərin rəyi ilə seçilir. Bizdə isə hətta dekan və kafedra müdirləri belə rektorların yanındakı əlaltı komissiyalar vasitəsi ilə “seçilirlər”. Belə idarəçiliyin sonu yoxdur. Bu istiqamətdə olan tənqidlərə müqavimət göstərməyin də əhəmiyyəti yoxdur. İslahat getməlidir, ölkə yeniləşməlidir, korrupsiyanın qabağı alınmalıdır, insan haqlarına hörmətlə yanaşılmalıdır, işğal altında olan ərazilərin azad olunmasının real yolları müəyyən edilməlidir. İranın sərhəd şəhərlərinə gedib baxsınlar ki, nə qədər Azərbaycan vətəndaşı müayinə üçün bu ölkəyə üz tutub. Kiçik istisnalarla ölkə səhiyyəsinə etimad itib. Bunun səbəbləri araşdırılmalıdır. Ziyalı Forumu olaraq bu məsələlər bizi dərindən narahat edir. Əgər bütün bu şeyləri ali təhsil diplomu olan insanların düşüncə səviyyəsi hesab edirlərsə, biz bir ali təhsilli vətəndaş olaraq da bu problemin həllini vacib hesab edirik.

Müəllifdən: Azərbaycan hakimiyyəti müsahibədə sadalanan ittihamları qəbul etmir. Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ilin başlanğıcında xalqa müraciətində ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparıldığını, iqtisadi, sosial və siyasi sahədə böyük uğurların qazanıldığını deyib. Dövlət başçısı xarici siyasətdə də böyük uğurları qeyd edib. Cənab Əliyev ölkənin başlıca problemi kimi Ermənistan-Azərbaycan münaqişəsində irəliləyişin əldə edilməməsini deyib.

XS
SM
MD
LG