Accessibility links

Cənubi Tirolun statusu və Dağlıq Qarabağ nizamlanması


Tirol 1
Tirol 1
Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənə bilər. Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Dağlıq Qarabağın hüquqi statusu hazırlanacaq və bu məsələnin həllində Avropanın analoji təcrübəsindən istifadə oluna bilər. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bu gün Bakıda keçirilən “Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” konfransında bildirib.
Cənab Məmmədov deyib ki, regionun hüquqi statusunun hazırlanması məsələsi uzun prosesdir, Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşama mexanizminin hazırlanmasını, regionun iqtisadi, siyasi, mədəni inkişafını nəzərdə tutur. “Azərbaycan elə şərait formalaşdıra bilər ki, ermənilər müstəqillik ideyasından əl çəksinlər, ölkənin ciddi maliyyə gəlirləri də əlavə imkanlar yaradır”.
Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin müavini Gülşən Paşayeva xatırladıb ki, Cənubi Tirol İtaliyanın tərkibində əksəriyyəti almandilli əhalidən ibarət olan regiondur.
Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər üzrə professoru Mitya Zaqar qeyd edib ki, milli azlıqların müdafiəsi demokratiyanın mühüm elementlərindən biridir. “Müasir beynəlxalq hüquqda milli azlıqların universal anlamı yoxdur, lakin yaranmış Avropa standartları azlıqların təhsil, mədəni və linqvistik hüquqlarının müdafiəsini, hakimiyyət strukturlarında və idarələrdə təmsilçiliyini nəzərdə tutur. Hamıya xas olan bərabər hüquqlarla yanaşı azlıqların hüquqlarının müdafiəsi üçün əlavə mexanizmlər də nəzərdə tutulur”.
İtaliyanın Trento Universitetinin professoru Roberto Toniyatti Cənubi Tirol təcrübəsini “uğurlu tarix” adlandırıb. “İkinci Dünya Müharibəsindən sonra onilliklər ərzində İtaliya və Avstriya arasında ərazi mübahisəsinə baxmayaraq, tərəflər münaqişənin dinc yolla həllinə tərəfdar olub. Doğrudur, regionda ayrı-ayrı zorakılıq halları, terror aktları baş verib. Lakin, cəmi 16 nəfər münaqişənin qurbanı olub”.
1969-cu ildə İtaliya hökuməti 139 tədbirdən ibarət paket təklif edib. Bu paket səhiyyə sahəsində icmaların hüquqlarına zəmanət verir, sosial təminatlara, maliyyə resurslarına, hakimiyyət qurumlarında proporsional təmsilçiliyə, rotasiya yolu ilə ali vəzifələrin tutulmasına şərait yaradılmasını nəzərdə tuturdu.
Regionda yığılan vergilərin 90%-i orada qalır, yalnız 10% mərkəzə gedir. 1972-ci ildə regiona İtaliyanın tərkibində muxtariyyət statusu verilib, 1992-ci ildə isə Avstriya Cənubi Tirola qarşı hər hansı iddiasının olmadığını rəsmən bəyan edib.
Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov diqqəti ona yönəldib ki, Qarabağ münaqişəsi Cənubi Tiroldan çox fərqlənir.
Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayəti dövründə ermənilərin daha çox hüquqları var idi. Onlar regional və rayon səviyyələrində əsas postları tuturdular, öz universitetləri, TV, radio və s. var idi.
“Münaqişənin kökündə Ermənistanın Azərbaycana ərazi iddiaları durur. Ermənistandan fərqli olaraq, Avstriya qonşu ölkənin ərazilərini işğal etməyib. Odur ki, ilk növbədə Azərbaycan əraziləri işğaldan azad olunmalıdır”, - E.Hüseynov bildirib.
O qeyd edib ki, Azərbaycan icması Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan istənilən model əsasında erməni icması ilə dinc yanaşı yaşamağa hazırdır.
Almandilli əhaliyə malik Cənubi Tirol əyaləti digər italyandilli əhalisi olan Trento əyaləti ilə vahid muxtar regionu - Trentino -Alto-Adice/Cənubi Tirol təşkil edir.
Regionun öz parlamenti var. Parlamentdə proporsional qaydada almanlar (70%), italyanlar (25%) və ladinlər (5%) təmsil olunub.
Prezident hər 2,5 ildən bir rotasiya yolu ilə regionun italyandilli və ya almandilli icmalarının nümayəndələri arasından seçilir.
XS
SM
MD
LG