Accessibility links

Kennedilər Ağ Evdə - qlamur və stil dövrü (VİDEO)


Kennedilər Ağ Evdə
please wait
Embed

No media source currently available

0:00 0:04:03 0:00
Noyabrın 22-də prezident Con Kennedinin qətlinin 50 ili tamam olur. 1961-ci ildə prezident olan Con Kennedi Ağ Evə gənclik və yenilik ruhu gətirmiş bir lider kimi yadda qalır. Con və Jaklin Kennedi eyni zamanda Vaşinqtonun siyasi həyatına o vaxta qədər görünməyən bir stil və qlamur gətirmişdi. Amerika tarixində prezident Kennedinin Ağ Evdə olduğu dövr onun çox sevdiyi Brodvey musiqili tamaşasının adından götürüldüyü kimi “Kamelot dövrü” adlandırılır.

1961-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti və birinci xanımının Ağ Evə gəlməsi ilə Vaşinqtonda yeni bir dövr başladı.

Kennedilər haqda kitabın müəllifi Törston Klark:“İlk növbədə, o hər zaman çox gözəl geyinirdi və qadınların ondan xoşu gəlirdi, amma eyni zamanda, burada sanki bir sirr də var idi, çünki o, Ağ Evdən çox az hallarda çıxırdı və müsahibə vermirdi.”

Amerika ictimaiyyətinin Jaklin Kennediyə diqqəti 1960-cı ildə prezident seçki kampaniyası zamanı artmışdı.

Jaklin Kennedi öz həyatını belə təsvir edirdi: ”Siyasətçi ilə evlənəndə siyasət qadının həyatında ən faydalı cəhətlərdən birinə çevrilir. Hər bir qadın ona ehtiyac olduğunu bilmək istəyir, siyasətdə belədir.”

Lakin Jaklin Kennedinin ictimai həyatı həmişə asan olmayıb. Törston Klark: “Onda gizli və sezilməyən nəsə var idi. O elə Kennedinin özü kimi idi. Buna görə də o özünü ictimaiyyətdən müəyyən bir məsafədə saxlayırdı və məncə, bu da onu daha cazibədar edirdi.”

Jaklin Kennedi təkcə Birləşmiş Ştatlarda diqqət mərkəzində deyildi. O, prezidentlə Avropaya səfərindən sonra beynəlxalq miqyasda bir məşhur qadına çevrilmişdi.

Prezident Kennedi Parisə səfər zamanı özünü Jaklin Kennedini müşayiət edən şəxs kimi təqdim etmişdi. Törston Klark:”O, Şarl deQolu valeh etmişdi, o, Fransa tarixi üzrə mütəxəssis idi. De Qol Kennediyə demişdi ki, xanımınız Fransa tarixini farnsızların çoxundan daha yaxşı bilir.”

Jaklin Kennedinin populyarlığı onun Hindistan və Pakistana səfərləri zamanı daha da artmışdı. O, həyat yoldaşının qeyri-rəsmi səfiri kimi qəbul edilirdi.

Vətəndə isə Kennedilər Amerika ailəsini təcəssüm etdirirdi. Törston Klark:”Con Kennedinin Berlin və İrlandiyaya səfərdən sonra Hyannis Portda vertolyotdan endiyi və onların qollarını bir-birinə sarıyıb qucaqlaşdığı gözəl bir şəkli var.”

Lakin şəxsi həyatda vəziyyət daha mürəkkəb idi. Törston Klark: “Jaklin Kennedi illər uzunu gözəl bir evlilik haqda təsəvvür yaratmağa çaışırdı, lakin əslində bu, belə deyildi. O, ailə quranda da ərinin qadın düşgünü olduğunu bilirdi.”

Bu təzyiqlərdən qaçmaq üçün birinci ailə tez-tez dostları Atlantik okeanı sahilində istirahətə dəvət edirdi.

Jaklin Kennedi övladladı Karolayn və Conla at sürüdü. Törston Klark:”O, at sürməyi çox sevirdi. Gənc yaşlarından at sürməyə başlayıb həyatı boyu bunu davam etdirirdi. O, Karoleyn və Conun da at sürməsini istəyirdi, onun üçün bu, çox əhəmiyyətli idi.”

Həyat yoldaşına sui-qəsddən sonra Jaklin Kennedi Ağ Evdə həyatını Kamelot qəsri ilə müqayisə etmişdi. Törston Klark:”Jaklin artıq tarixdə onun yeri və Kennedinin özünün dediyi kimi, tarixin “ali məhkəməsi” tərəfindən ona veriləcək qiymət haqda düşünürdü. Bu, onun prezidentiyinin min günü ərzində daim fikrində idi.”

Tarixçilər Kennedi irsinin stil və məzmunun bir-birini tamamladığı bir dövr kimi yadda qalacağını düşünür. Törston Klark:”Son aylar o, şair Robert Frostun inaqurasiya günü oxuduğu şerə uyğun olaraq hərəkət edirdi, bu da şeriyyəti hakimiyyətin gücü ilə birləşdirmək idi. O, həyatının sonunda sözlərinin şeriyyətini prezidentliyinin gücü ilə birləşdirə bilmişdi.”

Con Kennedinin ölümünün 50 ili tamam olan vaxt, “Kamelot dövrü” onun irsinin mühüm bir hissəsi olaraq yad edilir.
XS
SM
MD
LG