Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərqə İsrail və fələstinlilər arasında sülh danışıqları aparmaq ümidi ilə səfər edir

ABŞ Dövlət katibi Con Kerri İsraildə səfərdədir. O, Qüdsdə baş nazir Benyamin Netanyahu ilə görüşərək fələstinlilərin İsrail vətəndaşlarına qarşı hücumlardan sonra sülh prosesini müzakirə edib.

Kerri İsrailə fələstinlilər və İsrail arasında sülh danışıqları aparmaq ümidi ilə gəlsə də, Netanyahu bildirib ki, son hücumlardan sonra bu ümidlər boşa çıxıb.

Zorakılıqlar Kerrinin səfəri ərzində də davam edib. Fələstinli bir kişi işğal olunmuş İordan çayının Qərb sahilində maşını iki israilli əsgər və polis zabitinin üzərinə sürərək hər üçünü yaralayıb.

Kerri bu hücumları pisləyərək, bunu “terror əməli” adlandırıb. O bildirib ki, bu əməllər, eləcə də Parisdə baş verən terror hücumları sülh səylərini çətinləşdirir.

Netanyahu İsrailin “hər saat” islamçı yaraqlılara qarşı mübarizə apardığını deyib və bunu “sivilizasiyanın barbarlığa qarşı mübarizəsi” adlandırıb.

Kerri həmçinin İordan çayının Qərb sahilində fələstinli lider Mahmud Abbasla görüş keçirəcək.

Görüşlərdən öncə ABŞ-ın yüksək səviyyəli rəsmisi diqqət mərkəzində hər iki tərəfi gərginliyin azaldılmasına çağırmaq olduğunu deyib.

XS
SM
MD
LG