Accessibility links

Nümayəndələr Palatasına 80, Senata isə 20 qadın üzv seçilib

Noyabrın 6-da ABŞ-da Konqres seçkilərində Nümayəndələr Palatası və Senata rekord sayda qadın seçilib. Yanvar ayında yeni Konqres işinə başlayan zaman Nümayəndələr Palatasında 80, Senatda isə 20 qadın olacaq. Onların çoxu demokratlardır.

Konqresin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi keçirdiyi mətbuat konfransı zamanı Konqresə seçilmiş yeni qadın namizədlər tərəfindən əhatə olunmuşdu. Pelozi Nümayəndələr Palatasının tarixində ilk dəfə olaraq demokrat qadınlar və azlıqların nümayəndələrinin ağ kişi namizədlərdən sayca daha çox olduğunu qeyd etdi. Nensi Pelozi:“Bu, dünya tarixində müxtəliflik baxımından ilk belə məclisdir, ilk dəfədir ki, parlamentdə bir partiyada qadın və azlıqlar sayca çoxluq təşkil edir.”

Nensi Pelozi deyib ki, noyabr seçkilərində demokrat qadınların qələbəsi onun Demokratların lideri kimi vəzifədən gedib-getməməsi haqda qərarına təsir edən əsas amillərdən biri olmuşdur. Pelozi onu dövrəyə almış qadınlara “bacılar” deyə müraciət etmişdir. Nensi Pelozi: “Mən Nümayəndələr Palatasında Demokratların lideri kimi öz adımı bir daha həmkarlarıma təqdim edəcəm.”

Nensi Pelozi Birləşmiş Ştatlar tarixində Nümayəndələr Palatasının ilk qadın spikeri kimi iki müddət xidmət edib. O, prezident Barak Obamanın səhiyyə islahatlarına dair qanun layihəsinin təsdiqinə nəzarət edirdi.

100 qanunvericinin mövcud olduğu Senatın 20 faizi indi qadınlardan ibarət olacaq. Bunların 16-ı demokrat, dördü isə respublikaçıdır. Bütün səslər hesablanandan sonra yanvar ayında Nümayəndələr Palatasında vəzifəsinin icrasına başlamaq üçün 19 respublikaçı qadın səs verəcək.

Nümayəndələr Palatasına yeni seçilmiş qadınlardan biri Florida ştatının təmsilçisi Luiz Frankeldir. O, qadınların hökuməti kişilərdən fərqli şəkildə idarə etdiyinə inandığını deyir və bunun səbəbini qadınların uşaqlar və yaşlı valideynlərinin qeydinə qalmaq kimi missiyası ilə izah edir. Luiz Frankel: “Mən inanıram ki, biz fərqli perspektiv gətiririk, çünki mənim kimi bir çoxlarının ailəsi olmaqla yanaşı, biz həm də işləyirik.”

Cess Makintoş demokrat qadınların Konqresə seçilməsi istiqamətində fəaliyyət göstərən Emily’s List adlı təşkilatın sözçüsüdür. O deyir ki, araşdırmalar qadınların hakimiyyət strukturlarında daha çox güzəştə getdiyini göstərir, bu isəABŞ-ın qarşılaşdığı büdcə problemlərinin həllində olduqca mühüm faktor ola bilər. Cess Makintoş: “Siyasi səhnədə belə bir qütbləşmənin mövcud olduğu vaxt konsensus əldə etmək olduqca çətindir. Qadınların qanunvericilik prosesində əməkdaşlığa daha çox meylli olması nəzərə alınsa, bu, ölkə üçün çox yaxşı bir haldır.”

Vaşinqtondakı Amerika universitetində siyasi elmlər üzrə mütəxəssis Cennifer Louless qadınların Konqresdə daha çox təmsil olmasını alqışlayır. Lakin o, inkişaf üçün daha böyük imkanların olduğunu qeyd edir, çünki qadınlar ölkə əhalisinin 50 faizini təşkil etsə də, federal hökumətdə indiyə kimi kifayət qədər təmsil olunmayıb.
XS
SM
MD
LG