Accessibility links

Corc Buşdan məşhur aparıcıya sürpriz



ABŞ-ın keçmiş prezidenti Corc Buş Amerikanın NBC televiziyasında məşhur gecə şousunun aparıcısı Cey Lenoya sürpriz edib. The Tonight Show with Jay Leno proqramında rəssamlıqla məşğul olduğundan danışan cənab Buş bunu ciddi qəbul etdiyini deyib və sözlərinə sübut olaraq Cey Lenoya onun özünün çəkdiyi portretini təqdim edib.

Portreti qəbul edən Cey Leno təəccübünü gizlədə bilməyib, amma belə qiymətli hədiyyəni aldıqdan sonra keçmiş prezidenti gülüş hədəfinə çevirə bilməcəyindən təəssüf hissi keçirdiyini bildirib.

ABŞ-ın 43-cü prezidenti özü də müsahibə boyu zarafatdan qalmayıb. Cənab Buşun sözlərinə görə, o, Texasda rəssamlıq dərsləri almaq üçün dəvət etdiyi fırşa ustasına deyib: “Bu vücudda bir Rembrant gizlənib. Sizin işiniz onu tapmaqdan ibarətdir.”





Şou zamanı prezident Buş hazırda ölkədə müzakirə edilən siyasi mövzulara toxunmaq istəməyib. Amerikanın keçmiş birinci xanımı Lora Buş da söhbətə qatılıb. Xanım Buş evliliklərinin bu yaxınlarda 36-cı ildönümü münasibətilə cənab Buşun ona hədiyyə etdiyi mirvari muncuğu nümayiş etdirib. Buşlar böyük məmmuniyyətlə ilk nəvələrindən danışıblar.
XS
SM
MD
LG