Accessibility links

Corc Meyson Universitetində Dağlıq Qarabağ sülh danışıqlarına dair simpozium keçirildi

  • Əsgər Möhsümoğlu

Corc Meyson Universitetində Dağlıq Qarabağ sülh danışıqlarına dair simpozium keçirildi

Corc Meyson Universitetində Dağlıq Qarabağ sülh danışıqlarına dair simpozium keçirildi

Oktyabrın 15-də Corc Meyson Universitetinin Konflikt Təhlili və Həlli Məktəbinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları mövzusunda simpozium keçirildi. Simpoziumun məramı qeyri-rəsmi və qeyri-diplomatik kanallar vasitəsi ilə münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına yardım etmək idi. Simpoziumun natiqləri sırasında Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri ilə yanaşı sivil cəmiyyət təmsilçiləri və təhsil ocaqlarının yetirmələri var idi. İştirakçılar münaqişə tərəfləri arasındakı başlica ixtilaf nöqtələrini, o cümlədən ortaq mövqeləri nəzərdən keçirdilər.

Simpoziumun səhər sessiyası rəsmi dövlət nümayəndələrinin çıxışları ilə başladı. Ermənistanın ABŞ-dakı diplomatı Varujan Nersesyan Corc Meyson Universitetinə təmas formatlı simpozium təşkil etdiyinə görə təşəkkür etdi. Cənab Nersesyan Azərbaycan və Ermənistan təmsilçilərinin bir araya gələrək Dağlıq Qarabağ münaqişəsi haqda fikir mübadiləsi aparmasını müsbət hal kimi dəyərləndirdi. Erməni diplomat rəsmi Bakının sülh danışıqlarında sərt mövqe tutduğunu söylədi, və bildirdi ki, Azərbaycanın güzəştə getməməsi danışıqlar yolunda basilica maneə təşkil edir. Varujan Nersesyan habelə Azərbaycan rəhbərliyinin müharibə ritorikasından istifadə etməsini mənfi hal kimi dəyərləndirdi. Daha sonar söz alan Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Elman Abdullayev konfliktin 20 il çəkməsinə diqqət yetirərək Azərbaycanın üzləşdiyi qaçqın problemi haqda danışdı. Cənab Abdullayev bildirdi ki, yaranmış status-kvo Azərbaycan vətəndaşlarının maraqlarına cavab vermir və evlərindən didərgin düşmüş insanların vətənlərinə qayıtması üçün tezliklə şərait yaradılmalıdır. Eyni zamanda cənab Abdullayev iki dövlət liderləri arasında mütəmadi keçirilən sammitlərin tərəfləri sülhə yaxınlaşdırdığı qənaətində olduğunu söylədi. Vaşinqtonda qərargahlanan Karnegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas De Vaal tərəflərin bir-birinə hörmətlə yanaşmasının vacibliyini vurğuladı. O, erməni tərəfin Azərbaycanın işğal edilmiş torpaqları haqda çox qayğılanmamasından, eyni zamanda Azərbaycan tərəfinin Dağlıq Qarabağ ermənilərinin hüquqlarına kifayət qədər diqqət yetirməməsindən gileyləndi. Tomas De Vaal tərəfləri keçmişin yükünü arxada qoyaraq gələcəyə doğru baxmağa çağırdı.

Bakıda qərargahlanan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Gülşən Paşayeva Dağlıq Qarabağ məsələsi ilə işğal edilmiş torpaqlar məsələsi arasında fərq qoyulmasının vacib olduğunu qeyd etdi. Onun sözlərinə görə Dağlıq Qarabağ azərilərinin sülh prosesindən kənarda saxlanması məsələnin həllinə əngəl törədən faktorlardandır. Xanım Paşayeva konfliktin qısa tarixçəsi və beynəlxalq sülh səyləri haqda danışdı. Yerevanda Regional Araşdırmalar Mərkəzinin sədri olan Riçard Giraqosyan tərəfləri bir-birinin mövqeyini anlamağa və həqiqi dialoq qurmağa səslədi. O, hesab etdiyini bildirdi ki. Azərbaycan və Ermənistan tərəfləri arasında bir sıra məsələlər var ki, ümumi maraqlar sferasına daxildir. O, qarşılıqlı etimadın gücləndirilməsi üçün sırf local səviyyədə yerli sakinlər arasında təmas yaradılmasının mühümlüyünü qeyd etdi. Cənab Giraqosyanın sözlərinə görə insanların gündəlik həyatına təsir göstərən problemlərin müştərək səylər əsasında aradan qaldırılması bir-birinə inamın inkişaf etdirilməsinə böyük töhfə vermiş olardı.

Sivil cəmiyyət nümayəndələrinin panel diskussiyasında həm Ermənistan həm də Azərbaycanı təmsil edən QHT mənsubları xalqlararası dialoq barədə öz fikirlərini bölüşdülər. Yerevanda qərargahlanan Sivil Forum təşkilatının sədri Marine Manuçaryan Ermənistanda son zamanlar baş qaldırmış anti-Azərbaycan sentimentlərindən söz acid. Onun sözlərinə görə Azərbaycanın Dağlıq Qarabağ məsələsində sərt mövqe sərgiləməsi ilə bağlı formalaşan təsəvvür azərbaycanlılara qarşı mənfi hisslərə yol açıb. O, Azərbaycan mədəniyyətinə dair Yerevenda bir neçə tədbir təşkil etmək cəhdlərindən, lakib bu səylərin qarşı tərəfdən cavab gəlmədiyinə görə iflasa uğramasından danışdı. Konflikt Transformasiyası üçün İmagine Mərkəzini təmsil edən Arzu Qeybullayeva onlayn şəbəkələrdə azərbaycanlı və erməni gənclərin təmaslarından, Dağlıq Qarabağ mövzusunda diskussiyalarından söz açdı. O, bildirdi ki, virtual məkanda fikir mübadiləsi aparmağın asanlığı tərəflər arasında dialoq səylərinə yardımçı olur. Eyni zamanda Qeybullayeva, bu səylərə dövlət səviyyəsində dəstək verilməsinin vacibliyini qeyd etdi.

Simpoziumun işinə qatılan başqa iştirakçılar Dağlıq Qarabağ münaqişəsinin dinc həll yollarını və xalqlararası diplomatiyada yeni cığırların inkişaf etdirilməsi yolları üzərində müzakirələri davam etdirdilər. Corc Meyson Universitetinin təşkil etdiyi bu simpozium qeyri-rəsmi sülh danışıqları serialında sivil cəmiyyət nümayəndələrini bir araya gətirmək məqsədi ilə keçirilən forum idi.

XS
SM
MD
LG